Məhəmməd Əl-Casir: "Hərəkət imkanını artırmaq iqtisadi inkişafa təsir edir"
sizinxeber.az xəbər saytı

Məhəmməd Əl-Casir: "Hərəkət imkanını artırmaq iqtisadi inkişafa təsir edir"


Yol, metro və səhiyyə layihələri milyonlarla insanın həyatını dəyişir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Qrupun Prezidenti Məhəmməd Əl-Casir bildirib.

"Real nümunələr mövcuddur. Məsələn, Qambiyada iki şəhəri birləşdirən yolun tikintisini maliyyələşdirmişik. Əvvəllər onlar arasında avtomobillə hərəkət 12 saat çəkirdisə, indi həmin məsafəni 4 saata qət etmək mümkündür. Bu, malların, xidmətlərin və insanların hərəkətini əhəmiyyətli dərəcədə sürətləndirib. Söhbət təkcə ölkələrarası inteqrasiyadan getmir. Bəzən eyni ölkə daxilində regionlar arasında inteqrasiyanın gücləndirilməsi daha böyük təsir yaradır. Elə bölgələr var ki, çoxlu kənd təsərrüfatı məhsulu istehsal edir, lakin bazarlara çıxış imkanları məhdud olduğundan məhsullar xarab olur. Digər bölgələr isə ərzaq çatışmazlığı ilə üzləşir. Məhz buna görə inteqrasiya fəaliyyətimizin əsas istiqamətlərindən biridir və həyata keçirdiyimiz layihələrin əksəriyyətində bu yanaşmanı görmək mümkündür", - deyə o qeyd edib.

Əl-Casir həmçinin deyib ki, Seneqalın paytaxtı Dakarda şəhərdaxili nəqliyyat və hərəkətliliklə bağlı ciddi problemlər mövcud olub: "Biz metro layihəsinin maliyyələşdirilməsinə dəstək verdik. Metro fəaliyyətə başladığı ilk ildə 100 milyondan çox sərnişinə xidmət göstərərək tam gücü ilə işlədi. Bu səbəbdən biz artıq onun genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi üzərində çalışırıq. İnsanların hərəkət imkanlarının yaxşılaşdırılması iqtisadi inkişafa təsir edir. Bu cür layihələr inkişafı sürətləndirən əsas vasitələrdən biridir. Bəzi ölkələrdə isə sıx məskunlaşmış ərazilərdə tikilən cəmi bir xəstəxana gözlənilən ömür uzunluğunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmişik".

"Afrikanın bəzi bölgələrində qarşısı alına bilən korluq halları da ciddi problemlərdən biridir. Bu sahədə xeyriyyə layihələri həyata keçiririk. Üzv ölkələrdən olan oftalmoloqlar könüllü şəkildə öz vaxtlarını ayıraraq həmin bölgələrə səfər edir, katarakta əməliyyatları həyata keçirir və insanların yenidən normal, məhsuldar həyata qayıtmasına kömək edirlər. Bizim həm həyata keçirdiyimiz, həm də gələcəkdə reallaşdıra biləcəyimiz çoxsaylı təşəbbüslər var. Bütün bunlar daha güclü inteqrasiyaya, daha yüksək rifaha və daha sürətli inkişafa xidmət edir. Çünki son nəticədə insanların gələcəyə ümidlə baxmasına ehtiyac var. Ümidin bərpası iqtisadi inkişafın vacib elementlərindən biridir. Əgər insanlar gələcəyə inamını itirərsə, digər tədbirlərin təsiri də məhdud olacaq", - deyə Qrupun Prezidenti əlavə edib.

Oxşar xəbərlər

Məhəmməd Əl-Casir: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
Məhəmməd Əl-Casir: "Mərkəzi Asiya və Qafqazda siyasi maneələrin böyük hissəsi aradan qaldırılıb"
IsDB prezidenti: "Azərbaycan böyük inkişaf perspektivlərinə malik ölkədir"
IsDB: Azərbaycanla dəyəri 430 milyon dollardan çox olan iri layihə üzərində işləyirik
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər