Zeynal Nağdəliyev:  "Pambıqçılıqda məhsuldarlıq və rəqabətqabiliyyətlilik yeni mərhələyə keçir"
sizinxeber.az xəbər saytı

Zeynal Nağdəliyev: "Pambıqçılıqda məhsuldarlıq və rəqabətqabiliyyətlilik yeni mərhələyə keçir"


Pambıqçılıqda məhsuldarlıq və rəqabətqabiliyyətlilik yeni mərhələyə keçir.

"Report"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər pambıqçılığın inkişafında yeni mərhələnin əsasını formalaşdıracaq: "Proqramın icrası nəticəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, fermer gəlirlərinin yüksəldilməsi və emal sənayesinin xammal bazasının gücləndirilməsi təmin ediləcək.

Bu proqram pambıqçılığın yalnız ilkin kənd təsərrüfatı məhsulu kimi deyil, bütövlükdə aqrar-sənaye və tekstil zəncirinin mühüm tərkib hissəsi kimi inkişafına şərait yaradacaq. Nəticədə ölkəmizdə pambıqçılıq daha məhsuldar, daha rəqabətqabiliyyətli və daha dayanıqlı sahəyə çevriləcək, regionlarda məşğulluğun artmasına, ixrac imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək".

"Xüsusi qeyd etmək istərdim ki, hazırda pambıqçılıq sahəsində ixtisaslaşmış 15 şirkət fəaliyyət göstərir və onlar bu istiqamətdə işləri uğurla həyata keçirirlər. Həmin şirkətlər kənar müdaxilə olmadan əkin sahələrini müəyyənləşdirir, fermerlərlə müqavilələr bağlayır və istehsal prosesini müstəqil şəkildə təşkil edirlər. Bu sistem artıq formalaşıb və iştirakçılar öz fəaliyyətlərini peşəkar şəkildə həyata keçirirlər. Heç bir şübhə yoxdur ki, aparılacaq müzakirələr pambıqçılıqda qarşıya qoyulan hədəflərə nail olmaq üçün icra mexanizmlərinin daha da təkmilləşdirilməsinə və qarşıdakı illərdə sahədə daha yüksək nəticələrin əldə olunmasına mühüm təkan verəcək", - deyə şöbə müdiri əlavə edib.

Bundan başqa, o deyib ki, Azərbaycanda pambıq toxumçuluğunun inkişafı dəstəklənəcək.

"İxtisaslaşmış rayonlarda məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, texnika təminatının yaxşılaşdırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi və qabaqcıl aqrotexniki yanaşmaların tətbiqi əsas prioritetlər sırasındadır. Eyni zamanda, məhsuldarlığın artırılmasına xidmət edən lazer hamarlama texnologiyasının tətbiqi, pambıq istehsalının artımına uyğun əlavə məhsul subsidiyalarının verilməsi, ölkədə pambıq toxumçuluğunun inkişaf etdirilməsi, emal sənayesinin dəstəklənməsi və zəruri meliorativ tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Pambıqçılıq sahəsində 2030-cu ilə qədər əsas hədəf orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması, emal sənayesinin inkişaf etdirilməsi və mahlıcdan istehsal olunan hazır məhsulların ixracının təmin edilməsidir" - deyə Z.Nağdəliyev əlavə edib.

Oxşar xəbərlər

Zeynal Nağdəliyev: "Azərbaycanda aqrar sahəyə 700 milyon manat investisiya qoyulacaq"
Zeynal Nağdəliyev: "Fermer və sahibkarlar üçün yeni hədəflər müəyyənləşib"
Zeynal Nağdəliyev: "Aqrar sektor üzrə yeni Dövlət Proqramının icrası xüsusi nəzarətdə olacaq"
Prezidentin köməkçisi: "Pambıqçılıqda məhsuldarlığa təsir edən problemlər müəyyən edilib"
Prezidentin köməkçisi: "Aqrar sahədə yeni mərhələ yüksək məhsuldarlığa hesablanıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər