Zeynal Nağdəliyev: Pambıqçılıqda inkişafın əsas istiqaməti intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir
sizinxeber.az xəbər saytı

Zeynal Nağdəliyev: Pambıqçılıqda inkişafın əsas istiqaməti intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabada keçirilən regional müşavirədə icra hakimiyyəti başçıları, pambıqçılıq şirkətləri və iri fermer təsərrüfatlarının nümayəndələrinin pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələrini açıqlayıb.

APA-nın yerli müxbiri xəbər verir ki, Prezidentin köməkçisi bildirib ki, yerli icra hakimiyyəti orqanları yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin inkişaf etdirilməsi, pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün zəruri olan bütün tədbirləri görməli, yerli imkanlardan istifadə etməklə bu məsələnin fermerlər və sahibkarlar arasında təbliğini gündəlik vəzifələrinə çevirməli, bu işin əsas təşkilatçıları kimi çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməli, sahibkar və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün müvafiq tədbirləri həyata keçirməli, pambıqçılıq rayonlarında əkin sahələrinin dəqiq müəyyən edilməsinə, fermerlərlə şirkətlər arasında müqavilələrin bağlanmasına dəstək göstərməli, pambıq sahələrində şum, səpin, aqrotexniki qulluq tədbirləri və suvarmanın vaxtında aparılması işlərinə nəzarəti gücləndirilməlidirlər: “Eyni zamanda rayonlar üzrə pambıq əkini nəzərdə tutulan sahələrdə mövcud problemlər sistemləşdirilməli, suvarma kanallarının təmizlənməsi, sahələrədək suvarma şəbəkəsinin çəkilməsi, təsərrüfatlara gedən yolların təmiri və infrastruktur problemlərinin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalı və icrasına nail olmalıdırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, qarşımıza qoyulmuş vəzifələrin icrası ilə əlaqədar təşkilatı işlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün qurumların üzərinə düşür”.

Zeynal Nağdəliyev diqqətə çatdırıb ki, tək məhsuldarlığın artırılması, mahlıc ixracı yox, həm də emal məhsullarının ixracı əsas hədəf olmalıdır. Ölkədə istehsal olunmuş mahlıc daxildə iplik, parça və geyim istehsalına yönləndirilməlidir: “Başqa sözlə, pambıqçılıqda inkişafın əsas istiqaməti ekstensiv artımdan intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir. Hesab edirik ki, bu sahədə çalışan hər bir sahibkar cənab Prezidentin çağırışına qoşularaq Dövlət Proqramının icrasına mütləq qaydada öz töhfələrini verməlidirlər. Dövlət Proqramının icrasında cənab Prezidentin özəl sektorun rolunu xüsusi vurğulaması bir daha onu göstərir ki, kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılığın da dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, emal müəssisələrinin, logistika şirkətlərinin, texnologiya və suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür. Eyni zamanda fermerlərlə münasibətlər şəffaf və etibarlı əsasda qurulmalı, müqavilə öhdəliklərinin vaxtında icrası təmin edilməli, idarəetmə və planlaşdırma mexanizmləri müasir tələblərə uyğunlaşdırılmalıdır. Aqrotexniqki qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılması məqsədilə planlamanın düzgün təşkilinə, aqrotexniki tədbirlər üçün tələb olunan maliyyə vəsaitlərinin vaxtında təmin olunması üçün tədbirlər görməlidirlər.

Beləliklə qarşıdakı dövrdə özəl sektor sadəcə istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər qatır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir həlqəsi qırıldıqda, istehsalda əldə edilən nəticə iqtisadi dəyərə tam çevrilə bilmir.

Yekun olaraq qeyd etmək lazımdır ki, pambıqçılıqda qarşıya qoyulan hədəflərə nail olmaq üçün bütün tərəflərin əlaqələndirilmiş fəaliyyəti vacibdir. Su və enerji təminatının yaxşılaşdırılması, texnika parkının yenilənməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması, kadr potensialının gücləndirilməsi, toxumçuluğun təşkili və məhsulun satışında koordinasiyanın artırılması sahənin dayanıqlı inkişafı üçün əsas şərtlərdir.

Yalnız birgə və sistemli fəaliyyət nəticəsində pambıqçılıqda məhsuldarlığın artırılmasına, fermerlərin gəlirlərinin artırılmasına, habelə emal sənayesinin inkişafına, şirkətlərin dayanıqlı fəaliyyətinə və pambıqçılığın daha rəqabətqabiliyyətli sahəyə çevrilməsinə nail olmaq olar. Bu sahədə çalışan bütün tərəflər riskləri nəzərə almalıdırlar.

Qəbul edilən vəzifələrin icrasının dörd il yarım ərzində həyata keçirilməli olduğunu nəzərə almaqla cənab Prezidentin tapşırıqlarını rəhbər tutaraq, bu Proqramın icrasına dərhal, vaxt itirmədən başlamalıyıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş vəzifələrin icrasına bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunması və özəl sektorun investisiya, habelə idarəetmə imkanlarının səfərbər edilməsi nəticəsində tam nail ola bilərik”.

Oxşar xəbərlər

İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək
Prezidentin köməkçisi: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
Əziz Əzizov: Aqrar sahədə islahatlar pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər