Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək Xəzər dənizindən keçən "yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) 2027-ci ilin yanvarınadək başa çatması planlaşdırılır.
Bu barədə "Report"a Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov V Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.
Ü. Mamadaminovun sözlərinə görə, TİƏ üzrə hazırlıq işlərinə artıq başlanılıb, İtaliyanın mühəndislik və konsaltinq şirkəti olan CESI isə layihənin aparıcı məsləhətçisi seçilib.
"Biz TİƏ-nin birinci mərhələsinin 2027-ci ilin yanvarınadək başa çatdırılacağını gözləyirik. Bu, layihənin icrasının növbəti mərhələsinə keçmək üçün texniki, iqtisadi və kommersiya əsasını təmin edəcək", - o qeyd edib.
Nazir müavini vurğulayıb ki, "yaşıl enerji dəhlizi" Mərkəzi Asiya regionunda həyata keçirilən strateji baxımdan ən əhəmiyyətli enerji təşəbbüslərindən biridir. Onun sözlərinə görə, layihə Mərkəzi Asiyada bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Xəzər dənizindən keçən xüsusi ötürücü dəhliz vasitəsilə Avropa bazarlarına ixracına yönəlib.
"Mərkəzi Asiya nəhəng bərpa olunan enerji resurslarına, xüsusən də külək və günəş enerjisi istehsalı üzrə əhəmiyyətli potensiala malikdir. Təkcə Özbəkistan və Qazaxıstan "yaşıl elektrik enerjisi"nin gələcək ixracı üçün əhəmiyyətli imkanlar yaradacaq bərpa olunan enerjinin inkişafı üzrə irimiqyaslı proqramlar həyata keçirirlər. "Yaşıl enerji dəhlizi" bu regional potensialı açmaq və Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqəliliyini gücləndirmək məqsədi daşıyır", - o deyib.
Ü. Mamadaminovun sözlərinə görə, bütün iştirakçı ölkələr təşəbbüsün həyata keçirilməsində birgə iştirak edirlər və layihənin əlaqələndirilməsi üçün artıq xüsusi layihə şirkəti yaradılıb.
O vurğulayıb ki, layihə dünyanın digər regionlarında uğurla tətbiq olunan, artıq sınaqdan keçirilmiş texnologiyalara əsaslanır.
"Bu, eksperimental konsepsiya deyil. Yüksək gərginlikli sualtı sistemlərarası birləşmələrin analoji layihələri artıq bir sıra ölkələr arasında, o cümlədən Norveç və Niderland arasındakı "NorNed", Niderland və Böyük Britaniya arasındakı "BritNed", Norveç və Böyük Britaniya arasındakı "North Sea Link", Almaniya və Norveç arasındakı "NordLink", Danimarka və Böyük Britaniya arasındakı "Viking Link", eləcə də İtaliyanın əsas hissəsini Sardiniya ilə birləşdirən SAPEI kabeli daxil olmaqla uğurla fəaliyyət göstərir. Bu layihənin unikallığı ondan ibarətdir ki, o, Mərkəzi Asiya ilə Avropa arasında ilk birbaşa "yaşıl enerji" körpüsünü yaradacaq", - nazir müavini qeyd edib.
Ü.Mamadaminov daha geniş regional əməkdaşlığı şərh edərək bildirib ki, Özbəkistan və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığı gücləndirməyə davam edirlər: "Xüsusilə, Azərbaycan Dovlət Neft Şirkəti (SOCAR) və "Özbəkneftqaz" neft-qaz sənayesinin bir sıra istiqamətləri üzrə fəal əməkdaşlıq edirlər".
O əlavə edib ki, iki ölkə arasında enerji əməkdaşlığı ənənəvi karbohidrogenlər çərçivəsindən kənara çıxır və bərpa olunan enerjinin inkişafını, regional enerji əlaqəliliyini və enerji təhlükəsizliyi sahəsindəki uzunmüddətli təşəbbüsləri getdikcə daha çox əhatə edir.
Oxşar xəbərlər
ADB "Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması üçün tender keçirir
Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üzrə birgə müəssisə Bakıda yerləşəcək
Orxan Zeynalov: "Azərbaycan-Türkiyə enerji dəhlizinin gücü ildə 3 QVt təşkil edə bilər"
Orxan Zeynalov: “Yaxın Şərq və Çin şirkətləri Transxəzər enerji dəhlizinə maraq göstərir"
Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
