Ermənistan üçün yol ayrıcı: sülh sazişi, yoxsa revanşizm? - TƏHLİL
Ermənistanda keçirilən seçkilər təkcə bu ölkənin daxili siyasi həyatını müəyyənləşdirmir. Bu seçkilər eyni zamanda Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası, sülh prosesi və regionun geosiyasi istiqaməti baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə regionda yaranmış yeni reallıqlar fonunda Ermənistan cəmiyyətinin verəcəyi qərar həm ölkənin öz gələcəyinə, həm də regionun inkişaf perspektivlərinə təsir göstərəcək.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti və Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov da hesab edir ki, seçkilərin əhəmiyyəti Ermənistanın sərhədlərini çoxdan aşır: "Ermənistanda keçirilən bugünkü seçkilər təkcə bu ölkənin daxili siyasi gələcəyi baxımından deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək inkişaf trayektoriyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Seçkilərin nəticələri regionda son illərdə formalaşan siyasi reallıqların davam edib-etməyəcəyinə, əldə olunmuş razılaşmaların icrasına, sülh və ya qarşıdurma risklərinin artmasına, eləcə də Qafqazın gələcəkdə nə dərəcədə suveren və sabit məkan kimi formalaşacağına birbaşa təsir göstərəcək."

Azərbaycanın adı niyə Ermənistan seçkilərinin əsas mövzusuna çevrilib?
Bu seçki kampaniyasının diqqət çəkən məqamlarından biri Ermənistanın daxili sosial-iqtisadi problemlərindən daha çox Azərbaycanın, Prezident İlham Əliyevin və Qarabağ məsələsinin müzakirə olunmasıdır. Faktiki olaraq seçki debatlarında, siyasi çıxışlarda və aksiyalarda ən çox səslənən mövzulardan biri Azərbaycan olub.
Bu isə onu göstərir ki, regionun siyasi gündəliyini müəyyən edən əsas aktor artıq Azərbaycandır. Ermənistan daxilində fəaliyyət göstərən siyasi qüvvələr istər iqtidar, istərsə də müxalifət olsun, öz siyasi arqumentlərini Azərbaycan faktorundan kənar qura bilmirlər.
"Seçki kampaniyası dövründə həm iqtidarın, həm müxalifətin, həm də müxtəlif namizədlərin çıxışlarında ən çox istifadə olunan anlayışlardan biri Azərbaycan və Prezident İlham Əliyevin adı olub. Bu fakt Azərbaycanın artıq regionun siyasi gündəliyini formalaşdıran əsas aktorlardan birinə çevrildiyini göstərir. Ermənistan daxilində gedən siyasi proseslərdə Azərbaycan amili və Prezident İlham Əliyevin təsiri açıq şəkildə hiss olunur."deyə Zaur Məmmədov bildirib.
Politoloqun fikrincə, Ermənistan müxalifətinin Paşinyanı "Azərbaycanın maraqlarına xidmət edən siyasətçi" kimi təqdim etməyə çalışması da təsadüfi deyil: "Bu yanaşma əslində müxalifətin Azərbaycan və Prezident İlham Əliyevlə bağlı narahatlığını və siyasi debatlarda hiss olunan təhlükə algısını ortaya qoyur."
Azərbaycan seçkidən nə gözləyir?
Azərbaycan üçün əsas məsələ konkret namizədin hakimiyyətə gəlməsi deyil. Bakı üçün vacib olan Ermənistanın hansı siyasi kursu seçəcəyidir.
Bu seçkilər əslində sülhlə revanşizm arasında seçimdir.
Bu gün regionda sülh gündəliyinin müəllifi və təşəbbüskarı Azərbaycandır. Müharibədən sonrakı dövrdə Bakı kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, regional əməkdaşlıq və qarşılıqlı tanınma üzərində qurulan yeni model təklif edib.
Zaur Məmmədov hesab edir ki, seçkinin nəticəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: "Əgər Ermənistan seçiciləri yenidən Nikol Paşinyana etimad göstərərlərsə, bu halda Bakı ilə İrəvan arasında son dövrlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün daha əlverişli şərait yaranacaq. Yaxın beş il ərzində bu razılaşmaların reallaşması baxımından Paşinyanın hakimiyyətdə qalması mühüm əhəmiyyət daşıyır."
Politoloqun sözlərinə görə, əsas məsələ Ermənistan Konstitusiyasında dəyişikliklərin həyata keçirilməsi və Azərbaycanın əsas tələblərinin hüquqi müstəviyə keçirilməsidir: "Xüsusilə Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, referendumun keçirilməsi və Azərbaycanın əsas tələblərinin hüquqi prosedurlar çərçivəsində yerinə yetirilməsi vacib məsələlər kimi qiymətləndirilir."
Qarabağ kartının yenidən gündəmə gətirilməsi nəyi göstərir?
Seçki kampaniyasında diqqət çəkən digər tendensiya Qarabağ mövzusunun yenidən siyasi alətə çevrilməsidir.
Təkcə Ermənistan daxilində deyil, Qərbdə və Rusiyada da müəyyən dairələr bu mövzunu yenidən gündəmə qaytarmağa çalışırlar.
"Son hadisələr göstərir ki, revanşist qüvvələr Qarabağ mövzusunu yenidən gündəmə qaytarmağa çalışırlar. Təkcə Ermənistan daxilində deyil, həm Qərbdə, həm də Rusiyada müəyyən dairələr Qarabağ məsələsini, mədəni irs və digər mövzuları yenidən aktuallaşdırmaq niyyətindədirlər." deyə Zaur Məmmədov bildirir.
Bu baxımdan İsveçrədə keçmiş separatçıların isveçrəli deputatlarla görüşləri, Avropa Parlamentində qəbul olunan bəzi qətnamələr, Rusiyada "Tatik-Papik" mövzusu ətrafında aparılan təbliğat eyni tendensiyanın elementləri kimi görünür.
Politoloq hesab edir ki, həm Qərbdə, həm də Rusiyada Qarabağ kartını yenidən dövriyyəyə buraxmaq istəyən qüvvələr qalmaqdadır: "Hazırda Qərb Paşinyanı, Rusiya isə müxalifəti dəstəkləyir. Bununla yanaşı, həm ABŞ-də, həm də Avropa İttifaqında və Rusiyada Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyən qüvvələr mövcuddur. Həmin dairələr gələcəkdə bu mövzudan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərə bilərlər."
Konstitusiya dəyişikliyi Azərbaycanın əsas gözləntisidir
Seçki kampaniyasında Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsi Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinin nə qədər əsaslı olduğunu göstərir.
Problem təkcə ayrı-ayrı siyasətçilərin bəyanatlarında deyil. Problem Ermənistanın hüquqi-siyasi sistemində Azərbaycana qarşı ərazi iddialarının tam aradan qaldırılmamasındadır.
Zaur Məmmədov hesab edir ki, məsələnin birdəfəlik həlli hüquqi müstəvidə baş verməlidir: "Məsələnin birdəfəlik həlli üçün Ermənistan Konstitusiyası çərçivəsində hüquqi qərarlar qəbul edilməlidir. Bu səbəbdən Paşinyanın sadəcə qalib gəlməsi deyil, parlamentdə üçdə iki səs çoxluğu qazanması xüsusi əhəmiyyət daşıyır."
Onun sözlərinə görə, belə bir nəticə hakimiyyətə referendum təşəbbüsü ilə çıxış etmək imkanı verə bilər:
"Belə bir nəticə hakim partiyaya koalisiyaya ehtiyac olmadan referendum təşəbbüsü ilə çıxış etmək və Ermənistan xalqının Azərbaycanla münasibətlərin gələcəyi ilə bağlı birbaşa mövqeyini ortaya qoymaq imkanı verə bilər."
Politoloq hesab edir ki, bu zaman məsuliyyət birbaşa Ermənistan cəmiyyətinin üzərinə düşəcək: "Bu halda məsuliyyət birbaşa Ermənistan cəmiyyətinin üzərinə düşəcək və beynəlxalq ictimaiyyət Ermənistanın sülhə, yoxsa qarşıdurmaya üstünlük verdiyini aydın şəkildə görəcək."
Qarabağ institutları ləğv edilməlidir
Azərbaycanın seçkidən sonra Ermənistandan gözlədiyi ən mühüm addımlardan biri Qarabağ adı altında fəaliyyət göstərən bütün institutların birdəfəlik ləğv edilməsidir.
Söhbət müxtəlif nümayəndəliklərdən, təmsilçiliklərdən, fondlardan və separatçı ideologiyanı yaşadan strukturlardan gedir.
Əgər Ermənistan rəhbərliyi həqiqətən sülh səhifəsini bağlamaq istəyirsə, ilk növbədə bu institutların fəaliyyətinə son qoymalıdır.
Bu yalnız Ermənistan daxilində deyil, Fransa, ABŞ, Rusiya və digər ölkələrdə də həyata keçirilməlidir. Xaricdə fəaliyyət göstərən separatçı təmsilçiliklər və onların müxtəlif formatlarda qorunub saxlanılması sülh prosesinin ruhuna ziddir.
Qarabağ institutlarının ləğvi olmadan Ermənistanın yeni siyasi kursa keçdiyini iddia etmək çətin olacaq.
TRIPP və yeni regional imkanlar
Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli yalnız siyasi deyil, iqtisadi məzmun da daşıyır.
TRIPP layihəsi, nəqliyyat dəhlizləri, yaşıl enerji marşrutları və regional kommunikasiyaların açılması bütövlükdə Cənubi Qafqaz üçün yeni imkanlar yaradır.
Zaur Məmmədov hesab edir ki, region tarixində ilk dəfə belə fürsət yaranıb:
"Azərbaycanın Ermənistana təklif etdiyi layihələr, o cümlədən TRIPP və digər istiqamətlər üzrə irəli sürülən təşəbbüslər hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Region tarixində ilk dəfə olaraq belə bir imkan yaranıb və bu fürsətdən maksimum istifadə edilməlidir."
Politoloqun fikrincə, bu imkanın itirilməsi ciddi strateji səhv ola bilər: "Bu tarixi imkanın əldən verilməsi ciddi səhv olardı. Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanın yenidən müxtəlif xarici təsir mərkəzlərinin maraqlarına xidmət edən siyasi kursa qayıtması ilə nəticələnə bilər."
Qərbin riyakarlığı və seçki standartları
Seçkilərlə bağlı müzakirələrdə diqqət çəkən məsələlərdən biri də Qərbin və beynəlxalq müşahidə institutlarının mövqeyidir.
Qərb uzun illər müxtəlif ölkələrə demokratiya və seçki standartları barədə dərs keçməyə çalışsa da, Ermənistanda müşahidə olunan inzibati resurslardan istifadə, siyasi təzyiqlər, həbslər, səslərin alınması və xarici müdaxilə iddiaları ilə bağlı eyni həssaslığı nümayiş etdirmir.
Nəticədə həm Qərb, həm Rusiya, həm də Ermənistanın daxili siyasi qüvvələri müxtəlif formalarda prosesə təsir göstərirlər. Lakin seçkiləri müşahidə edən beynəlxalq strukturlar bu problemlərin əhəmiyyətli hissəsini görməzdən gəlirlər.
Ermənistan sülhə, yoxsa qarşıdurmaya səs verir?
Zaur Məmmədovun fikrincə, iyunun 7-si Ermənistan üçün adi seçki günü deyil: "İyunun 7-si Ermənistan üçün seçim günüdür və ölkə faktiki olaraq sülh ilə müharibə, eləcə də Qərb ilə Rusiya arasında seçim edir. Eyni zamanda Ermənistan cəmiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərdə hansı kursun seçiləcəyinə qərar verir."
Politoloq vurğulayır ki, Azərbaycanın məqsədi regionu geosiyasi qarşıdurma meydanına çevirmək deyil: "Azərbaycanı Ermənistandan və bir sıra digər ölkələrdən fərqləndirən əsas məqam bölgəni Qərblə Rusiya və ya Qərblə İran arasında geosiyasi qarşıdurma meydanına çevirmək istəməməsidir. Azərbaycanın məqsədi regionu sabitlik və əməkdaşlıq məkanına çevirməkdir."
Bu baxımdan Ermənistan seçkiləri sadəcə hakimiyyət uğrunda mübarizə deyil. Bu seçkilər regionun gələcək inkişaf modelinin, sülhün və ya revanşizmin seçilməsidir. Azərbaycan üçün əsas nəticə konkret şəxslərin qələbəsi deyil, Ermənistanın hüquqi və siyasi səviyyədə sülh yolunu seçməsi, Konstitusiyasında dəyişiklik etməsi və Qarabağ adı altında fəaliyyət göstərən bütün institutların birdəfəlik ləğv olunmasıdır. Məhz bu halda Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhdən danışmaq mümkün olacaq.
Oxşar xəbərlər
Regionda yeni reallıqları Azərbaycan və Türkiyə formalaşdırır, erməni xalqı düzgün seçim etməlidir - RƏY
Türkiyə XİN parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Elçin Əmirbəyov: Ermənistanda yeni konstitusiya qəbulu regionda sülhün təmini baxımından vacibdir
Moldovalı deputat: Seçkilər azad və konstruktiv şəraitdə keçir
Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən 26 şirkət regionun ekologiyasına ziyan vurur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
