Nazir müavini: "Azad edilmiş ərazilərdə özəl sektor üçün yeni investisiya imkanları yaradılır"
Nəqliyyat və bağlantı investisiya axınlarının əsas hərəkətverici qüvvəsinə çevrilir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində deyib.
Onun sözlərinə görə, eyni zamanda, bu gün investisiya qərarlarına təsir edən ən mühüm amillərdən biri bağlantı - yəni kommunikasiya və nəqliyyat imkanlarıdır: "Azərbaycan üçün bağlantı təkcə nəqliyyat məsələsi deyil, həm də strateji iqtisadi inkişaf istiqamətidir. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkəmiz, xüsusilə Orta Dəhliz vasitəsilə Şərq–Qərb bağlantısının gücləndirilməsində mühüm rol oynayır. Bu məqsədlə biz nəqliyyat, loqistika və ticarət infrastrukturunun genişləndirilməsini və multimodal daşımaların inkişafını davam etdiririk".
A.Axundov bildirib ki, bu gündəliyin əsas elementlərindən biri də TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) kimi də adlandırılan Zəngəzur Dəhlizidir. Bu dəhliz Orta Dəhlizi daha da genişləndirəcək və Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya-Sakit okean regionu bazarlarını birləşdirən loqistika və tranzit qovşağı kimi rolunu gücləndirəcək: "İlkin mərhələdə onun yükötürmə qabiliyyəti 15 milyon ton səviyyəsində qiymətləndirilir. Bu təşəbbüs istehsal, loqistika, anbar təsərrüfatı, emal, ticarət xidmətləri və regional dəyər zəncirlərinə investisiya qoyuluşu üçün geniş imkanlar yaradır".
Nazir müavini qeyd edib ki, Azərbaycan sənaye zonaları şəbəkəsini genişləndirərək investisiya mühitini gücləndirir: "Ələt Azad İqtisadi Zonası bu baxışın mühüm tərkib hissəsidir. Bakı Beynəlxalq Dəniz Limanının yaxınlığında və əsas nəqliyyat dəhlizlərinin üzərində strateji mövqedə yerləşən bu zona ixraca yönəlmiş istehsal, yüksək əlavə dəyərli sənaye, loqistika xidmətləri və texnologiyaya əsaslanan fəaliyyətlər üçün olduqca əlverişli şərait təklif edir. Daha geniş müstəvidə isə Azərbaycan müasir infrastruktur və rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb. Bu platformalar investorların bazara daha tez daxil olmasına və daha səmərəli fəaliyyət göstərməsinə kömək edir".
A.Axundov həmçinin vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə – Azərbaycanın ən böyük bərpa və yenidənqurma proqramının həyata keçirildiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da mühüm imkanlar görür: "Müasir, dövlət tərəfindən maliyyələşdirilən infrastruktur, etibarlı bağlantı və investisiya təşviqi alətləri özəl sektorun iştirakı üçün yeni imkanlar açır. Bu ilin yanvarın 1-dən etibarən oxşar 10 illik vergi azadolmaları Naxçıvan Muxtar Respublikasında da tətbiq olunmağa başlanılıb".
Oxşar xəbərlər
Səməd Bəşirli: "Azərbaycan Orta Dəhlizin mərkəzində regional ticarət qovşağıdır"
Anar Axundov: "Yaşıl keçid" Azərbaycanda yeni investisiya imkanları yaradır"
Anar Axundov: "Tam dövriyyəli istehsal imkanlarını nəzərdən keçirməyə çalışırıq"
Mikayıl Cabbarov: Azərbaycanın investisiya perspektivləri üç strateji üstünlük üzərində formalaşır
Mikayıl Cabbarov: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə üç aktiv investisiya fondu yaradıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
