126 ildən sonra yada düşən yarımçıq layihə - aktuallaşan Hicaz yolu - ŞƏRH
sizinxeber.az xəbər saytı

126 ildən sonra yada düşən yarımçıq layihə - aktuallaşan Hicaz yolu - ŞƏRH


Türkiyə 126 ildən sonra Hicaz dəmiryolu layihəsinin yenidən açılması istiqamətində fəaliyyətini davam etdirir. Türkiyə Səudiyyə Ərəbistanı, Suriya və İordaniya arasında strateji dəmir yolu əlaqəsinin bərpası prosesinə başlanılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün bildirib ki, dəniz daşımalarının maya dəyərinin artması və Qırmızı dənizdə qeyri-sabit vəziyyət regionun dövlətlərini dayanıqlı quru tranzit marşrutları axtarmağa sövq edib. Yeni dəmir yolu layihəsi Türkiyənin Anadolu bölgəsi, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və Oman arasında birbaşa əlaqə yaratmağa imkan verəcək. Bu da körfəzdən İstanbula və Avropa bazarlarına fasiləsiz nəqliyyat xətti açacaq.

Xatırladaq ki, Hicaz dəmir yolu və ya başqa adı ilə Həmidiyyə Hicaz dəmir yolu Osmanlı imperatoru II Əbdülhəmid tərəfindən 1900-1908-ci illərdə indiki Suriyanın paytaxtı Dəməşq ilə Səudiyyə Ərəbistanın Mədinə şəhəri arasında inşa edilib. Əvvəl uzunluğu 1 322 km, 1908-ci ildən sonra 1 900 km-ə çatdırılıb. Dəmir yolu xəttinin inşasında 2666 daş körpü və keçid, yeddi dəmir körpü, doqquz tunel, 96 stansiya, 37 su anbarı, iki xəstəxana və üç emalatxana tikilib. II Əbdülhəmid dəmir yolu boyunca teleqraf xəttinin çəkilməsi əmrini də vermişdi. Bununla yanaşı, dəmir yolunu köçəri ərəblərin hücumlarından qorumaq üçün bir çox nəzarət məntəqələri da inşa edilmişdi.

Onda dəmir yolu tikintisinin başlıca hədəfi zəvvarların Məkkəyə rahat və təhlükəsiz getməsini təmin etmək, İstanbulu islamın müqəddəs məkanları olan Məkkə və Mədinə ilə birləşdirmək olub. Bu xətt 1900-ci ildə Sultan II Əbdülhəmidin fərmanı ilə zəvvarların təhlükəsiz daşınması ilə yanaşı, Osmanlı İmperiyası daxilindəki əlaqələrin möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdu.

Ancaq ovaxtkı hadisələr, o cümlədən Birinci dünya müharibəsi, Osmanlıya hücumlar səbəbindən xətt əsas hədəfinə çatmayıb.

O illərdə İstanbuldan Mədinəyə qədər xətt tam tikilməmiş, əsasən Dəməşq-Mədinə hissəsində fəaliyyət göstərmişdi.

Dəmiryolunun keçdiyi ərazi Osmanlı dövlətinin tabeliyində idi. Ancaq Birinci dünya müharibəsindən sonra həmin ərazilərə Böyük Britaniya və başqalarının müstəmləkəsinə keçdiyi üçün 1920-ci ildə dəmiryolunun fəaliyyəti də dayanmışdı.

Həmin dövrdə dəmir yolu ciddi zərər görmüş və sonralar praktiki olaraq tamamilə tərk edilmişdi. Hazırda stansiyalar, su qüllələri və vaqonlar şəklində ayrı-ayrı qorunmuş fraqmentlərə İordaniya və Suriyada rast gəlmək olar.

Hicaz dəmir yolunun tikilməsi üçün siyasi, iqtisadi, hərbi, dini və başqa səbəblər də olub. Başqa sözlə bu xəttə yalnız zəvvarların daşınmasına hesablanmayıb.

Bu xətt Osmanlı dövlətinin ərazilərinə nəzarət, habelə hakimiyyətin möhkəmləndirilməsinə yardım etmək, gələcəkdə etibarlı və təhlükəsiz tranzit yolu funksiyasını da daşıyacaqdı.

Hicaz yolu ərəb bölgələrinin iqtisadiyyatının güclənməsi üçün də faydalı sayılırdı.

Bu layihədə Almaniyadan olan mühəndislər üstünlük təşkil edirdi. Buna səbəb Almaniyanın Yaxın Şərqə çıxış əldə etməsi göstərilirdi. Onlar Berlin-İstanbul-ərəb ölkələri marşrutunun formalaşmasına çalışırdılar.

Həmin illərdə Misir Böyük Britaniya imperiyasının işğalı altında idi. Ona görə də Süveyş kanalına da onlar nəzarət edirdilər.

Bu xətt Almaniyanın gələcəkdə Osmanlı torpaqları üzərindən Britaniyaya qarşı cəbhə açması üçün ən qısa yol olacaqdı.

Hakan Fidan

Dəmir yolu tikintisinin maliyyələşməsi üçün Osmanlı konsulluqları xaricdə yardım pulları toplamışdı. Habelə bir çox ianə kampaniyası başlamışdı. Sultan II Əbdülhəmid 50 min lirə ilə ilk ianəni etmişdi. Böyük məbləğdə ianə verənlərə Hicaz Dəmir Yolu Medalı, xatirə olaraq etdikləri ianə məbləğini də göstərən bir sənəd verilirdi.

O illərdə Böyük Britaniya və onun ətrafındakı dövlətlər Osmanlının bu layihəsinə qarşı çıxırdı.

Yeri gəlmişkən, indi "Yeni Hicaz yoluna" qarşı çıxış edilir. Onların iddiasına əsasən, bu marşrut Hörmüz və Bab-əl-Məndab boğazlarından yan keçərək, İranın təsirindən asılı olmayan təhlükəsiz dəhliz yaratmağa yönəlib. Belə bir addımın nəticəsi İranın regional tranzit qovşağı kimi rolunun tədricən azalması və onun mühüm cənub dəniz yolları üzərində nəzarət baxımından strateji üstünlüyünün neytrallaşdırılması olacaq və s.

Ancaq bu və buna oxşar yanaşma müəyyən mənada indiki şərait üçün keçərli sayıla bilər. Çünki perspektivdə Yaxın Şərqdə müəyyən siyasi hadisələrin olacağı ehtimal edilir. Elə Suriyadakı dəyişikliklər, Qəzza zolağında baş verən hadisələr və s. bunu təsdiqləyir. Habelə yaxın gələcəkdə ABŞ ilə İslam Respublikası arasında münasibətlərin normallaşağcağı da istisna olunmur. Onda İranın da "Yeni Hicaz yolundan" faydalana bilər. Çünki belə layihələr gündəlik hadisələr üçün nəzərdə tutulmur.

Vaxtı ilə həmin qüvvələr Zəngəzur dəhlizi, Bakı-Tbilis-Ceyhan əsas neft ixrac kəmərinin tikintisinə, Orta dəhlizə qarşı da çıxanlar olub. Ancaq hadisələr belə düşüncələri alt-üst etdi.

Bu düşüncənin daşıyıcıları öz ölkələrinin təcridinə xidmət edir. Dünya isə əməkdaşlığa, əlaqələrə doğru inkişaf edir.

Ona görə də vaxtı ilə qlobal miqyasda müxalifləri çox olan "Həmidiyyə" layihəsi müasir dünyada da aktuallığını itirməyib. 2026-cı ildə Əmmanda Türkiyə, Suriya və İordaniyanın nəqliyyat nazirləri məsələ üzrə üçtərəfli memorandum imzalayıb. Səudiyyə Ərəbistanı da sonradan ona qoşulub.

Bu layihənin yaxın illərə başa çatdırılması planlaşdırılıb. Ancaq regionda yaranan siyasi vəziyyət onun tikintisini sürətləndirə də bilər.

Regionda baş verən hadisələr bu dəmir yolu xəttinin Yaxın Şərqlə Avropanı birləşdirəcək etibarlı xətt olacağını ehtimal etməyə əsas verir. ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Hörmüz boğazının bağlanması alternativ nəqliyyat xətlərinin yaranması və tikintisini qlobal miqyasda gündəliyə gətirib. "Yeni Hicaz yolu"nun Hörmüzə, hətta Süveyş kanalına alternativ ola biləcəyini, yaxud şaxələnən nəqliyyat xətlərinin aparıcılarından biri olacağını deməyə əsas verir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Orta Dəhliz, Zəngəzur dəhlizinin də perspektivdə bu yola birləşməsi onun daha böyük ərazini əlaqələndirməsinə imkan yarada bilər. "Yeni Hicaz yolu" Çinlə Mərkəzi Asiyanı Yaxın Şərqlə birləşməsində mühüm rol oynaya bilər. Bu həm də qlobal miqyasda nəqliyyat şəbəkəsi yaranması, ölkələrin bir-biri ilə təhlükəsiz ticarət əlaqəsi qurması üçün əlverişli layihə sayıla bilər.

Rəsmi mənbələr bildirir ki, yeni xətt üzrə sürətli sərnişin daşımaları işə salınacaq. Bu isə Türkiyə və Səudiyyə Ərəbistanının şəhərlərini, o cümlədən İstanbul ilə müsəlmanların müqəddəs şəhərləri - Məkkə və Mədinəni birbaşa birləşdirməyə imkan verəcək ki, bu da zəvvarların həcc ziyarətini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Habelə yeni yolla yükdaşımaları Hörmüz boğazı, Süveyş kanalı və Bab-əl-Məndəb boğazından asılılığı azalda bilər. Səudiyyə Ərəbistanının limanları Hindistan və Çindən gələn iri konteynerləri emal edərək, onları Avropaya göndərmək imkanı əldə edəcəklər.

Odur ki, bu yol həm də Asiya ilə Avropa arasında etibarlı əlaqələrin möhkəmlənməsinə, genişlənməsinə təkan verər. Odur ki, Türkiyə 126 il öncə II Əbdülhəmidin başladığı, müharibə nəticəsində yarımçıq qalmış regional və qlobal əhəmiyyətli layihəni bərpa edir. Bu, Türkiyənin strateji tərəfdarlarının güclənməsinə töhfə ola bilər. Regional ölkələrin bir-biri iqtisadi-ticarət sahəsində əlaqələrinin artırmasına və əməkdaşlığın güclənməsinə yardım edər. Bir sıra siyasi problemlərin həllinə də yardım amil ola bilər.

Beləliklə, "Yeni Hicaz yolu" Yaxın Şərqdə yeni şəraitin göstəricisi olur. 126 il öncə başlanan tikinti işləri yenidən davam edəcək.

Oxşar xəbərlər

Üç strateji marşrut: Biri Zəngəzur... - Yılmaz
Türkiyə Qars-Dilucu dəmir yolu layihəsi üçün 2,4 milyard avro "yaşıl maliyyə" cəlb edib
ADY: Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək
Qazaxıstanda dəmir yolu ilə tranzit yük daşımalarının 100 milyon tona qədər artacağı gözlənilir
ADY və Çin Dəmir Yolları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər