Zaur Mikayılov: Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti xüsusi əhəmiyyət daşıyır
sizinxeber.az xəbər saytı

Zaur Mikayılov: Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti xüsusi əhəmiyyət daşıyır


Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması xüsusi əhəmiyyət daşıyır.

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov aqrar sahədə Dövlət Proqramı çərçivəsində Sabirabadda keçirilən regional müşavirədə deyib.

Qeyd olunub ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir: "Bu çərçivədə mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması da əsas prioritetlər sırasındadır.

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri yalnız daha çox su ilə təminat deyil, hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməyə əsaslanmış, iqlim dəyişikliklərinə davamlı model yaratmaqdır. Bu baxımdan aqrar sektorda əkin sahələri üzrə ənənəvi selləmə suvarma üsullarından imtina edilməsi və müasir suvarma sistemlərinin – damcı və pivot texnologiyalarının, lazer hamarlama və tirələrə ayırma kimi mütərəqqi aqrotexniki qulluq vasitələrinin tətbiqinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir suvarma texnologiyalarının tətbiqi həm torpaqların şorlaşmasının qarşısını alır, həm məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, həm də su resurslarımıza qənaət edərək investisiyanın iqtisadi effektivliyini maksimuma çatdırır.

Məhz Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində əminəm ki, dövlət qurumları, yerli icra orqanları, bələdiyyələr, fermer və sahibkarlar, və su istifadəçilərinin birgə fəaliyyəti nəticəsində pambıqçılıq və ümumilikdə kənd təsərrüfatı sektorunun inkişafı üzrə qarşıya qoyulmuş hədəflərə nail olunacaq, regionların aqrar-iqtisadi potensialı güclənəcək, bütün sahələrdə məhsuldarlıq daha da yüksəlməklə ölkəmizin ərzaq və xammal təhlükəsizliyi möhkəmlənəcək".

Oxşar xəbərlər

Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək
İlham Bayramov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin işçilərinin sayı artırılıb
ADSEA sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbirdə iştirak edib
ADSEA sədri Türkiyənin Su İşləri Baş İdarəsinin rəisi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər