Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
sizinxeber.az xəbər saytı

Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL


Müasir beynəlxalq münasibətlər sistemində dekolonizasiya məsələsi yenidən qlobal siyasi gündəliyin mühüm istiqamətlərindən birinə çevrilib. Uzun illər əsasən tarixi irs kimi qiymətləndirilən müstəmləkəçilik problemi bu gün insan hüquqları, xalqların öz müqəddəratını təyin etmə hüququ, siyasi təmsilçilik və beynəlxalq hüququn tətbiqi kontekstində yenidən aktuallaşır. Məhz bu şəraitdə Bakı Təşəbbüs Qrupu dekolonizasiya ilə bağlı beynəlxalq müzakirələrin aparıcı platformalarından biri kimi ön plana çıxaraq müstəmləkəçilikdən əziyyət çəkən xalqların problemlərinin qlobal səviyyədə gündəmə gətirilməsində mühüm rol oynayır.

Bakı Təşəbbüs Qrupu yarandığı gündən etibarən dekolonizasiya məsələsinin beynəlxalq təşkilatların gündəmində saxlanılması, müstəmləkəçilik altında yaşayan xalqların hüquqlarının müdafiəsi və onların mövqelərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Təşkilat dekolonizasiya probleminə regional və ya lokal məsələ kimi deyil, beynəlxalq hüququn fundamental prinsipləri, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etmə hüququ prizmasından yanaşaraq bu mövzunun qlobal siyasi diskursun mühüm elementinə çevrilməsinə töhfə verir.

Bakı Təşəbbüs Qrupunun fəaliyyəti

Təşkilatın fəaliyyəti müstəmləkəçilikdən əziyyət çəkən xalqların problemlərinin beynəlxalq təşkilatların diqqətinə çatdırılması, onların siyasi hüquqlarının müdafiəsi və öz müqəddəratını təyin etmə hüququ ilə bağlı müzakirələrin qlobal səviyyədə genişləndirilməsinə yönəlib.

BTQ-nin ən mühüm beynəlxalq təşəbbüslərindən biri 2024-cü ilin iyun ayında BMT-nin Nyu-Yorkdakı qərargahında, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) sessiyası çərçivəsində təşkil etdiyi "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyin aradan qaldırılmasında C-24-ün rolu" adlı beynəlxalq konfrans olub. Konfransda Korsika, Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Qvadelupa, Fransa Qvianası və digər ərazilərdən nümayəndələr iştirak edərək, müstəmləkəçilik irsinin yaratdığı siyasi, hüquqi və sosial problemləri, eləcə də dekolonizasiya prosesinin perspektivlərini müzakirə ediblər.

2024-cü ilin iyul ayında BTQ Korsika və Fransanın dənizaşırı ərazilərində fəaliyyət göstərən müstəqillik tərəfdarı təşkilatları bir araya gətirən "Fransanın son müstəmləkələrinin azadlığı uğrunda beynəlxalq cəbhə" təşəbbüsünün formalaşdırılmasına dəstək verib. Bu təşəbbüs müxtəlif anti-kolonial hərəkatlar arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq səviyyədə daha koordinasiyalı fəaliyyətin qurulması baxımından mühüm addım kimi qiymətləndirilir.

Həmin ilin noyabr ayında COP29 çərçivəsində BTQ tərəfindən təşkil olunan "Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik" adlı beynəlxalq konfrans isə müstəmləkəçilik məsələsini iqlim ədaləti, dayanıqlı inkişaf və ekoloji hüquqlar kontekstində gündəmə gətirib. Tədbirdə Afrika, Karib hövzəsi və Sakit okean regionlarından siyasətçilər, hüquq müdafiəçiləri, alimlər və ictimai xadimlər iştirak edərək müstəmləkəçilik siyasətinin sosial, iqtisadi və ekoloji nəticələrini müzakirə ediblər.

BTQ-nin fəaliyyətində Korsika istiqaməti xüsusi yer tutur. Təşkilat Korsika ilə bağlı beynəlxalq konfranslar təşkil edib, Korsika milli hərəkatının nümayəndələrinin müxtəlif beynəlxalq platformalarda çıxışlarını təmin edib və onların mövqelərinin qlobal auditoriyaya çatdırılmasına dəstək göstərib.

Təsadüfi deyil ki, Fransa mətbuatında da "2024-cü ilin fevralından etibarən Korsika BTQ-nin əsas diqqət mərkəzlərindən birinə çevrilib" fikri yer alıb.

Bu fəaliyyətin davamı olaraq 2025-ci il mayın 13-də Romada BTQ və Korsikanın Nazione partiyasının birgə təşkilatçılığı ilə "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı beynəlxalq konfrans keçirilib. Konfransda Korsika milli hərəkatının nümayəndələri, ekspertlər və ictimai xadimlər iştirak edərək Korsikanın siyasi gələcəyi, özünüidarəetmə modeli, milli kimlik və suverenlik məsələləri ətrafında müzakirələr aparıblar.

2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil olunan "Bujival sazişindən sonra dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans da BTQ-nin mühüm təşəbbüslərindən biri olub. Tədbirdə Yeni Kaledoniya, Martinika, Qvadelupa, Reyunyon və Fransız Polineziyasından olan nümayəndələr iştirak edərək dekolonizasiya prosesinin gələcəyi, beynəlxalq hüququn tətbiqi və müstəmləkəçilikdən sonrakı idarəetmə modelləri ilə bağlı fikir mübadiləsi aparıblar.

BTQ eyni zamanda Yeni Kaledoniya ilə bağlı beynəlxalq hüquqi təşəbbüslərə dəstək göstərərək bu ərazinin dekolonizasiya prosesinin beynəlxalq təşkilatların gündəmində saxlanılması istiqamətində ardıcıl fəaliyyət aparıb. Təşkilatın təşəbbüsü ilə keçirilən tədbirlərin yekununda müstəmləkəçilik əleyhinə birgə siyasi bəyanatlar qəbul olunub, anti-kolonial hərəkatlar arasında əməkdaşlığın gücləndirilməsi və beynəlxalq səviyyədə koordinasiyanın artırılması ilə bağlı çağırışlar səsləndirilib.

2026-cı ildə də BTQ fəaliyyət coğrafiyasını və beynəlxalq əlaqələrini genişləndirərək dekolonizasiya mövzusuna həsr olunmuş konfranslar, ekspert müzakirələri və dəyirmi masalar təşkil etməyə davam edib. Bu tədbirlərdə Korsika, Yeni Kaledoniya, Martinika, Qvadelupa və Fransız Polineziyası kimi ərazilərdən olan nümayəndələr iştirak edərək öz müqəddəratını təyin etmə hüququ, siyasi təmsilçilik, mədəni irsin qorunması, sosial ədalət və insan hüquqları məsələlərini beynəlxalq gündəmə çıxarıblar. Bununla yanaşı, BTQ beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər və bəyanatlar vasitəsilə dekolonizasiya prosesinin sürətləndirilməsi, müstəmləkəçilik irsinin nəticələrinin aradan qaldırılması və müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirib.

Bu fəaliyyətlər göstərir ki, BTQ qısa müddət ərzində dekolonizasiya məsələsinin beynəlxalq müzakirələrdə daha geniş yer almasına, anti-kolonial hərəkatlar arasında institusional əməkdaşlığın formalaşmasına və müstəmləkəçilikdən əziyyət çəkən xalqların problemlərinin qlobal siyasi gündəliyin mühüm elementlərindən birinə çevrilməsinə əhəmiyyətli töhfə verən nüfuzlu beynəlxalq platforma kimi formalaşıb.

BTQ-nin beynəlxalq rezonansı və Fransanın artan narahatlığı

Fransanın Yeni Kaledoniyadakı etirazları zorakılıqla yatırmasından 2 il  ötür - VİDEO

BTQ-nin məhz bu istiqamətdəki fəallığı azsaylı xalqları uzun illər müstəmləkə idarəçiliyi altında saxlayan Fransada ciddi narahatlıq doğurur. Fransa mətbuatında Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər ilk baxışdan təşkilatın fəaliyyətinə dair tənqidi yanaşma kimi təqdim olunsa da, həmin iddiaların arxasında Fransanın artan narahatlığını görmək mümkündür. BTQ-nin dekolonizasiya məsələlərini beynəlxalq gündəmə çıxarması Parisin uzun illər daxili məsələ kimi təqdim etdiyi problemlərin artıq qlobal müzakirə predmetinə çevrilməsinə səbəb olub.

