Məcnun Məmmədov pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb


Azərbaycanda pambıqçılığın inkişafına mane olan problemlər var.

"Sizinxeber.az"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

"Bunlardan biri sahələrin xırda və parçalanmış olmasıdır. Kiçik və bir-birindən uzaq yerləşən əkin sahələri müasir kənd təsərrüfatı texnikasından səmərəli istifadəyə mane olur, mexanikləşdirilmiş yığım prosesini çətinləşdirir və istehsal xərclərini artırır. Digər problem defoliasiya tədbirlərinin düzgün aparılmamasıdır. Defoliantların tətbiq vaxtının və normasının düzgün seçilməməsi qozaların açılmasına, məhsuldarlığın azalmasına və pambıq lifinin keyfiyyətinin pisləşməsinə səbəb olur. Bundan başqa, növbəli əkin sistemi zəif tətbiq olunur. Pambığın eyni sahədə uzun müddət becərilməsi torpaq münbitliyinin azalmasına, xəstəlik və zərərvericilərin artmasına, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. İxtisaslı kadr və işçi qüvvəsi çatışmazlığı var. Aqronom, mexanizator və pambıqyığan kombayn operatorlarının çatışmazlığı aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli icrasına mənfi təsir göstərir. Sahələr torpaq və su potensialına uyğun seçilmir. Pambığın aşağı münbitlikli, yüksək şoranlaşmış və su təminatı zəif olan sahələrdə əkilməsi istehsalın səmərəliliyini və məhsuldarlığı azaldır", - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, 2030-cu ilə qədər müasir suvarma sistemləri ilə təmin olunan pambıq sahələri 42 min hektara çatdırılacaq: "Pambıq sahələrinin müasir suvarma sistemləri ilə təminatının genişləndirilməsi nəzərdə tutulur. 2026-cı ildə pambıq əkinlərinin 6,6 min hektarı müasir suvarma sistemləri ilə təmin edilib. Bu sahələrin 6 527 hektarında pivot, 22 hektarında sprinkler, 8 hektarında isə damlama suvarma sistemləri tətbiq olunub. Dövlət Proqramına əsasən, 2030-cu ilə qədər müasir suvarma sistemləri ilə təmin edilmiş pambıq əkinlərinin sahəsinin təxminən 42 min hektara çatdırılması hədəflənir. Bu məqsədlə müvafiq qurğu və avadanlıqların dəyərinin 40 %-nə qədər hissəsinə güzəşt tətbiq ediləcək, kreditlər üzrə 40–50 % subsidiyası veriləcək, həmçinin əməliyyat xərclərinin bir hissəsinin ödənilməsi üçün əlavə subsidiya mexanizmləri nəzərdə tutulacaq".

Oxşar xəbərlər

Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Nazir: "Pambıqçılığa müasir texnika və mexanizasiya dəstəyi genişləndiriləcək"
Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər