ICIEC rəhbəri: "Azərbaycan İslam maliyyəsi mexanizmləri ilə Fars körfəzindən kapital cəlb edə bilər" - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və Azərbaycanın Avrasiyanın mərkəzi logistika qovşaqlarından biri kimi formalaşması beynəlxalq kapital axını üçün yeni imkanlar yaradır.
Orta Dəhliz nəqliyyat marşrutunun inkişafı, irimiqyaslı infrastruktur təşəbbüslərinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı (PPP) formatlarının tətbiqi, eləcə də bərpa olunan enerji mənbələrinə keçid kursu təkcə böyük məbləğdə investisiyalar deyil, həm də risklərin azaldılması üçün səmərəli mexanizmlər tələb edir. Bu şəraitdə Azərbaycanın ən böyük İslam maliyyə institutları ilə dərin əməkdaşlığı Fars körfəzi dövlətlərindən və Asiya regionundan investisiyaların cəlb edilməsi üçün strateji katalizator rolu oynayır.
İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru vəzifəsini icra edən Xalid Xalafalla (Khalid Khalafalla) İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantısı zamanı "Report"a verdiyi müsahibədə Qarabağda bərpa layihələrinin maliyyələşdirilməsi imkanları, şəriət prinsiplərinə uyğun olaraq PPP təşəbbüslərinin dəstəklənməsi, Orta Dəhliz marşrutunda risklərin sığortalanması mexanizmləri, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan bankları ilə yeni razılaşmaların təfərrüatları barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- May ayında IsDB Qrupunun rəhbərliyi bərpa tədbirlərinin gedişatını qiymətləndirmək məqsədilə Qarabağ bölgəsinə səfər edib. ICD Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastruktura, enerji sektoruna və aqrar sahəyə sərmayə yatırmağa hazır olan özəl şirkətlərə birbaşa kredit xətlərinin ayrılması və ya onların kapitalında iştirak etmək imkanını nəzərdən keçirirmi?
- Şübhəsiz ki, əgər potensial investorlar, müştərilər və ya şirkətlər həyat qabiliyyətli, maliyyə cəhətdən əsaslandırılmış (bankable) layihələr təqdim edərsə, biz ICD olaraq onları araşdırmaqdan məmnun olarıq. Bu, bizim mandatımıza daxildir.
Qeyd olunan region Azərbaycanın, yəni bizim üzv ölkəmizin bir hissəsidir və bu ərazinin bərpasını dəstəkləmək üçün hər cür səy göstərəcəyik.
- Azərbaycan infrastrukturun bərpası üçün dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən fəal şəkildə istifadə edir. ICD şəriət prinsipləri çərçivəsində bu cür layihələrin strukturlaşdırılmasında hökumətə və özəl konsorsiumlara məsləhət dəstəyi göstərməyə hazırdırmı?
- Birmənalı şəkildə bəli. Söhbət dövlət-özəl tərəfdaşlığından gedirsə, bu istiqamətdə təkcə ICD deyil, bütün IsDB Qrupu böyük təcrübəyə malikdir. Biz bir sıra ölkələrdə birgə fəaliyyət göstəririk. IsDB və ICD-nin istər ənənəvi nəqliyyat sahəsi, istərsə də enerji sektoru olsun, xüsusilə infrastrukturun inkişafı sahəsində PPP layihələrinin maliyyələşdirilməsində paralel olaraq necə iştirak etdiyini müşahidə etmək olar.
Dövlət-özəl tərəfdaşlığına qoşulmaq və dəstək göstərmək fürsəti yaranarsa, bu cür imkanları nəzərdən keçirməyə mütləq şəkildə açığıq. Bu, prosesin bütün iştirakçıları üçün faydalıdır. Bu, ölkəyə xarici investorların, xarici kapitalın və texnoloji ekspertizanın cəlb edilməsinə kömək edir, həmçinin həyata keçirilən layihənin uzunmüddətli dayanıqlığını təmin edir.
- Azərbaycan Mərkəzi Asiyanı, Qafqazı və Yaxın Şərqi birləşdirən regional qovşaq rolunu ardıcıl olaraq möhkəmləndirir. ICD daha böyük həcmdə investisiyaların cəlb edilməsinə və regional iqtisadi inteqrasiya proseslərinin dəstəklənməsinə necə töhfə verə bilər?
- Əsas istiqamətlərdən biri, şübhəsiz ki, nəqliyyat sahəsinin inkişafına kömək etməkdir. Biz xüsusilə Türkiyənin avtomobil yolları və dəmir yolu sahələrində uğurlu layihələr həyata keçirmişik. Ölkənin qonşu dövlətlərlə əlaqəsini təmin etmək və regionun ümumi qarşılıqlı əlaqəliliyini gücləndirmək üçün bu təcrübə Azərbaycan üçün də tamamilə uyğundur. Yeri gəlmişkən, illik toplantımızın mövzusu məhz bu məsələyə həsr olunub.
- Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı Azərbaycanın liman, dəmir yolu və logistika infrastrukturuna irimiqyaslı kapital qoyuluşunu nəzərdə tutur. ICIEC bu dəhlizin buraxılış qabiliyyətinin artırılmasına yönəlmiş suveren və özəl layihələr üçün ixrac kreditlərinin sığortalanması və ya investisiya zəmanətlərinin verilməsi imkanlarını öyrənirmi?
- Şübhəsiz ki, ICIEC-nin mandatı məhz üzv dövlətlərimizə xarici kapitalın və investisiyaların cəlb edilməsində dəstək verməkdən ibarətdir. Biz üzv ölkələrdə olduqca genişmiqyaslı infrastruktur layihələri həyata keçirmişik. Xüsusilə vacib məqam budur ki, biz təcrid olunmuş şəkildə işləmirik. Biz həmçinin həm üzv ölkələrimizin ixrac-kredit agentlikləri, həm də (podratçıdan asılı olaraq) aparıcı qlobal oyunçularla, məsələn, Avropa ixrac-kredit agentlikləri, ABŞ-nin "Exim Bank"ı, Yaponiyanın "NEXI" və ya "Korea Exim Bank"ı ilə əməkdaşlıq edirik.
Bu cür layihələrin bir çoxu, bir qayda olaraq, genişmiqyaslı olması ilə seçilir ki, bu da eyni vaxtda kommersiya kreditorlarının, ixrac-kredit agentliklərinin və ICIEC-nin cəlb edilməsini zəruri edir. ICIEC-nin çoxtərəfli institut kimi iştirakı əlavə dəyər yaradır: biz "AAA" reytinqli IsDB Qrupunun bir hissəsiyik, ICIEC-nin özü isə "AA" reytinqinə malikdir. Bu, maliyyə institutları, ilk növbədə, beynəlxalq institutlar üçün son dərəcə əhəmiyyətlidir. Bizim təminatımız layihə üzrə kredit şərtlərinin (credit enhancement) yaxşılaşdırılmasına kömək edir və xarici kapitalı tranzaksiyalarda iştirak etməyə təşviq edir.
- ICIEC Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə fəal əməkdaşlıq edir. Əvvəllər korporasiyanın ÇXR, Cənubi Koreya, Yaponiya və Hindistandan investorları və texnologiya şirkətlərinin respublikaya cəlb etmək niyyəti barədə məlumat verilmişdi. Bu işin ilk praktiki nəticələri nələrdir və hazırda hansı birgə investisiya layihələri anderraytinq (risklərin qiymətləndirilməsi) mərhələsindədir?
- Biz məhz bu məqsədlə - investisiyaları stimullaşdırmaq və Azərbaycanın cəlbedici investisiya istiqaməti kimi mövqelərini möhkəmləndirmək üçün 2024-cü ildə AZPROMO ilə Anlaşma Memorandumu imzalamışıq. ICIEC-nin konkret nailiyyətlərinə gəldikdə, biz artıq Çinin telekommunikasiya xidmətlərinin Azərbaycana ixracına dəstək göstərmişik.
Bununla yanaşı, biz AZPROMO ilə birlikdə Azərbaycanda investisiya imkanlarını öyrənmək üçün digər regionlardan, ilk növbədə, Fars körfəzi dövlətlərindən investorlar cəlb etmək niyyətindəyik. Bu, fasiləsiz prosesdir və bu istiqamətdə birgə fəaliyyətimiz davam etdiriləcək.
- ICIEC "SOCAR Green" və "Cənub Qaz Dəhlizi" QSC kimi əsas strukturlarla bir sıra məhsuldar görüşlər keçirib. Onların layihələrində hansı formatda iştirakınız nəzərdə tutulur? Söhbət infrastrukturun genişləndirilməsi üçün suveren risklərin sığortalanmasından, yoxsa SOCAR-ın "yaşıl təşəbbüslərinin" kommersiya cəhətdən təkrarsığortalanmasından gedir?
- SOCAR-la əməkdaşlıq iki istiqamətdə həyata keçiriləcək. Bir tərəfdən, bu, SOCAR-ın beynəlxalq miqyasda genişlənməsi üçün ixrac kreditlərinə dəstəkdir. Azərbaycan daxilində isə biz əsasən SOCAR ilə infrastruktur layihələri və bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək, şirkətin hazırlayacağı və ya təşviq edəcəyi layihələrdə beynəlxalq maliyyə institutlarının iştirakını təmin edəcəyik.
- IsDB Qrupu (o cümlədən ICD və ICIEC) ilə Azərbaycan arasında müzakirə mərhələsində olan yeni təşəbbüslər barədə nə deyə bilərsiniz?
- Hazırda konkret layihələr yoxdur, lakin əsasən bərpa olunan enerji mənbələri, infrastrukturun inkişafı, həmçinin dəmir yolu sahəsində ilkin işlənmə mərhələsində olan bir sıra ideyalar var. Daha əvvəl ICIEC Qazaxıstandan Azərbaycana lokomotivlərin ixracına dəstək göstərib. Bu, məhz prioritet kimi müəyyən edə və miqyasını genişləndirə biləcəyimiz istiqamətdir.
- Bu gün İllik Toplantılar çərçivəsində ICD ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandumun mahiyyəti nədən ibarətdir?
- SOCAR-la imzalanan Anlaşma Memorandumu bərpa olunan enerji, infrastruktur təşəbbüsləri sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan ixracının beynəlxalq bazarlarda, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərdə və bütövlükdə regionda təşviqi üçün çərçivə platforması hesab edilə bilər.
- Ümumiyyətlə bu gün imzalanan beş sənədin Azərbaycana konkret hansı faydaları olacaq? Hazırda hansı layihələr nəzərdən keçirilir?
- Azərbaycanla Korporasiya arasında mövcud olan çərçivə sazişi öz mahiyyətinə görə maliyyə resurslarının cəlb edilməsi üçün müvafiq platformanın formalaşdırılmasına istiqamətlənib. Bu maliyyə vəsaitləri konkret xüsusiyyətlər nəzərə alınaraq müxtəlif layihələrin reallaşdırılmasında tətbiq olunacaq.
Bundan əlavə, bank qurumları ilə kredit xətlərinin açılmasına dair real müqavilələrimiz Azərbaycan ərazisində müəyyən olunmuş meyarlara uyğun gələn kiçik və orta sahibkarlığın maliyyə dəstəyi ilə təmin edilməsinə yönələcək.
Beləliklə, bu əməkdaşlıq iki əsas istiqaməti əhatə edir. Bir tərəfdən Azərbaycanın daxili iqtisadi fəaliyyətinə, infrastrukturunun təkmilləşdirilməsinə və yenilənməsinə dəstək verəcək, digər tərəfdən isə Azərbaycan ixrac məhsullarının beynəlxalq bazarlara çıxarılmasına və xüsusilə region daxilində təbliğinə yardım edəcək. Əsas məqsəd bu qarşılıqlı əməkdaşlığın deklarativ xarakter daşımamasını, real nəticələrə söykənməsini təmin etməkdir.
Oxşar xəbərlər
Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"
ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
IsDB, ICD və IsDBI Azərbaycanın İslam maliyyə infrastrukturunun gücləndirilməsinə kömək etməyə hazırdır
Yasser Alaki: "IsDB Azərbaycan şirkətlərinin süni intellekt layihələrinə maliyyə dəstəyi verməyə hazırdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
-
Le Monde: G7 liderləri Rusiyanın enerji sektoruna qarşı sanksiya təzyiqini gücləndirəcəklər
-
İngiltərə millisinin futbolçusu Tino Livramento DÇ-2026-da meydana çıxa bilməyəcək
