Moskvanın fitosanitar təzyiqi - İrəvan alternativlər axtarışında - ŞƏRH
sizinxeber.az xəbər saytı

Moskvanın fitosanitar təzyiqi - İrəvan alternativlər axtarışında - ŞƏRH


Ermənistanla Rusiya arasında İrəvanın Qərbə inteqrasiyası səbəbindən yaranan gərginlik pik həddinə çatıb.

"Rosselxoznadzor"un iyunun 12-də Ermənistandan bütün karantin nəzarəti altında olan məhsulların idxalı, həmçinin Rusiya ərazisindən keçməklə digər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə tranzitinin bundan sonra məhdudlaşması barədə qərarı deməyə əsas verir ki, Moskva erməni dövlətinə qarşı qida müharibəsi elan edib.

Bu o deməkdir ki, Ermənistan məhsullarının Rusiya bazarlarına çıxışı tamamilə dayandırılır. Kremlin Paşinyan hökumətinə qarşı bu iqtisadi rıçağı uzun müddətdir mərhələ-mərhələ istifadə olunur. Məsələn, ötən illərdə də Rusiya müxtəlif bəhanələrlə Yuxarı Lars keçid məntəqəsini günlərlə, həftələrlə, bəzən aylarla bağlayaraq, Ermənistandan şimal istiqamətində mal idxal edən fermerləri çətin vəziyyətə salırdı.

Bəzən minlərlə yük maşını həftələrlə gömrükdə dayanmaq məcburiyyətində qalırdı. Bu təzyiq isə ölkədə hakimiyyətə qarşı narazılıq dalğasının başlanması, Paşinyana "qulaqburması" vermək üçün nəzərdə tutulurdu. Bu təzyiq rıçağı zamanı bəzi məhsullara qadağanı Rusiya "fitosanitar təhlükəsizlik" ilə əsaslandırırdı.

Son olaraq isə, Ermənistanda 7 iyun parlament seçkiləri ərəfəsində tərəflərin münasibətlərindəki gərginlik daha da açıq şəkildə özünü büruzə verməyə başladı.

Baş nazir Nikol Paşinyanın istər Qərbə inteqrasiya ilə bağlı açıqlamaları, istərsə də KTMT ilə bağlı qərarları Kremlin səbir kasasını doldurub. Moskva ilə İrəvan arasındakı pərdəarxası siyasi gərginlik iqtisadi müstəviyə, xüsusilə də kənd təsərrüfatı və qida sektoruna köçüb. İlk olaraq may ayının sonlarına doğru Ermənistandan idxal edilən gül, pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalına qadağa qoyuldu. Paralel olaraq isə bir sıra erməni konyak-şərab brendlərinin, "Cermuk" mineral sularının Rusiyada satışı dayandırıldı.

İyun ayının ilk günlərində isə mövsümi meyvələrdən gilas, ərik, şaftalı, gavalı və üzümün də bu siyahıya düşdüyü müşahidə edildi. Amma Moskvadan əsən sərt külək getdikcə güclənərək, kartof, badımcan və quru meyvələri də bu siyahıya əlavə etdi.

Digər bir zərbə isə Ermənistandan Rusiya bazarlarına idxal edilən alabalıq və digər balıq məhsullarına da qadağa qoyulması ilə bağlı oldu. Ermənistan hökuməti bu qərarlardan sonra fermerlərə dəyən ziyanın ödəniləcəyini və aşağı faizli subsidiyaların veriləcəyini bəyan etdi.

Paralel olaraq isə, hakim komanda Avropa İttifaqı və Birləşmiş Ərəb Əmirlikləri bazarlarına çıxışlar təmin ediləcəyini bildirib və bunu eyni zamanda fermerlərə də tövsiyə edib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlama verərək, "suverenlik xiyar, badımcan, pomidor deyil ki, onunla ölçülsün" dedi. Bu isə Kremlə İrəvanın iqtisadi şantaja boyun əyməyəcəyi mesajıdır. Paşinyan komandası Moskvaya göstərir ki, onun iqtisadi təzyiqi qarşısında geri addım atılmayacaq, Qərbə inteqrasiya planından vaz keçilməyəcək.

Amma burada diqqət ediləcək məqamlar da var. Kompensasiya və aşağı faiz subsidiyaları dövlət büdcəsinə ağır yük deməkdir. Bu məsələdə Aİ dərhal hərəkətə keçdi və 50 milyon avro ayıracağını bəyan etdi. Avropa bazarlarına çıxış məsələsi də müəmmalıdır.

Birincisi, Aİ kənd təsərrüfatı məhsulları üçün ISO və HACCP sertifikatları tələb edir, paralel olaraq isə laboratoriya standartları kifayət qədər sərtdir. Ermənistan isə bunu təmin edə biləcək gücdə deyil. İkincisi, logistika məsələsi də var ki, bu da çıxılmaz dalana bənzəyir.

Hazırda Ermənistan üçün Avropa bazarlarına çıxış Gürcüstan və Qara dəniz üzərindən mümkündür. Amma bu yol həm baha başa gəlir, həm də mövsümi meyvələr, xüsusən də gilas və ərik tez xarab olaraq Avropa bazarlarına çata bilməz.

Digər logistika problemi Fars körfəzi və BƏƏ ilə bağlıdır ki, hazırda İran-ABŞ-İsrail münaqişəsi səbəbindən Ermənistan İslam Respublikası vasitəsilə məhsullarını bu bazara çıxara bilmir. Təyyarə ilə kənd təsərrüfatı məhsullarının daşınması isə astronomik xərc deməkdir. Bu üsula baş vurulsa, məhsulun maya dəyəri kifayət qədər arta və ərəb bazarı ilə rəqabətə dözməyə bilər. Bu faktlar isə deməyə əsas verir ki, Rusiya bazarına alternativ üzərində işləmək kifayət qədər vaxt alacaq. Eyni zamanda Avropa nə "Cermuk" mineral suyunu tanıyır, nə də bu bazarlarda erməni konyakına o qədər də ciddi tələbat var.

Yaxın tarixi yada salsaq qeyd etmək olar ki, Rusiya tərəfi dəfələrlə fitosanitar təhlükəsizlikdən danışsa da, əslində Moskvanın təbiət və böcək sevgisi ən çox siyasi münasibətlər pisləşəndə yada düşür. Seçkilərdən əvvəl Ermənistanın Qərbə inteqrasiya siyasətini, 7 iyun seçkilərində isə Paşinyan komandasının qələbəsini həzm edə bilməyən Moskva İrəvana açıq şəkildə "Qərbyönümlü siyasətin bədəli"ni göstərir.

Təcrübə göstərir ki, Kreml bu iqtisadi rıçaqdan siyasi məqsədlərlə istifadə edir və onun orbitindən çıxmağa çalışan ölkələri (xüsusən də postsovet dövlətlərini) cəzalandırır.

Məsələn, 2006-cı ildə Gürcüstan da Qərbyönümlü siyasəti seçəndə birdən-birə məlum oldu ki, gürcü çaxırı və "Borjomi" mineral suları Rusiya standartlarına cavab vermir.

Moldova da 2006 və 2013-cü illərdə Aİ ilə saziş imzalamağa hazırlaşanda şərablarında zərərli maddələr, meyvə və tərəvəzlərində isə "Şərq güvəsi" tapıldı.

2013-cü ildə isə Avropa ilə ticarət müqaviləsi imzalamağa çalışan Ukrayna da eyni rıçaqla üzləşdi - məşhur "Roshen" şokoladlarında təhlükəli maddə tapıldı.

Bu faktlar qarşısında Baş nazir Nikol Paşinyanın Moskvaya səfər edəcəyi (Seçkilərdən əvvəl Rusiyaya səfər edəcəyini bəyan etmişdi) barədə suala "Dəvət etsələr, gedərəm" cavabı əslində Kremlə bir mesaj və gizli xahiş kimi oxuna bilər.

Yəni, erməni siyasətçi Putinə hələ masaya otura biləcəyini, danışıqlara yer olduğu mesajını ötürür. Çünki Paşinyan gözəl anlayır ki, Rusiyanın qəzəbini soyutmasa, növbəti zərbə enerji resursları ilə bağlı gələcək ki, bu da Ermənistanın iqtisadiyyatının tam kollapsı ilə nəticələnə bilər.

Bu açıqlamaya həm də vaxt qazanmaq üçün atılan diplomatik addım kimi də baxa bilərik. Çünki son günlər baş verən hadisələr İrəvanın ciddi alternativlər üzərində işlədiyindən xəbər verir. Məsələn, son günlər Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması prosesinin sürətləndirilməsi buna işarədir. Çünki Türkiyə sərhədinin açılması Aralıq dənizi və Avropaya quru yolunun açılması deməkdir.

Amma əsas təbii ki, Azərbaycan faktorudur. Ermənistanın iqtisadi coğrafiyasına nəzər yetirsək görərik ki, bütün yolların düyünü əslində Bakıdan keçir. Bu gün İrəvan üçün optimal çıxış yolu Azərbaycanla sülh və kommunikasiyaların açılmasıdır.

Ermənistan Gürcüstan limanlarında növbə gözləmək, təyyarə ilə kənd təsərrüfatı məhsulu daşımaqdansa, regionun əsas tranzit qovşağına inteqrasiya edərək, ixrac problemini həll edə bilər. Əgər Baş nazir və hökumət payızda Zəngəzur dəhlizinin tikintisinə (Ermənistan ərazisindən keçən hissəsindən söhbət gedir) başlanacağını bəyan edirsə, bu o deməkdir ki, İrəvan Bakının illərdir üzərində dayandığı iqtisadi layihənin özü üçün ciddi faydalarını tamamilə dərk edib. Çünki Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın regional blokadasının tamamilə bitməsi deməkdir.

Erməni fermerlər bu yolla rahat şəkildə məhsullarını Azərbaycan ərazisindən keçməklə Fars körfəzi, Mərkəzi Asiya bazarlarına, Türkiyə ərazisindən keçməklə isə Avropa bazarlarına ucuz və daha tez çatdıra bilərlər. Bu gün Nikol Paşinyan və hökumət anlayır ki, Azərbaycanla imzalanacaq yekun sülh müqaviləsi Moskvanın Ermənistandakı ən böyük təzyiq rıçağının itirilməsi deməkdir...

Kamil Məmmədov

Oxşar xəbərlər

Rusiya Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir
Paşinyan: Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağa siyasi təzyiqdir
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib
"Rosselxoznadzor" Ermənistandan üzüm və meyvə idxalını məhdudlaşdırıb
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər