Nazir: "Misir və Azərbaycan infrastruktur, İT və energetika sahələrində tərəfdaşlığı inkişaf etdirə bilər" - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Nazir: "Misir və Azərbaycan infrastruktur, İT və energetika sahələrində tərəfdaşlığı inkişaf etdirə bilər" - EKSKLÜZİV


Misir iqtisadi inkişaf planlarının hazırlanması, iqtisadi prioritetlərin müəyyənləşdirilməsi və dövlət-özəl tərəfdaşlığının (PPP) inkişafı sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir.

Bu barədə "Sizinxeber.az"a Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində bildirib.

Nazir dəqiqləşdirib ki, Azərbaycana gəlməzdən əvvəl ölkənin Qahirədəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşmək imkanı olub.

"Biz bir sıra əməkdaşlıq istiqamətlərini nəzərdən keçirdik. Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla da görüşüm planlaşdırılıb. Misirin Planlaşdırma və İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasının monitorinqi və keyfiyyətli məlumat bazalarının yaradılması üçün innovativ həllərin axtarışıdır.

Bu cür bazalar siyasəti etibarlı məlumatlar əsasında qurmağa və Misirdə DİM-rinə doğru irəliləyişin dinamikasını izləməyə imkan verir. Mən bu təcrübəni Azərbaycanın müvafiq nazirlikləri, ilk növbədə, İqtisadiyyat Nazirliyi və digər qurumlarla birgə seminarlar vasitəsilə ötürməkdən çox məmnun olardım. Biz hər iki ölkənin konkret ehtiyacları əsasında məlumatların keyfiyyətinin artırılması yollarını birgə araşdıra bilərik. Hesab edirəm ki, bu, qarşılıqlı maraq olduğu təqdirdə, o cümlədən iqtisadi planların qurulması məsələlərində potensial tərəfdaşlıq və əməkdaşlıq üçün perspektivli platforma ola bilər", - A.Rostom bildirib.

Nazir Misir təcrübəsini bölüşmək və eyni zamanda iqtisadi inkişaf planlarının tərtibi, iqtisadi prioritetlərin müəyyən edilməsi və dövlət-özəl tərəfdaşlığının (PPP) təşviqi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istədiyini vurğulayıb.

"Mən Bakıya tərəfdaşlıq perspektivlərini öyrənmək məqsədilə gəlmişəm. Xatırladım ki, ən yüksək səviyyədə iki görüş keçirilib. Əvvəlcə Misir Prezidenti Bakıya səfər edib, bundan sonra isə Prezident İlham Əliyevin Misirə cavab səfəri baş tutub. Artıq strateji münasibətlər prezidentlər səviyyəsinə yüksəldilib. İqtisadi inkişaf planları və iqtisadi əməkdaşlıq sahəsində birgə tərəfdaşlıq və bilik mübadiləsi ideyaları indi tamamilə əsaslandırılıb. Bakıya hazırkı səfərimin məqsədlərindən biri də məhz budur", - nazir əlavə edib.

Potensial imkanlardan danışan A.Rostom onların ən müxtəlif sektorlarda mövcud olduğunu diqqətə çatdırıb.

"Lakin biz bu qərarı özəl sektora həvalə edirik, çünki məhz o, hər iki ölkədə bu və ya digər təşəbbüslərin səmərəliliyini müəyyən edən əsas amildir. Prioritet istiqamətlər arasında infrastrukturu, informasiya texnologiyalarını, neft-qaz sahəsini, neft emalı və boru kəmərlərinin inşasını, həmçinin mənzil tikintisi və əczaçılıq sahələrini qeyd etmək olar. Hesab edirəm ki, Misirin özəl sektoru məhz bu sahələrdə böyük təcrübəyə malikdir və iqtisadi əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi üçün Azərbaycandan olan həmkarlarla tərəfdaşlıq qurmağa qadirdir. Bundan başqa, bərpa olunan enerji, neft-qaz sektoru və müvafiq infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensial var. Xüsusilə Misir boru kəmərlərinin inşası sahəsində böyük təcrübə toplayıb və bunu Azərbaycanla bölüşməyə hazırdır", - nazir vurğulayıb.

Oxşar xəbərlər

Ahmed Rostom: "Misir İslam maliyyəsi hesabına maliyyələşmə xərclərini azaltmağa nail olub"
Azərbaycan Misirin "ağıllı şəhər"lərin yaradılması təcrübəsində maraqlıdır
Nazir: "İsƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə kəsir ildə 290 milyard dollardır"
Azərbaycan və Misir iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər