Əliyar Məmmədyarov: "Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyib"
sizinxeber.az xəbər saytı

Əliyar Məmmədyarov: "Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyib"


Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, son iki il ərzində sığorta haqları 23 % artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 % artaraq 0,9 milyard manata çatıb: "Sektorun aktivləri 18 % artaraq 2,1 milyard manata çatıb. Sektorun kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib, məcmu kapitalın həcmi requlyativ kapital tələbini 2 dəfə üstələyib. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir".

Ə. Məmmədyarov bildirib ki, əldə olunan nəticələr mühüm əhəmiyyət daşısa da, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan strateji hədəflər də kifayət qədər genişdir: "Hazırda Mərkəzi Bank tərəfindən növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır. Növbəti strateji dövrdə risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının tətbiqi, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi və rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər sırasında olacaqdır".

AMB rəsmisi növbəti strateji dövrdə nəzərdə tutulan bu prioritetlərin risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim olunmasına və nəticə olaraq, sektorun institusional potensialının reallaşmasında öz töhfəsini verəcəyinə inam ifadə edib: "Sığorta sektorunun gələcək inkişafının təmin olunması və müasir dövrün yaratdığı yeni çağırışlara çevik və adekvat cavab verilməsi yalnız qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyət nəticəsində mümkündür".

Oxşar xəbərlər

Azərbaycan sığortaçıları məcmu aktivlərini 15 % artırıb
Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manata yaxınlaşıb
Azərbaycanın 15 sığortaçısının məcmu aktivləri 3 %-dən çox artıb
AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
"Meqa Həyat Sığorta"nın aktivləri 26 %-ə yaxın azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər