Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
sizinxeber.az xəbər saytı

Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir


Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Mərkəzi Asiya ölkələri, habelə Azərbaycanla daha aktiv işləməyə çalışır, çünki regionun aviasiya sahəsinin normativ-hüquqi bazasının modernləşdirilməsinə ehtiyacı var.

Bunu IATA-nın Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman qurumun 82-ci illik Ümumi Yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında "Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşının sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri üçün əsas çağırışlardan biri aviasiya infrastrukturunun inkişafı olaraq qalır.

"Region ölkələrində infrastrukturun inkişaf səviyyəsi fərqlidir, lakin hamının problemləri var. Qazaxıstanda Astana hava limanının genişləndirilməsi və ya ikinci hava limanının tikintisi müzakirə olunur. Bununla belə, oradakı daxili aviareys bazarı artıq kifayət qədər inkişaf edib. Özbəkistanda da sahənin irimiqyaslı inkişafı planlaşdırılır – yaxın vaxtlarda Daşkənddə ikinci hava limanı açılacaq, lakin daxili daşımaların potensialı hələ də çox böyükdür. Hazırda region ölkələri üçün bu imkanları konsolidasiya etmək üçün əlverişli məqamdır. Bu, ekoloji təmiz aviasiya yanacağının (SAF) inkişafına da aiddir", - R. Şvartsman qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan və Özbəkistan özlərinin SAF istehsalını təşkil etmək imkanlarını nəzərdən keçirirlər.

"Lakin SAF-ın inkişafı məsələlərindən başqa, daha praktiki hədəflər də var – ənənəvi aviasiya yanacağının rəqabətədavamlı tədarükünün təmin edilməsi. Regionun bir sıra ölkələrində problem yanacağın ümumiyyətlə olmamasında deyil, ona çıxışın məhdud olmasındadır. Qazaxıstan üçün əsas məsələlərdən biri Jet A-1 markalı yanacağın istifadəsinə keçiddir. Azərbaycan üçün bunun problem olduğunu düşünmürəm – ölkə həm lazımi həcmdə yanacağa, həm də onun tədarükü üçün inkişaf etmiş logistikaya malikdir", – IATA-nın vitse-prezidenti vurğulayıb.

O, həmçinin aviasiyanın regionun iqtisadi inkişafına, ilk növbədə, turizm vasitəsilə verdiyi böyük töhfəni qeyd edib.

"Bu gün turizm sektorunda ən dinamik artımı Özbəkistan nümayiş etdirir. Ölkə turistləri cəlb edən güclü amil olan zəngin mədəni irsə malikdir. Bununla yanaşı, bütün region hələ də kifayət qədər mənimsənilməmiş böyük təbiət turizmi potensialına malikdir. Qırğızıstanın dağlıq rayonları səyahət imkanları ilə heyran edir, Qazaxıstan da bir çox unikal təbii məkanlara sahibdir, lakin onlara çıxış hələlik məhduddur. Azərbaycanda turizm infrastrukturu daha yaxşı inkişaf edib, baxmayaraq ki, gələcək artım üçün potensial da qalmaqdadır", - R.Şvartsman bildirib.

IATA-nın regiondakı fəaliyyətindən danışan vitse-prezident təşkilatın Mərkəzi Asiyada mövcudluğunu genişləndirdiyini söyləyib:

"Bizim Astanada regiondakı işləri əlaqələndirən ofisimiz var. Hazırda Özbəkistanda da fəaliyyətimizi inkişaf etdiririk. Azərbaycan isə bizim İstanbul ofisimizin məsuliyyət zonasındadır. Biz region ölkələrinə daha yaxın olmağa və dövlət strukturları ilə aktiv qarşılıqlı əlaqə qurmağa çalışırıq, çünki normativ-hüquqi bazanın modernləşdirilməsinə ciddi ehtiyac olduğunu görürük.

Bizim üçün dövlət orqanları və avia daşıyıcılarla birgə işləmək vacibdir. "Uzbekistan Airways" uzun müddətdir ki, IATA-nın üzvüdür, lakin bu gün ölkə bazarında aktiv şəkildə yeni aviaşirkətlər yaranır. Hazırda Özbəkistanda IATA-nın akkreditasiyadan keçmiş 14 agenti var – 12 sərnişin və iki yük agenti. Qazaxıstan və Azərbaycan artıq uzun illərdir, BSP sistemində işləyir və kifayət qədər yetkin bazarlardır. Biz regionun bütün ölkələrinin nəqliyyat nazirlikləri, aviasiya qurumları, hava hərəkətinin təşkili xidmətləri və hava limanları ilə daimi dialoq saxlayırıq", - R. Şvartsman fikrini tamamlayıb.

Oxşar xəbərlər

IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
Rafael Şvartsman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Rafael Şvartsman: Avropa hava limanlarının yüksək tarifləri aviaşirkətlərə zərər vurur
IATA: Avropanın hava əlaqəsində ciddi fasilələrin olması riski var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər