Zeynal Nağdəliyev:  "Fermer və sahibkarlar üçün yeni hədəflər müəyyənləşib"
sizinxeber.az xəbər saytı

Zeynal Nağdəliyev: "Fermer və sahibkarlar üçün yeni hədəflər müəyyənləşib"


Fermer və sahibkarlar üçün yeni hədəflər müəyyənləşib.

"Sizinxeber.az"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev müşavirədəki çıxışında özəl sektorun üzərinə düşən məsuliyyəti xüsusi vurğulayaraq qeyd edib: "Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Məqsəd hər hektardan ən azı 5 ton məhsul götürməkdir. Belə olan halda 100 min hektarda 500 min ton pambıq istehsal olunacaq. Qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.

Bu yanaşma pambıqçılığın yalnız xammal istehsalı ilə məhdudlaşmadığını, tarladan başlayaraq iplik, parça, tekstil və hazır məhsul istehsalını əhatə edən tam dəyər zənciri üzrə inkişaf etdirilməsinin vacibliyini göstərir. Cənab Prezidentin qeyd etdiyi kimi, əsas məqsəd yalnız məhsuldarlığın artırılması və mahlıc ixracının genişləndirilməsi deyil, eyni zamanda emal sənayesinin inkişaf etdirilməsi və əlavə dəyər yaradan məhsulların ixracının artırılmasıdır. Ölkədə istehsal olunan mahlıc daxildə emal olunmalı, iplik, parça və hazır geyim istehsalına yönləndirilməlidir. Başqa sözlə, pambıqçılıqda inkişafın əsas istiqaməti ekstensiv artımdan intensiv, innovativ və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir. Hesab edirik ki, bu sahədə fəaliyyət göstərən hər bir sahibkar cənab Prezidentin çağırışına qoşularaq Dövlət Proqramının icrasına öz töhfəsini verməlidir".

Şöbə müdiri əlavə edib ki, Dövlət Proqramının icrasında özəl sektorun rolunun xüsusi vurğulanması bir daha göstərir ki, pambıqçılığın dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, emal müəssisələrinin, logistika şirkətlərinin, texnologiya və suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür: "Eyni zamanda, fermerlərlə münasibətlər şəffaf və etibarlı əsaslar üzərində qurulmalı, müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməli, idarəetmə və planlaşdırma mexanizmləri müasir tələblərə uyğunlaşdırılmalıdır. Aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün düzgün planlaşdırma aparılmalı, aqrotexniki tədbirlərin maliyyələşdirilməsi üçün zəruri vəsaitlərin vaxtında təmin olunması istiqamətində tədbirlər görülməlidir.

Beləliklə, qarşıdakı dövrdə özəl sektor yalnız istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər yaradır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçılar isə məhsulu xarici bazarlara çıxarırlar. Bu zəncirin hər hansı bir həlqəsinin zəifləməsi və ya fəaliyyətinin pozulması istehsalda əldə olunan nəticələrin tam iqtisadi dəyərə çevrilməsinə mane olur".

"Pambıqçılıqda qarşıya qoyulan hədəflərə nail olmaq üçün bütün tərəflərin əlaqələndirilmiş fəaliyyəti vacibdir. Su və enerji təminatının yaxşılaşdırılması, texnika parkının yenilənməsi, maliyyəyə çıxışın genişləndirilməsi, kadr potensialının gücləndirilməsi, toxumçuluğun inkişafı və məhsul satışında koordinasiyanın artırılması sahənin dayanıqlı inkişafının əsas şərtləridir. Yalnız birgə və sistemli fəaliyyət nəticəsində pambıqçılıqda məhsuldarlığın artırılmasına, fermer gəlirlərinin yüksəldilməsinə, emal sənayesinin inkişafına, müəssisələrin dayanıqlı fəaliyyətinin təmin edilməsinə və pambıqçılığın daha rəqabətqabiliyyətli sahəyə çevrilməsinə nail olmaq mümkündür. Bu baxımdan, sahədə fəaliyyət göstərən bütün tərəflər mövcud riskləri nəzərə almalı və məsuliyyətli fəaliyyət göstərməlidirlər", - deyə Z.Nağdəliyev fikrini tamamlayıb.

Oxşar xəbərlər

Zeynal Nağdəliyev: "Aqrar sektor üzrə yeni Dövlət Proqramının icrası xüsusi nəzarətdə olacaq"
Zeynal Nağdəliyev: "Azərbaycanda aqrar sahəyə 700 milyon manat investisiya qoyulacaq"
Zeynal Nağdəliyev: "Pambıqçılıqda məhsuldarlıq və rəqabətqabiliyyətlilik yeni mərhələyə keçir"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər