Mikayıl Cabbarov Azərbaycanın qeyri-neft-qaz sektoru ilə bağlı prioritetləri açıqlayıb
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov Azərbaycanın qeyri-neft-qaz sektoru ilə bağlı prioritetləri açıqlayıb


Hazırda dağ-mədən sənayesinin və metallurgiyanın inkişafı üzrə dövlət proqramı layihəsinin hazırlanması yekun mərhələdədir.

"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində qeyri-neft-qaz sektorunda prioritet sahələr məsələsinə toxunaraq qeyd edib.

"Dağ-mədən sektorunun inkişafında böyük potensial görürük. Bunun həm təbii, həm də tarixi səbəbləri var. Təbii səbəb ondan qaynaqlanır ki, ölkəmiz dağ-mədən sahəsində vacib olan geoloji ehtiyatlarla zəngindir. Tarixi səbəb dedikdə isə mən onu nəzərdə tuturam ki, bizim böyük Zəfərimizdən öncə Azərbaycan Respublikasının geoloji ehtiyatlarının yalnız cüzi bir həcminə çıxışımız var idi. Çünki dağ-mədən sahəsi üçün əksər geoloji ehtiyatlarımız, o cümlədən qızıl, mis, gümüş, ola bilsin ki, kritik minerallar, – əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşir. Bu gün biz artıq qısa müddət keçməsinə baxmayaraq, o sahənin verdiyi nəticələri görürük",- nazir qeyd edib.

Qeyri-neft sənayesinin digər potensial sahəsi kimi M.Cabbarov kimya sənayesini qeyd edərək, biıdirib ki, ölkədə zəngin xammal potensialı var: "Bu da bizim təbii neft və qaz sektorunun fəaliyyətindən irəli gəlir - bir sıra yüksək dəyər yarada bilən sahələr, yəni polietilen, polimerlər, polipropilen və bir sıra yan məhsullar üçün zəngin bazamız mövcuddur".

Onun sözlərinə görə, kənd təsərrüfatını həm ölkə üçün ənənəvi fəaliyyət növüdür, – burada müvafiq bilik və bacarıqlar var, – həmçinin qeyri-neft ixracında çox mühüm mövqeyə malik olan bir sahədir.

"Digər tərəfdən, Prezidentin bu yaxınlarda təsdiqlədiyi müvafiq dövlət proqramına əsasən buraya həm dövlət tərəfindən zəruri olan tənzimləmə, kapital qoyuluşu və infrastruktur dəstəyi verilir, həmçinin özəl sektorun sərmayələri cəlb olunur. Biz Azərbaycanın münbit iqlim şəraitindən, coğrafi yerləşməsindən və mövcud ticarət sazişlərindən istifadə edirik və bu, bizim üçün prioritet sahə kimi görünür", - nazir bildirib.

Xidmətlər sahəsinə gəldikdə isə burada M.Cabbarov nəqliyyat-logistikanı qeyd edib: "Ölkəmiz nəqliyyat qovşağına çevrilib. Bu, özlüyündə böyük nailiyyətdir. Ona görə ki, bizim təbii yerləşməmiz – yəni açıq dənizə çıxışımızın olmaması fonunda ölkəmizin bu gün istər Orta Dəhliz çərçivəsində, istərsə də Şimal-Cənub marşrutunda nəqliyyat qovşağına çevrilməsi öz-özünə baş verməyib. Bu, həyata keçirilən uzunmüddətli siyasətin nəticəsidir və buradan irəli gələn bir çox potensial dəyər hələ də tam reallaşmayıb.

Turizm sahəsində də detallara getmədən onu qeyd edə bilərəm ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Azərbaycana gələn turistlərin sayının artırılmasından başlayaraq ölkədaxili turizm infrastrukturunun inkişafına qədər məsələləri əhatə edən bir yanaşma mövcuddur.

İki sahəni isə mən sektor kimi deyil, daha çox fundamental şərt kimi qeyd edərdim. Bunlardan biri rəqəmsallaşma, müvafiq olaraq İKT və data mərkəzləri ilə bağlı olan istiqamətdir. Çünki artıq rəqəmsallaşmanı iqtisadiyyatın ayrı bir sektoru kimi deyil, daha çox uğurlu iqtisadi fəaliyyətin zəruri şərti kimi görürük. Digəri isə təbii olaraq enerjidir. Mən bunu xüsusi olaraq neft-qaz deyil, məhz enerji şəklində vurğulayıram. Çünki bu da demək olar ki, bütün iqtisadi sahələr üçün zəruri şərtlərdən biridir və bu nöqteyi-nəzərdən biz həmin sahələri də prioritetlərə aid edirik".

Nazir xatırladıb ki, 2025-ci ildə ölkə iqtisadiyyatının 71,5 %-i qeyri-neft sektoru olub. Deməli, neft-qaz sektoruna düşən pay 30 %-dən azdır. "Biz 20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 %-ə çatmırdı, 43,5–43,6 % civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur".

Onun sözlərinə görə, son altı il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən iki dəfə artıb:

"Bu il də həmin artım dinamikası davam edir. Cari ilin dörd ayı ərzində qeyri-neft ixracının həcmi 17 %-dən çox artıb. Bu, kifayət qədər yüksək sürətdir. Burada biz hər zaman, həmçinin qeyri-neft ixracının keyfiyyətinə, yəni onun hansı məhsullardan ibarət olması məsələsinə fokuslanırıq.

Ölkənin iqtisadi dayanıqlılığı, yəni bizim əsas hədəfimiz həmin məhsulların çeşidinin artırılmasından qaynaqlanır. Məhsulların çeşidinin artırılması ilə yanaşı, ixrac coğrafiyasının genişləndirilməsi məsələsi də xüsusi önəm daşıyır. Sirr deyil ki, dünya ticarətində, xüsusilə də qeyri-neft məhsullarında bütün ölkələr müəyyən tarif baryerləri tətbiq edirlər. Ona görə də bizim əksər satışlarımız azad və ya preferensial ticarət sazişimiz olan ölkələrlə həyata keçirilir. Çünki bu tərəfdaşlarla ticarətdə qarşılıqlı olaraq idxal tarifi tətbiq edilmir.

Biz bu gün nəzər salsaq görərik ki, azad ticarət sazişlərimiz yalnız postsovet ölkələri ilə mövcuddur. Bu, bir tərəfdən bizim qeyri-neft ixracımızın coğrafi imkanıdırsa, digər tərəfdən məhdudlaşdırıcı bir amildir. Biz müvafiq olaraq, preferensial ticarət sazişləri vasitəsilə bu coğrafiyanın genişləndirilməsinə üstünlük veririk".

M.Cabbarov vurğulayıb ki, hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan kimi dövlətlərlə artıq preferensial ticarət sazişləri çərçivəsində bir sıra məhsullar üzrə belə bir dinamika var və həmin ölkələrə qeyri-neft ixracının həcminin artması müşahidə edilir.

"İkinci element ölkənin istehsal edə biləcəyi, həm də rəqabətqabiliyyətli şəkildə istehsal edə biləcəyi məhsullarla bağlıdır. Bu isə investorlar və investisiyalar məsələsinin bir hissəsidir. Çünki biz investisiyalar dedikdə, bir qayda olaraq, adətən özəl və xüsusilə də birbaşa xarici investorları nəzərdə tuturuq. Həqiqət isə ondan ibarətdir ki, bizim kontekstdə dövlət özü çox böyük investordur".

Oxşar xəbərlər

Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var"
SOCAR Qaraqalpaq investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlaya bilər
Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 % olub"
Nazir müavini: “Naxçıvan Azərbaycanın zəngin geoloji strukturuna malik bölgələrindən biridir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər