Zaur Mikayılov: "Pambıq əkinlərinin suvarılması dövlət nəzarətində saxlanılır"
Pambıq əkinlərinin suvarılması dövlət nəzarətində saxlanılır.
"Report"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində aqrar sahənin inkişafı ölkənin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib: "Xüsusilə son illərdə regionların iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatında yerli istehsalın rəqabət qabiliyyətinin artırılması və daxili bazarın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qəbul olunan qərarlar aqrar sektora göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Torpaq və su resurslarının kənd təsərrüfatında həlledici rol oynadığını nəzərə alsaq, su ehtiyatlarının qorunması, su itkilərinin minimuma endirilməsi və onlardan səmərəli istifadə yalnız kənd təsərrüfatının inkişafı üçün deyil, bütövlükdə ölkənin makroiqtisadi sabitliyinin təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir".
Z. Mikayılov bildirib ki, pambıqçılıq ölkəmizdə zəngin ənənələrə malik kənd təsərrüfatı sahəsi olmaqla yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi və sosial rifahının yüksəldilməsi baxımından da strateji əhəmiyyət daşıyır: "2025-ci ildə respublikanın 23 rayonunda 107 492 hektar sahədə pambıq əkini aparılmış və əkinlər orta hesabla 3,6 dəfə suvarma suyu ilə təmin edilib. Cari ildə isə respublikanın 21 rayonunda 90 579 hektar sahədə pambıq səpini həyata keçirilib, əkinlər müvafiq qaydada arat və səpsuvar suyu ilə təmin olunub. Hazırda həmin əkin sahələrinin təsdiq edilmiş qrafikə uyğun olaraq vegetasiya suyu ilə təmin edilməsi işləri davam etdirilir."
ADSEA sədri bildirib ki, pambıqçılıqda su təminatının yaxşılaşdırılması istiqamətində mühüm layihələr icra olunur: "Pambıq vegetasiya dövründə yüksək rütubət və su tələbatı olan kənd təsərrüfatı bitkisidir. Lakin son illərdə iqlim dəyişikliklərinin mənfi təsirləri, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-sabit xarakter alması və xüsusilə vegetasiya dövründə su ehtiyatlarına artan təzyiq yeni çağırışlar formalaşdırmışdır. Bu baxımdan, pambıqçılıq ənənələrinə malik Aran, Qarabağ, Şərqi Zəngəzur və Mil-Muğan iqtisadi rayonlarında suvarma infrastrukturunun inkişaf etdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Hazırda icra olunan ən iri layihələrdən biri Şirvan suvarma kanalının yenidən qurulmasıdır. Uzunluğu 204 kilometrdən çox, suötürmə qabiliyyəti isə saniyədə 180 kubmetr olan bu kanalın tikintisi nəticəsində ümumilikdə 228 min hektardan artıq ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Layihə çərçivəsində 112 min hektardan çox mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, əlavə olaraq 105 min hektardan artıq yeni torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək".
O qeyd edib ki, bu layihənin həyata keçirilməsi xüsusilə Kürdəmir, Hacıqabul, Zərdab və Yevlax rayonlarında pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradacaq, məhsuldarlığın artırılmasına və su təminatının daha dayanıqlı şəkildə təşkilinə mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Zaur Mikayılov: "Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Zaur Mikayılov: "Azərbaycanın şimal rayonlarında su ehtiyatlarına təzyiq artır"
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