Son olaraq iyunun 3-də “Le Point” nəşrində yazılan məqalədə BTQ-nin fəaliyyətə toxunularaq, “xarici güclər həmişə özlərinə dost olmayan hesab etdikləri dövlətlərdə mövcud daxili ziddiyyətləri qızışdırmağa çalışıblar” fikri səsləndirilir. Məqalə bununla BTQ-nin fəaliyyətini geosiyasi təsir vasitəsi kimi təqdim etməyə çalışır. Əslində isə BTQ-nin fəaliyyəti hansısa dövlət daxilində ziddiyyət yaratmağa deyil, uzun illərdir beynəlxalq diqqətdən kənarda qalan xalqların hüquqlarını gündəmə gətirməyə yönəlib. Dekolonizasiya məsələsi BMT sənədlərində və beynəlxalq hüquqda tanınan prinsip olduğundan, bu mövzunun müzakirəyə çıxarılması xarici müdaxilə deyil, hüquqi və humanitar məsələlərin qabardılması kimi qiymətləndirilə bilər.

Məqalədə həmçinin qeyd olunur ki, “Paris hesab edir ki, Azərbaycan imkan yarandığı hər yerdə, xüsusilə Yeni Kaledoniya və Korsikada öz təsir imkanlarını genişləndirməyə çalışır”. Bu yanaşma BTQ-nin fəaliyyətini geosiyasi rəqabət prizmasından izah etməyə hesablanıb. Halbuki təşkilatın fəaliyyəti konkret ərazilərdə siyasi təsir qurmaqdan daha çox həmin xalqların problemlərini beynəlxalq platformalarda səsləndirməkdən ibarətdir. Əslində, bu cür qiymətləndirmələr Fransanın dekolonizasiya ilə bağlı müzakirələrin genişlənməsindən narahat olduğunu göstərir.

Fransa mətbuatında Azərbaycanın fəaliyyətinin “Fransanın Ermənistana verdiyi dəstəyə cavab vermək” məqsədi daşıdığı da iddia olunur. Əslində isə bu yanaşma BTQ-nin fəaliyyətinin mahiyyətini kifayət qədər dar çərçivədə izah edir. Çünki təşkilatın fəaliyyəti yalnız Fransa ilə bağlı deyil. BTQ müxtəlif regionlarda müstəmləkəçilikdən əziyyət çəkən xalqların problemlərini gündəmə gətirir və bu fəaliyyət beynəlxalq hüququn prinsipləri çərçivəsində həyata keçirilir. Xatırlatmaq yerinə düşər ki, BTQ Belçikanın, Niderlandın və digər ölkələrin müstəmləkəçilik siyasətinə, habelə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv addımlarına qarşı layihələr həyata keçirir, müxtəlif tədbirlər təşkil edir.

Fransanın daxili işlər naziri Jerald Darmanen Yeni Kaledoniya hadisələri zamanı Azərbaycanın bu proseslərdə rolunun “fantaziya deyil, reallıqdır” olduğunu bildirmişdi. Bu bəyanatın özü belə Parisin mövzuya nə qədər həssas yanaşdığını göstərir. Əslində, Fransa rəsmilərinin ardıcıl açıqlamalar verməsi, Fransa mediasında BTQ-nin əleyhinə yazıların dərc olunması təşkilatın fəaliyyətinin təsirsiz olmadığını, əksinə, diqqət çəkən və narahatlıq yaradan amilə çevrildiyini ortaya qoyur.

“Le Point” nəşrindəki məqalədə Korsikadakı proseslərdən bəhs edilərkən qeyd olunur ki, İvan Kolonnanın ölümündən sonra baş verən hadisələr fonunda “həmin dövrdə etirazlarla çalxalanan adanı sakitləşdirmək üçün müəyyən addımlar atılmalı idi”. Bu etiraf, əslində, vacib bir məqamı ortaya qoyur. Korsika məsələsinin kökü xarici təsirlərdə deyil, Fransa daxilində illərlə yığılıb qalan siyasi, sosial və mədəni problemlərdədir. Deməli, Korsikada baş verən prosesləri yalnız xarici amillərlə əlaqələndirmək reallığı tam əks etdirmir.

Məqalədə daha sonra “Azərbaycan isə bu vəziyyətdən istifadə edib” ifadəsi işlədilir. Bu yanaşma BTQ-nin fəaliyyətini Fransanın daxili çətinliklərindən yararlanmaq cəhdi kimi təqdim edir. Halbuki BTQ-nin gündəmə gətirdiyi məsələlər Fransa daxilində mövcud olan və uzun illərdir müzakirə edilən problemlərdir. BTQ həmin mövzuları beynəlxalq diqqətə çatdırır, onları yaratmır.

“Le Point” yazır ki, Azərbaycan 2023-cü ildə “müxtəlif Qərb dövlətlərinə problem yarada biləcək muxtariyyət və müstəqillik tərəfdarı hərəkatları bir araya gətirmək məqsədilə Bakı Təşəbbüs Qrupunu yaradıb”. Bu təqdimat təşkilatın fəaliyyətini məqsədli şəkildə siyasi müstəviyə çəkməyə çalışır. Əslində isə BTQ özünü dekolonizasiya platforması kimi təqdim edir və fəaliyyətinin əsas istiqaməti müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsidir.

Məqalədə Viginum hesabatına istinadən qeyd olunur ki, “2024-cü ilin fevralından etibarən Korsika BTQ-nin əsas diqqət mərkəzlərindən birinə çevrilib” və təşkilat “Fransanın son müstəmləkələrinin azadlığı uğrunda beynəlxalq cəbhə”nin yaradılmasını dəstəkləyib. Fransa mətbuatı bunu təhlükə kimi təqdim etməyə çalışsa da, bu fakt BTQ-nin dekolonizasiya mövzusunu beynəlxalq gündəmdə saxlamaq istiqamətində sistemli fəaliyyət göstərdiyini və buna nail olduğunu nümayiş etdirir.

Məqalədə daha sonra qeyd olunur ki, “hazırda Azərbaycandan hər hansı maliyyə axını aşkarlanmayıb”“indiyədək bu təşəbbüslərin Korsikanın siyasi həyatına nəzərəçarpacaq təsir göstərdiyini söyləmək çətindir”. Bu ifadələr xüsusi diqqət çəkir. Çünki eyni məqalədə BTQ-nin fəaliyyəti geniş şəkildə tənqid edilir, müxtəlif dövlət qurumlarının hesabatları və rəsmilərin açıqlamaları təqdim olunur. Əgər fəaliyyətin real təsiri yoxdursa, onun ətrafında bu qədər geniş informasiya kampaniyasının aparılması sual doğurur. Bu isə göstərir ki, narahatlıq BTQ-nin təsirsizliyindən deyil, dekolonizasiya məsələsini beynəlxalq gündəmdə saxlamaq bacarığından qaynaqlanır.

Nəticə etibarilə, Fransa mətbuatında yer alan əsassız fikirlər BTQ-nin fəaliyyətinin mahiyyətini dəyişmir. Əksinə, həmin materiallar göstərir ki, dekolonizasiya mövzusu artıq Parisin arzu etdiyi kimi yalnız daxili məsələ çərçivəsində qalmır. BTQ-nin gündəmə gətirdiyi məsələlər beynəlxalq müzakirələrin predmetinə çevrilir, bu isə Fransanın müstəmləkəçilik irsi ilə bağlı daha çox suallarla üzləşməsinə səbəb olur. Bu baxımdan Fransa mətbuatında səsləndirilən tənqidlər BTQ-nin fəaliyyətinin beynəlxalq səviyyədə rezonans doğurmasından xəbər verir.

Oxşar xəbərlər

Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır
Fond katibi: Bakı Təşəbbüs Qrupu müstəmləkə şəraitində yaşayan xalqların səsininin dünyaya çatdırılmasında mühüm işlər görür
Fond katibi: Bakı Təşəbbüs Qrupu mühüm işlər görür
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarətində yaşayan xalqlara dəstək verir - VİDEO
BMT nümayəndəsi: Afrika xalqları bu gün də tarixi zülmün nəticələri ilə üz-üzədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər