Avrasiya İnkişaf Bankı: Nəqliyyat sektoru Azərbaycanla gələcək əməkdaşlığın əsas prioritetlərindəndir
sizinxeber.az xəbər saytı

Avrasiya İnkişaf Bankı: Nəqliyyat sektoru Azərbaycanla gələcək əməkdaşlığın əsas prioritetlərindəndir


Avrasiya İnkişaf Bankı Azərbaycanda bir sıra sahələrdə faydalı tərəfdaş ola bilər.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Avrasiyanın logistika qovşağı kimi: Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Cənubi Qafqaz arasında maraqların uzlaşdırılması" mövzusunda keçirilən dəyirmi masada Avrasiya İnkişaf Bankının İdarə Heyəti sədrinin müavini, baş iqtisadçı Evgeni Vinokurov bildirib.

Onun sözlərinə görə, ötən il bank rəhbərliyinin Azərbaycana ilk rəsmi səfəri baş tutub və bu səfər gələcək əməkdaşlıq baxımından böyük ümidlər yaradıb.

"Şübhəsiz ki, biz Azərbaycan Respublikası üçün ən uyğun formatda əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Bütün addımların və potensial investisiya fəaliyyətinin istiqamətlərinin Azərbaycan rəhbərliyi ilə razılaşdırılması bizim üçün prinsipial əhəmiyyət daşıyır.

Daxili təhlillərimiz göstərir ki, biz Azərbaycanda bir sıra sahələrdə faydalı tərəfdaş ola bilərik. Bunlara sənayenin, elektroenergetikanın, o cümlədən təkcə bərpa olunan enerji mənbələrinin deyil, həm də ənənəvi energetika sahələrinin — təmiz kömür texnologiyalarından təbii qaza qədər — maliyyələşdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi və, əlbəttə ki, nəqliyyat sektoru daxildir", — Evgeni Vinokurov qeyd edib.

O qeyd edib ki, nəqliyyat sektoru Avrasiya İnkişaf Bankının fəaliyyətində əsas və ən güclü istiqamətlərdən biridir. Bank bu sahədə geniş təcrübə toplayıb, dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələrinin və digər iri infrastruktur layihələrinin həyata keçirilməsi üzrə mühüm ekspertizaya malikdir.

"Söhbət dəmir və avtomobil yollarından, limanlardan, hava limanlarından, şəhər infrastrukturundan, o cümlədən metro sistemlərindən, metro üçün hərəkət tərkibindən, eləcə də 1520 mm enli dəmir yolu məkanında istifadə olunan vaqon və lokomotivlərdən gedir.

Azərbaycan kontekstində isə buna Xəzər dənizində gəmiçilik və gəmiqayırma sahələri də əlavə olunur", — deyə o bildirib.

Evgeni Vinokurov vurğulayıb ki, nəqliyyat sektoru Avrasiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında gələcək əməkdaşlığın ən perspektivli və prioritet istiqamətlərindən biridir.

Oxşar xəbərlər

Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
Avrasiya İnkişaf Bankı Bakıda görüşlər keçirir
Belarus səfiri: Azərbaycanla nəqliyyat-logistika sahəsində əlaqələrin inkişafı böyük əhəmiyyət daşıyır
Mərkəzi Bankla Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər