Ülviyyə Cabbarova: "Azərbaycan sığortanın nüfuzetmə səviyyəsinin artırılması üçün əhəmiyyətli potensiala malikdir"
sizinxeber.az xəbər saytı

Ülviyyə Cabbarova: "Azərbaycan sığortanın nüfuzetmə səviyyəsinin artırılması üçün əhəmiyyətli potensiala malikdir"


Azərbaycan sığortanın nüfuzetmə səviyyəsini artırmaq üçün əhəmiyyətli potensiala malikdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

"Bizim məqsədimiz bu imkanları tam şəkildə reallaşdırmaqdır. Bununla yanaşı, bizim üçün yalnız kəmiyyət artımı prioritet deyil. Əsas vəzifə ondan ibarətdir ki, sığorta vətəndaşların gündəlik həyatında daha əhəmiyyətli yer tutsun, cəmiyyətin və iqtisadiyyatın dayanıqlı inkişafına daha sanballı töhfə versin.

Sürətlə dəyişən dünyada risklər artır, gözləntilər transformasiyaya uğrayır və sığortanın əhəmiyyəti heç vaxt olmadığı qədər yüksəlir", - Ü.Cabbarova vurğulayıb.

ASA-nın Müşahidə Şurasının sədri qeyd edib ki, günümüzdə sığorta artıq sadəcə zərərlərin kompensasiyası aləti deyil: "O, insanlara gələcəyi daha inamlı şəkildə planlaşdırmağa imkan verir, ailələrin maliyyə müdafiəsini təmin edir və gözlənilməz təhdidlər qarşısında biznesin dayanıqlığını artırır".

Onun sözlərinə görə, qlobal sığorta bazarında müzakirələrin mərkəzi mövzuları transformasiya olunan risklər və bu çağırışlara cavab verən yeni həllər ətrafında cəmləşir: "Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kibertəhdidlərin yayılması və bir sıra digər nüanslar sığorta sahəsi qarşısında yeni vəzifələr formalaşdırır. Bu çağırışlar bizi daha böyük çeviklik nümayiş etdirməyə, innovativ məhsullar hazırlamağa və müştərilərin dəyişən tələblərinə operativ şəkildə uyğunlaşmağa vadar edir.

Bu məqsədlə "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində qarşıdakı dövr üçün - sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin tətbiqi, könüllü sığortanın inkişafı və maliyyə xidmətlərindən istifadə üçün daha geniş imkanların formalaşdırılması əsas prioritetlər kimi müəyyən edilib. Hesab edirəm ki, bu sənəd sadəcə dövlət proqramı deyil, sığorta bazarının gələcək inkişafı üçün ən mühüm yol xəritəsidir. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq yalnız dövlət orqanlarının deyil, eyni zamanda bazarın bütün iştirakçılarının birgə məsuliyyətidir. Əminəm ki, əməkdaşlıq və sinerji sayəsində sığorta sahəsinin inkişafını daha da sürətləndirə biləcəyik".

Oxşar xəbərlər

Seymur Səfərli: "Aqrar sığortanın əhatə dairəsi artır"
Azər Əmiraslanov: "Azərbaycan sığorta bazarının yeni inkişaf strategiyasını hazırlayır"
Ekspert: Çin şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün əhəmiyyətli potensiala malikdir
ASA sədri: Ötən il sığorta bazarının həcmi 1,3 mlrd. manatı ötüb
Koşerbayev: Qazaxıstan-Azərbaycan münasibətləri əhəmiyyətli potensiala malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər