AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır
sizinxeber.az xəbər saytı

AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır


Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır.

"Report" xəbər verir ki, bunu ​Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.

"Biz hər zaman hazır vəziyyətdə olmalıyıq - yəni hər bir insidentə operativ reaksiya vermək və onların qarşısını almaq üçün davamlı hazırlıq vacibdir. Ümumilikdə süni intellektə gəlincə, hazırda bütün dünya bu texnologiyadan istifadə etməyə çalışır, bu, təbii olaraq müsbət qarşılanır və dəstəklənir. Süni intellekt işləri xeyli asanlaşdırır - əvvəllər saatlarla "Google"da axtarış aparılan məlumatlar indi bir neçə dəqiqə, hətta saniyə içində əldə olunur. Lakin burada vacib bir məqam var - suverenlik anlayışı. Biz fərdi və həssas məlumatları heç bir halda süni intellekt sistemlərinə ötürməməliyik. Çünki istifadə etdiyimiz bir çox süni intellekt xidmətləri bulud əsaslıdır (cloud-based). Əgər təşkilat daxilində yerləşən (on-premise) sistemlərdən istifadə olunursa, bu müəyyən qədər daha nəzarətli ola bilər. Amma bulud sistemlərinə ötürülən fərdi məlumatlar ciddi təhlükəsizlik riskləri yarada bilər və həmin məlumatlar potensial olaraq bizə qarşı istifadə oluna bilər", - deyə o qeyd edib.

AMB rəsmisi həmçinin deyib ki, süni intellektin üstünlüklərini vurğulayarkən onun mənfi tərəflərini də nəzərə almaq vacibdir: "Hər hansı bir sənəd və yaxud məlumatla işləyərkən biz həmin datanın dəyərini və həssaslıq səviyyəsini düzgün qiymətləndirməliyik. Yəni bu data nə dərəcədə konfidensialdır, hansı hallarda paylaşılması mümkündür, bunu əvvəlcədən müəyyənləşdirməliyik. Bu qiymətləndirmədən sonra qərar verilməlidir. Ümumilikdə yanaşma ondan ibarətdir ki, bu proses böyük bir zəncir kimidir - bütün şirkətlər bir-birindən asılıdır və hər bir təşkilat öz kibergigiyenasına ciddi şəkildə diqqət yetirməlidir".

Oxşar xəbərlər

Qətər Media Mərkəzinin direktoru: İslamla bağlı məlumatlar süni intellekt sistemlərinə də yüklənilməlidir
Siyavuş Novruzov: Azərbaycanda bəzi hallarda süni intellektdən yanlış istifadə edilir
DİN süni intellektlə bağlı xəbərdarlıq edir
"Microsoft" süni intellektdən hesabına 500 milyon dollara qənaət edib
Cihan Salihoğlu: "Süni intellektlə bağlı müqavilə tələblərinin artacağı gözlənilir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər