Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
sizinxeber.az xəbər saytı

Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA


Dünyada iqtisadi münasibətlər mürəkkəbləşdikcə etimad anlayışı daha da ön plana çıxır. İnvestorlar sərmayə qoyarkən, banklar kredit ayırarkən, səhmdar şirkətin fəaliyyətini qiymətləndirərkən ilk öncə etibarlı məlumata güvənmək istəyir. Bu etimadın formalaşmasında isə audit institutu mühüm rol oynayır. Əslində, müasir iqtisadiyyatın görünməyən dayaqlarından biri məhz auditdir. Bir çox insan audit deyəndə yalnız maliyyə hesabatlarının yoxlanılmasını təsəvvür edir. Lakin son onilliklərdə audit peşəsi böyük transformasiya yolu keçib.

Auditor artıq yalnız rəqəmləri yoxlayan mütəxəssis deyil. O, riskləri qiymətləndirən, problemləri əvvəlcədən müəyyən edən, strateji qərarların qəbuluna dəstək verən və təşkilatların etibarlılığını təmin edən tərəfdaş rolunu oynayır. Məhz buna görə də bu gün auditin inkişaf tarixini sadəcə peşənin təkamülü kimi deyil, iqtisadi etimad institutunun formalaşması prosesi kimi qiymətləndirmək olar.

Yoxlamadan başlayan yol

Auditin tarixi qədim dövrlərə gedib çıxır. Hələ dövlət xəzinələrinin və iri təsərrüfatların formalaşdığı dövrlərdə gəlirlərin və xərclərin yoxlanılması zərurəti yaranmışdı. Auditorun əsas vəzifəsi vəsaitlərin mənimsənilməsinin qarşısını almaq və maliyyə uçotunun düzgün aparılmasını təmin etmək idi.

Bu mərhələdə auditin əsas məqsədi uyğunluğu yoxlamaqdan ibarət idi. Auditorlar müəyyən edilmiş qaydaların və qanunvericilik tələblərinin yerinə yetirilib-yetirilmədiyini araşdırırdılar. Başqa sözlə, audit daha çox nəzarət funksiyasını yerinə yetirirdi.

Lakin iqtisadiyyat inkişaf etdikcə, iri şirkətlər yarandıqca və səhmdar kapitalı genişləndikcə vəziyyət dəyişməyə başladı. Müəssisə sahibləri ilə idarəedicilər arasında məsafə artdı.

Bu isə maliyyə məlumatlarının düzgünlüyünə olan ehtiyacı daha da gücləndirdi. Beləliklə, audit yalnız nəzarət aləti olmaqdan çıxaraq etimad yaradan mexanizmə çevrildi. XX əsrin ikinci yarısı audit peşəsinin inkişafında dönüş nöqtəsi hesab olunur.

Qloballaşma, beynəlxalq investisiyaların artması və maliyyə bazarlarının böyüməsi auditorların qarşısında yeni vəzifələr qoydu. Artıq auditorlardan yalnız maliyyə hesabatlarının düzgünlüyünü təsdiqləmək tələb olunmurdu.

Onlar müəssisələrin daxili nəzarət sistemlərini qiymətləndirməli, riskləri müəyyən etməli və mümkün təhlükələr barədə rəhbərliyi məlumatlandırmalı idilər. Məhz bu mərhələdə riskyönümlü audit anlayışı formalaşdı.

Riskyönümlü auditin əsas fəlsəfəsi ondan ibarətdir ki, auditor yalnız baş vermiş səhvləri aşkar etməklə kifayətlənmir. O, gələcəkdə yarana biləcək riskləri də qiymətləndirir və onların qarşısının alınmasına çalışır. Bu yanaşma audit peşəsinin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı. Çünki auditor artıq keçmişi yoxlayan şəxs deyil, gələcəyi qiymətləndirən mütəxəssisə çevrilirdi.

Maliyyə qalmaqalları auditin rolunu dəyişdi

Dünyada baş vermiş bir sıra iri korporativ qalmaqallar audit peşəsinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Bunun ən məşhur nümunələrindən biri 2001-ci ildə ABŞ-ın enerji nəhəngi olan "Enron" ətrafında yaşanan qalmaqal idi.

Şirkətin milyardlarla dollarlıq borcları maliyyə hesabatlarından gizlədilmiş, nəticədə "Enron" müflis olmuş və minlərlə investor böyük zərərlə üzləşmişdi. Bu hadisə dünyanın ən böyük audit şirkətlərindən biri olan "Arthur Andersen"in fəaliyyətinin dayandırılması ilə nəticələndi.

Daha sonra 2008-ci il qlobal maliyyə böhranı zamanı bir sıra maliyyə institutlarında risklərin düzgün qiymətləndirilməməsi və nəzarət mexanizmlərinin zəifliyi audit sisteminin də yenidən nəzərdən keçirilməsinə səbəb oldu. 2018-ci ildə isə Böyük Britaniyada "Carillion" şirkətinin iflası audit keyfiyyəti və auditorların müstəqilliyi ilə bağlı ciddi müzakirələr yaratdı.

Bu hadisələr göstərdi ki, audit təkcə bir şirkətin deyil, bütöv iqtisadi sistemin təhlükəsizliyi üçün vacibdir. Nəticədə beynəlxalq audit standartları sərtləşdirildi, auditorların məsuliyyəti artırıldı, korporativ idarəetmə və peşə etikası tələbləri gücləndirildi. Artıq auditorun əsas missiyası yalnız maliyyə hesabatlarına rəy vermək deyil, həm də investorların, kreditorların və cəmiyyətin etimadının qorunmasına xidmət etməkdir.

Azərbaycan audit bazarı yeni mərhələdə

Azərbaycanda da audit institutu son illərdə əhəmiyyətli inkişaf yolu keçib. Bazar iqtisadiyyatının formalaşması, özəl sektorun genişlənməsi, bank və sığorta sektorlarının inkişafı audit xidmətlərinə tələbi artırıb.

Bu gün iri şirkətlər, maliyyə institutları və səhmdar cəmiyyətləri auditə sadəcə qanunvericilik öhdəliyi kimi baxmırlar. Audit onların fəaliyyətinin qiymətləndirilməsi, risklərin müəyyənləşdirilməsi və idarəetmənin təkmilləşdirilməsi üçün vacib alətə çevrilib. Lakin əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də qalmaqdadır.

Auditorlar Palatasının sədri Vahid Novruzov "Report"a müsahibəsində bildirib ki, bəzi təsərrüfat subyektləri hələ də maliyyə hesabatlarını auditdən keçirmək əvəzinə inzibati cərimə ödəməklə fəaliyyətlərini davam etdirməyə üstünlük verirlər: "Bu isə qeyri-şəffaf fəaliyyət, vergi yayınması və çirkli pulların yuyulması risklərini artırır. Bu fakt göstərir ki, auditə münasibət hələ də bütün iqtisadi subyektlərdə eyni səviyyədə formalaşmayıb. Auditin strateji tərəfdaşlıq mərhələsinə keçməsi üçün ilk növbədə onun əhəmiyyətinin düzgün dərk olunması vacibdir", - deyə V. Novruzov bildirib.

Kadr problemi: audit sektorunun görünməyən çağırışı

Auditin inkişafından danışarkən ən vacib məsələlərdən biri insan kapitalıdır. Çünki istənilən standartı texnologiya və ya qanunvericilik mexanizminin effektivliyi onu tətbiq edən peşəkarların hazırlıq səviyyəsindən asılıdır. Bu gün Azərbaycanda audit sektorunun qarşısında duran əsas problemlərdən biri peşəkar kadrların çatışmazlığıdır. Qlobal miqyasda olduğu kimi, ölkəmizdə də audit sahəsi yeni nəsil mütəxəssislərə ehtiyac duyur.

V.Novruzovun sözlərinə görə, peşəkar auditor çatışmazlığının əsas səbəbləri sırasında gənclərin peşəyə marağının zəif olması, təcrübəli auditorların məhdud sayı, beynəlxalq sertifikatlara malik mütəxəssislərin azlığı və əmək miqrasiyası dayanır.

Əslində bu problem təkcə audit sektoruna aid deyil. Müasir iqtisadiyyat yüksək ixtisaslaşmış kadrlar tələb edir. Lakin audit sahəsində məsuliyyətin yüksək olması, uzunmüddətli hazırlıq prosesi və beynəlxalq sertifikatların əldə edilməsinin çətinliyi bu problemi daha qabarıq göstərir.

Bu gün dünyanın aparıcı audit şirkətləri əməkdaşlarından yalnız mühasibatlıq bilikləri deyil, analitik düşüncə, risklərin idarə olunması, rəqəmsal texnologiyalar və hətta məlumat analitikası üzrə bacarıqlar tələb edirlər. Başqa sözlə, gələcəyin auditoru təkcə maliyyəçi deyil, həm də texnologiya və biznes proseslərini anlayan universal mütəxəssis olmalıdır.

Audit və investisiya mühiti: etimadın iqtisadi dəyəri

İqtisadi inkişafın əsas şərtlərindən biri investisiyalardır. İnvestor isə hər şeydən əvvəl etibarlı mühit axtarır. İnvestor üçün ən böyük risklərdən biri maliyyə məlumatlarının qeyri-dəqiqliyidir.

Şirkətin real vəziyyətinin gizlədilməsi, öhdəliklərin düzgün əks etdirilməməsi və ya gəlirlərin süni şəkildə artırılması milyonlarla dollar vəsaitin itirilməsi ilə nəticələnə bilər. Məhz buna görə audit investisiya mühitinin ayrılmaz hissəsinə çevrilib.

Beynəlxalq təcrübə göstərir ki, audit institutunun güclü olduğu ölkələrdə investisiya axını daha sabit olur. Çünki investorlar maliyyə hesabatlarının etibarlılığına daha çox inanırlar. Azərbaycanın qeyri-neft sektorunun inkişafı, kapital bazarının genişlənməsi və xarici investisiyaların artırılması hədəfləri fonunda auditin rolu daha da artır. Əslində auditə çəkilən xərc əlavə xərc deyil. O, potensial risklərin qarşısının alınmasına yönəlmiş investisiyadır. Şirkətlər bunu nə qədər tez anlasa, korporativ idarəetmə bir o qədər güclənəcək.

Auditin ucuzlaşması: qənaət, yoxsa risk?

Son dövrlər dövlət müəssisələrinin audit xidmətlərinə çəkdiyi xərclərin azalması diqqət çəkən tendensiyalardan biridir. İlk baxışda bu, dövlət vəsaitlərinə qənaət kimi görünə bilər. Lakin məsələnin digər tərəfi də mövcuddur.

Məsələn, ötən il maliyyə hesabatlarının audit və ya təhlili üçün auditor şirkətləri ilə 4-5 min manat dəyərində müqavilə bağlayan bəzi müəssisələr bu il eyni xidməti 2-3 min manata əldə edə bilirlər. Bu isə audit xidmətlərinin qiymətlərində təxminən 40-60 % azalma deməkdir. Başqa sözlə, ötən il 5 min manata göstərilən xidmətin bu il 2 min manata təklif olunması qiymətin 60 %, 4 min manatdan 3 min manata enməsi isə 25 % ucuzlaşması anlamına gəlir.

Belə bir vəziyyətdə haqlı sual yaranır: əgər auditin həcmi, standartları və auditorun məsuliyyəti dəyişməyibsə, qiymətlərdəki bu kəskin fərq nə ilə izah olunur? Bu halda iki ehtimal ortaya çıxır. Ya əvvəlki illərdə audit xidmətlərinin qiymətləri bazar dəyərindən yüksək müəyyənləşdirilib, ya da hazırda qiymətlərin kəskin aşağı düşməsi göstərilən xidmətlərin keyfiyyətinə təsir edir.

Auditorlar Palatasının və peşəkar auditorların fikrincə, audit xidmətlərinin həddindən artıq ucuzlaşması audit keyfiyyətinə mənfi təsir göstərə bilər. Auditə ayrılan resursların azalması yoxlamaların dərinliyini zəiflədə, bəzi mühüm risklərin nəzərdən qaçmasına səbəb ola bilər. Xüsusilə də qiymətlərin real xərclərdən aşağı salınması bazarda "dumpinq" əlaməti kimi qiymətləndirilir.

Belə hallarda auditor şirkətləri audit layihəsinə daha az əməkdaş cəlb etməyə, audit prosedurlarının həcmini azaltmağa və vaxt resurslarına qənaət etməyə məcbur qala bilərlər. Nəticədə audit rəyinin etibarlılığı və keyfiyyəti risk altına düşür. Halbuki investorun, kreditorun, səhmdarın və ya dövlət qurumunun qəbul etdiyi qərarların əsas informasiya mənbələrindən biri məhz auditor rəyidir. Buna görə də audit xidmətləri bazarında əsas meyarın yalnız qiymət deyil, eyni zamanda keyfiyyət, peşəkarlıq və etibarlılıq olması vacib hesab edilir.

Dövlət auditinin gücü rəqəmlərdə

Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyət nəticələri göstərir ki, dövlət auditi artıq təkcə pozuntuların aşkarlanması ilə məhdudlaşmır, dövlət maliyyəsinin idarə olunmasında strateji qərarların qəbuluna dəstək verən mühüm instituta çevrilir.

2025-ci ildə Palata 43 audit və 5 analitik fəaliyyət olmaqla ümumilikdə 48 kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib. Bu tədbirlər çərçivəsində 700-ə yaxın qurum, müəssisə və layihə əhatə olunub.

Aparılmış audit və təhlillər nəticəsində 1,554 milyard manat məbləğində nöqsan və pozuntu müəyyən edilib, onların bir hissəsinin aradan qaldırılması nəticəsində 101,5 milyon manat vəsaitin bərpası təmin olunub. Eyni zamanda, dövlət satınalmaları sahəsində 3 560 satınalma əməliyyatı və 3,8 milyard manatlıq vəsait audit və təhlillərlə əhatə edilib.

Bu rəqəmlər göstərir ki, müasir audit yalnız qanun pozuntularının aşkarlanmasına xidmət etmir. O, dövlət vəsaitlərinin səmərəli istifadəsini qiymətləndirən, riskləri müəyyənləşdirən və dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsinə töhfə verən strateji alət funksiyasını yerinə yetirir.

Çirkli pulların yuyulmasına qarşı mübarizədə auditorların rolu

Qlobal iqtisadiyyatın ən ciddi problemlərindən biri cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırmaqdır. Müasir dövrdə auditorların funksiyası təkcə maliyyə hesabatlarının yoxlanılması ilə məhdudlaşmır. Onlar həm də şübhəli maliyyə əməliyyatlarının müəyyən edilməsində mühüm rol oynayırlar.

V.Novruzovun fikrincə, nəzarət orqanları və auditorlar bu istiqamətdə daha məsuliyyətli davranmalı, şübhəli əməliyyatların aşkar edilməsinə daha çox diqqət yetirməlidirlər. Bu məsələ xüsusilə qlobal maliyyə sisteminə inteqrasiya edən ölkələr üçün böyük əhəmiyyət daşıyır. FATF, MONEVAL və digər beynəlxalq qurumların tövsiyələri də göstərir ki, auditorlar maliyyə sisteminin təhlükəsizliyinin qorunmasında vacib iştirakçılardan biridir. Onların fəaliyyəti yalnız müştərinin maraqlarına deyil, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir. Bu səbəbdən audit peşəsinin sosial məsuliyyəti də ildən-ilə artır.

Rəqəmsal transformasiya və gələcəyin auditi

İqtisadiyyatın rəqəmsallaşması audit peşəsinin qarşısında həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Əgər bir neçə onillik əvvəl auditorların işi əsasən sənədlərin və maliyyə qeydlərinin əl ilə yoxlanılmasından ibarət idisə, bu gün milyonlarla əməliyyat bir neçə saniyə ərzində elektron sistemlər vasitəsilə həyata keçirilir. Bu dəyişiklik auditorların iş üsullarını da köklü şəkildə yeniləyib.

Müasir audit artıq böyük verilənlərin təhlili, süni intellekt alətləri, avtomatlaşdırılmış yoxlama mexanizmləri və real vaxt rejimində monitorinq sistemləri ilə sıx bağlıdır. Dünyanın aparıcı audit şirkətləri risklərin müəyyənləşdirilməsi, şübhəli əməliyyatların aşkarlanması və maliyyə məlumatlarının təhlili üçün süni intellektdən geniş istifadə edirlər.

Ənənəvi auditdə auditor müəyyən seçmə əsasında sənədləri yoxlayırdısa, müasir texnologiyalar bütün əməliyyatların təhlilinə imkan yaradır. Bu isə həm risklərin daha erkən aşkarlanmasına, həm də audit rəyinin etibarlılığının artmasına şərait yaradır. Bununla belə, texnologiya auditorun yerini tam tutmur. Çünki audit yalnız riyazi hesablamalar və ya texniki prosedurlar deyil.

Auditor peşəkar mühakimə yürütməli, etik prinsiplərə riayət etməli və əldə etdiyi nəticələri düzgün şərh etməlidir. Süni intellekt məlumatları təhlil edə bilər, lakin qərarın məsuliyyətini auditor daşıyır. Bu səbəbdən gələcəyin auditində insan amili və texnologiya bir-birini tamamlayan elementlər kimi çıxış edəcək.

Dövlət auditində yeni yanaşma: nəticəyə fokuslanmaq

Auditin inkişafından danışarkən dövlət sektorunda baş verən dəyişiklikləri də xüsusi qeyd etmək lazımdır. Uzun illər ərzində dövlət auditinin əsas məqsədi ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyini müəyyənləşdirmək olub. Bu yanaşma müəyyən nəticələr versə də, müasir idarəetmənin tələblərinə tam cavab vermirdi. Bu gün dünyada və Azərbaycanda dövlət auditinin fəlsəfəsi dəyişir.

Artıq əsas sual "pul necə xərclənib?" deyil, "xərclənən vəsait hansı nəticəni verib?" sualıdır. Məhz buna görə performans auditlərinin əhəmiyyəti artır. Performans auditləri dövlət proqramlarının səmərəliliyini, investisiya layihələrinin effektivliyini və büdcə vəsaitlərinin nəticəyönümlülüyünü qiymətləndirir.

Bu yanaşma dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın güclənməsinə xidmət edir. Əslində bu dəyişiklik auditin inkişaf mərhələlərinin ən mühüm göstəricilərindən biridir. Çünki audit artıq təkcə keçmişə deyil, gələcəyə də yönəlir.

Auditor: yoxlayıcı yox, strateji tərəfdaş

Audit peşəsinin keçdiyi inkişaf yolunu bir cümlə ilə ifadə etmək lazım gəlsə, onu "yoxlayıcıdan strateji tərəfdaşa çevrilmə prosesi" adlandırmaq olar. Müasir biznes mühiti sürətlə dəyişir. Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər, kibertəhlükəsizlik təhdidləri və texnoloji yeniliklər şirkətlərin fəaliyyətinə birbaşa təsir göstərir.

Belə bir şəraitdə auditorun vəzifəsi yalnız maliyyə hesabatlarının düzgünlüyünü təsdiqləmək deyil. Auditor rəhbərliyə riskləri anlamaqda, daxili nəzarət sistemlərini təkmilləşdirməkdə, korporativ idarəetməni gücləndirməkdə və strateji qərarların qəbulunda dəstək göstərir.

Bu gün auditorun rəyi yalnız səhmdarlar üçün deyil, investorlar, kreditorlar, tərəfdaşlar və dövlət qurumları üçün də mühüm informasiya mənbəyidir. Başqa sözlə, auditor təşkilatın etibarlılıq pasportunu formalaşdıran əsas fiqurlardan biridir.

Etimadın qiyməti

Müasir iqtisadiyyatın ən dəyərli resurslarından biri etimaddır. Etimad olmadan investor sərmayə qoymur, bank kredit vermir, biznes tərəfdaşlıq qurmaq istəmir. Etimadın olmadığı mühitdə iqtisadi münasibətlər zəifləyir və inkişaf imkanları məhdudlaşır. Audit məhz bu etimadın formalaşmasına xidmət edir.

Müstəqil auditor rəyi maliyyə hesabatlarının etibarlılığına təminat verir, risklərin daha şəffaf görünməsinə şərait yaradır və qərar qəbul edən tərəflərə obyektiv informasiya təqdim edir. Bu səbəbdən auditə çəkilən vəsait xərc kimi deyil, etimada yatırılan investisiya kimi qiymətləndirilməlidir.

Beləliklə, audit peşəsinin keçdiyi inkişaf yolu iqtisadiyyatın inkişaf tarixinin ayrılmaz hissəsidir. Sadə uyğunluq yoxlamasından başlayan bu yol bu gün strateji tərəfdaşlıq və etimad mərhələsinə çatıb. Müasir auditor artıq yalnız maliyyə hesabatlarını yoxlayan mütəxəssis deyil.

O, riskləri qiymətləndirən, şəffaflığı təşviq edən, investisiya mühitinin formalaşmasına töhfə verən və iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edən peşəkardır. Azərbaycanda audit institutunun qarşısında hələ də həllini gözləyən məsələlər mövcuddur. Məcburi auditdən yayınma halları, peşəkar kadr çatışmazlığı, bəzi hallarda audit xidmətlərinin keyfiyyət hesabına ucuzlaşması kimi problemlər diqqət mərkəzində qalır. Lakin rəqəmsallaşma, beynəlxalq standartların tətbiqi, korporativ idarəetmənin inkişafı və audit peşəsinə marağın artması bu sahənin gələcəyi ilə bağlı nikbin olmağa əsas verir.

Çünki iqtisadiyyatın dayanıqlığı yalnız maliyyə göstəricilərindən deyil, həm də həmin göstəricilərə olan etimaddan asılıdır. Audit isə həmin etimadın qoruyucusu, şəffaflığın təminatçısı və inkişafın görünməyən memarlarından biridir.

Bu yazı Auditorlar Palatasının keçirdiyi müsabiqəyə təqdim edilir.

Oxşar xəbərlər

Azərbaycanda auditin inkişafına mane olan amillər açıqlanıb
Azərbaycan və Cənubi Koreya ali audit sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Vüqar Gülməmmədov: Süni intellekt və iqlim dəyişiklikləri ali audit orqanlarının qarşısında strateji çağırışlardır
Azərbaycanda dövlət müəssisələrinin auditi niyə ucuzlaşır? - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər