İlham Yadullayev: "Messini "silmişdilər", əvvəlki performansını göstərə bilməyəcəyini düşünürdülər"
sizinxeber.az xəbər saytı

İlham Yadullayev: "Messini "silmişdilər", əvvəlki performansını göstərə bilməyəcəyini düşünürdülər"


DÇ-2026 başlamamışdan əvvəl Argentina millisinin futbolçusu Lionel Messinin əvvəlki performansını göstərə bilməyəcəyini düşünənlər çox idi.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu İlham Yadullayev deyib.

Mütəxəssi ABŞ, Kanada və Meksikada keçirilən mundialda komandaların aqressiv və istəkli olduqlarını vurğulayıb:

"Dünya çempionatında I turun qarşılaşmaları olduqca maraqlı keçdi. Xüsusən Meksika və Cənubi Afrika Respublikası arasında baş tutan görüşü qeyd edərdim. Oyun qırmızı vərəqlərlə yadda qaldı. Taktiki gedişlər izləməsək də, komandaların çox aqressiv və istəkli olduqları göründü. Mübarizə aparan hər bir kollektiv xal qazanmaq niyyətindədir".

O, bəzi favorit komandaların xal itirməsini turnirin sensasiyası adlandırıb:

"Ümumiyyətlə, hər oyun maraqlıdır və gözlənilməz nəticələr görə bilərik. Əsas favoritlərdən olan İspaniyanın Kabo Verde ilə heç-heçə etməsi gözlənilməz oldu. Portuqaliya da, erkən qol vurmasına baxmayaraq, üstünlüyünü qoruya bilmədi və matç heç-heçə bitdi. Düşünürəm ki, II turda xal qazanacaqlar. İngiltərənin Xorvatiya ilə matçdakı çıxışı çox xoşuma gəldi. Komanda bu çempionatın əsas favoritlərindəndir. İddialılardan biri də Argentinadır. Düşünürəm ki, favoritlət növbəti oyunlarda sözlərini deyəcəklər".

Millinin sabiq futbolçusu turnirin ümumi gedişatına toxunub:

"Dünya çempionatlarında ilk turlar həmişə çətin keçir, çünki bütün rəqiblər aqressiv mübarizəyə üstünlük verir. Lakin fikrimcə, II və III turlarda favoritlər öz oyunlarını taparaq pley-off mərhələsinə yüksələcəklər. Almaniya, Braziliya, İspaniya, Portuqaliya və İngiltərə yığmaları əsas favoritlərdir".

Yadullayev fərdi oyunu ilə seçilən futbolçuları və gənc istedadları fərqləndirib:

"Lionel Messi sözünü yenidən deyərək komandasına qələbə qazandırdı. Halbuki onu "silmişdilər", əvvəlki performansını göstərə bilməyəcəyini düşünürdülər. İngiltərə millisinin bütün futbolçuları keyfiyyətlidir, Harri Keyn isə əsl "qol maşını"dır. Fransa yığmasında Kilian Mbappe yüksək performans nümayiş etdirir. Gənclərdən isə Fransa millisinin futbolçusu Maykl Olise böyük potensiala malikdir və onun bu çempionatda sözünü deyəcəyinə inanıram".

Qeyd edək ki, 48 komandanın iştirak etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Lionel Messinin komandası MLS-də mübarizəni dayandırıb
Kabo Verde millisinin baş məşqçisi: "İspaniya ilə heç-heçə komandanın potensialını göstərir"
İlham Yadullayev: "Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs oldu"
Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq
DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər