"Bakı Gəmiqayırma Zavodu" indiyə qədər 170-dən çox gəmi təmir edib
sizinxeber.az xəbər saytı

"Bakı Gəmiqayırma Zavodu" indiyə qədər 170-dən çox gəmi təmir edib


İndiyə qədər "Bakı Gəmiqayırma Zavodu" MMC-də 170-dən çox gəmi təmir edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Zavodun İdarə Heyətinin sədri Ruslan Talıbov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Bakı Gəmiqayırma Zavodu"nda ümumilikdə 14 gəmi tikinti layihəsi uğurla həyata keçirilib: "Fəaliyyətə başladığı dövrdən etibarən 170-dən çox gəminin təmiri icra olunub. Tikilən gəmilər sırasında "Xankəndi" sualtı tikinti gəmisi, dibdərinləşdirən gəmi, yedək gəmiləri, yarımdalma qazma qurğusunun pontonları və üst göyərtələri, sərnişin və bərə gəmiləri, eləcə də neft və kimyəvi məhsullar daşıyan tankerlər yer alır. Bu göstəricilər zavodun ölkənin sənaye və nəqliyyat sektorunda mühüm rol oynadığını təsdiqləyir".

O əlavə edib ki, zavodun illik istehsal gücü 25 min ton gəmi metal konstruksiyalarının hazırlanmasına imkan verir: "Mövcud potensial hesabına müəssisə ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker və yaxud alternativ olaraq 2 ədəd 60–70 min ton yükgötürmə qabiliyyətli "Caspian Max" tipli tanker istehsal edə bilər. Bununla yanaşı, eyni vaxtda müxtəlif təyinatlı 4 gəminin paralel şəkildə tikintisi mümkündür".

R. Talıbov bildirib ki, hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin tikintisi davam etdirilir: "6 gəmi isə layihələndirmə mərhələsindədir. Sifarişlər arasında "AD Ports"un sifarişi əsasında inşa olunan 2 ədəd çoxməqsədli quru yük konteyner gəmisi xüsusi əhəmiyyət daşıyır. "AD Ports"un sifarişi əsasında inşa olunan çoxməqsədli quru yük və konteyner gəmilərinin tikintisi təsdiq edilmiş qrafikə uyğun olaraq davam etdirilir. Layihələr üzrə əsas avadanlıq və materialların sifarişi həyata keçirilmiş, gəmi gövdələrinin tikintisinə başlanılıb. H128 layihəsi üzrə 2 blokun istehsalı tamamlanmış, 5 blokun tikintisi isə hazırda davam etdirilir. H129 layihəsi üzrə də gövdə konstruksiyasının tikintisinə başlanılmış və hazırda 2 blokun istehsalı aparılır. Gəmilərin 2028-ci ilə qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılır".

Oxşar xəbərlər

"Bakı Gəmiqayırma Zavodu" "KTZ Express Shipping" şirkəti üçün iki gəmi tikəcək
Xəzər hövzəsində ən böyük gəmiqayırma zavodu 2028-ci ilədək olan planlarını açıqlayıb
ASCO-nun gəmiləri “Bakı Gəmiqayırma Zavodu”nun akvatoriyasında dibdərinləşdirmə işləri aparıb
Azərbaycanda ilk dibdərinləşdirən gəmi bu il hazır olacaq
Azərbaycan Prezidenti: Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər