Natiq Məmmədli: Media rəqəmsal savadlılığın artırılması, gənc nəslin qorunması istiqamətində fəaliyyət göstərməlidir
sizinxeber.az xəbər saytı

Natiq Məmmədli: Media rəqəmsal savadlılığın artırılması, gənc nəslin qorunması istiqamətində fəaliyyət göstərməlidir


Media cəmiyyətin rəqəmsal savadlılığının artırılması, gənc nəslin qorunması və onlar üçün yeni imkanların yaradılması istiqamətində ciddi fəaliyyət göstərməlidir.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib.

Natiq Məmmədli bildirib ki, jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə bu qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir: “Bu məsələ ilə bağlı ilkin müzakirələri başladan tərəflərdən biri məhz media olub. Azərbaycan mediası da bu istiqamətdə müəyyən maarifləndirici fəaliyyət həyata keçirib. Təbii ki, qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səslənəcək. Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar və yanlış şərhlər daha sürətlə yayılır. Sonradan isə biz həmin məlumatları təkzib etməyə və ya onlara düzəliş verməyə çalışırıq. Təəssüf ki, bu yanaşma hər zaman kifayət qədər effektiv olmur. Məhz buna görə də informasiya siyasətində təşəbbüsü öz əlimizə almalıyıq”.

Natiq Məmmədli hesab edir ki, bu qanun cəmiyyətə qadağa kimi deyil, uşaqlar üçün yeni imkanlar yaradan bir təşəbbüs kimi təqdim edilməlidir: “Çünki burada məqsəd sadəcə məhdudiyyət tətbiq etmək deyil. Biz nəyi məhdudlaşdırırıq? Sosial şəbəkələrdə məqsədsiz və sistemsiz şəkildə vaxt keçirilməsini. Eyni zamanda bunun alternativini də təklif etməliyik. Uşaqlara faydalı informasiya təqdim etməli, maarifləndirmə işini elə qurmalıyıq ki, sosial şəbəkələrdə keçirilən vaxtın əvəzinə kitab oxumaq, yeni biliklər əldə etmək, maraqlı məzmun yaratmaq və digər faydalı fəaliyyətlər təşviq olunsun. Şübhəsiz ki, bu gün uşaqlar və yeniyetmələr internetdən geniş istifadə edirlər. Məktəblərdə verilən bir çox tapşırıqların yerinə yetirilməsi də internet resurslarından istifadəni zəruri edir. Ona görə də məqsəd internetdən istifadənin qarşısını almaq deyil, onun daha səmərəli və təhlükəsiz istifadəsini təmin etməkdir.

Bu baxımdan rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayını artırmalıyıq ki, uşaqlar zərərli məzmunun alternativini görə bilsinlər. Hətta 18 yaşından sonra da sosial şəbəkələrdən və rəqəmsal imkanlardan məqsədsiz istifadə insanın vətəndaş kimi formalaşmasına ciddi töhfə vermir. Buna görə də rəqəmsal düşüncə və rəqəmsal mədəniyyət uşaqlarda və gənclərdə daha erkən yaşlardan formalaşdırılmalıdır. Rəqəmsal reallıq yalnız təhdidlərdən ibarət deyil, onun çox geniş və əhəmiyyətli müsbət tərəfləri də var.

Sevindirici haldır ki, insanlar artıq informasiyanın yalnız passiv istehlakçısı deyil, eyni zamanda onun istehsalçısına da çevrilirlər. Bu isə rəqəmsal və texnoloji inkişafın yaratdığı mühüm dəyişikliklərdən biridir və insanlara yeni imkanlar açır. Bu qanunun ictimai müzakirəsi ilə paralel olaraq media da öz fəaliyyət istiqamətlərini daha dəqiq müəyyənləşdirməlidir. Media cəmiyyətin rəqəmsal savadlılığının artırılması, gənc nəslin qorunması və onlar üçün yeni imkanların yaradılması istiqamətində ciddi fəaliyyət göstərməlidir. Maarifləndirmə Azərbaycan mediasının yaranışından etibarən onun əsas funksiyalarından biri olub. Düşünürəm ki, bu gündən etibarən həmin istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik”.

Oxşar xəbərlər

Natiq Məmmədli: Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır
Nazir müavini: Sosial media platformalarının siyahısı müəyyən ediləcək
MEDİA-da Monqolustan nümayəndə heyəti ilə əməkdaşlığın inkişafı müzakirə edilib
“Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir
Medianın İnkişafı Agentliyi “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər