"Bakı Enerji Həftəsi": yeni sazişlər, imkanlar və enerji təhlükəsizliyinə töhfə - TƏHLİL
Bu gün Yaxın Şərq regionunda müşahidə olunan geosiyasi gərginliklər, xüsusilə də strateji enerji marşrutları üçün həlledici əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında yaranan risklər, qlobal enerji təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Enerji resurslarının fasiləsiz və etibarlı təchizatı artıq təkcə iqtisadi məsələ deyil, həm də dövlətlərin milli təhlükəsizliyi, siyasi sabitliyi və qlobal əməkdaşlıq sisteminin dayanıqlılığı ilə birbaşa bağlı strateji amilə çevrilib.
Məhz belə mürəkkəb qlobal kontekstdə Azərbaycan ənənəvi olaraq etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirir. Ölkənin təşəbbüsü ilə formalaşan və artıq beynəlxalq enerji gündəliyinin əsas platformalarından birinə çevrilən "Bakı Enerji Həftəsi" bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – "Caspian Power" və 31-ci "Baku Energy Forum" bir daha göstərir ki, Azərbaycan həm ənənəvi enerji resurslarının, həm də yaşıl enerji gündəliyinin müzakirə olunduğu əsas dialoq platformalarından biridir.
"Bakı Enerji Həftəsi"nin əhəmiyyəti
Bu il keçirilən "Bakı Enerji Həftəsində" 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edir. Bu tədbir çərçivəsində enerji təhlükəsizliyi, "yaşıl enerji", neft-qaz layihələri, bərpa olunan enerji mənbələri, regional əməkdaşlıq və investisiya imkanları əsas müzakirə mövzularıdır.
"Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan "Bakı Enerji Həftəsi" adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid "Şahdəniz" müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb", - Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışında bildirib.
Dövlət başçısı əlavə edib ki, bununla sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açılıb.
Bu məqamda qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer 31-ci "Bakı Enerji Həftəsi"nə məktub ünvanlayıblar. Bu, Azərbaycanın qlobal enerji sistemində artan strateji rolunu və tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir. Bu müraciətlər təkcə diplomatik təbrik xarakteri daşımır, eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyi, regional inteqrasiya və "yaşıl keçid" proseslərində əsas aktorlardan birinə çevrildiyini nümayiş etdirir.
Belə ki, ABŞ Prezidenti vurğulayıb ki, 31-ci "Bakı Enerji Həftəsi"nin keçirilməsi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur: "Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaq". ABŞ liderinin məktubu iki ölkə arasında münasibətlərin strateji mahiyyət daşıdığını və Azərbaycanın Vaşinqton üçün Cənubi Qafqazda əsas tərəfdaşlardan biri olduğunu təsdiqləyir.
Rəcəb Tayyib Ərdoğan isə "Bakı Enerji Həftəsi"nə ünvanladığı məktubda qeyd edib ki, regionda yaşanan proseslər Türkiyənin Azərbaycanla birlikdə enerji sahəsində atdığı addımların nə qədər düzgün olduğunu göstərir: "Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır".
Böyük Britaniyanın Baş naziri Azərbaycanın xüsusilə son illərdə enerji keçidi və dayanıqlılıq sahəsində artan roluna diqqət çəkir. O qeyd edib ki, qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır. K.Starmer eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar, Avropanın enerji şaxələndirilməsi prosesinə verdiyi töhfələr və regional enerji dayanıqlılığının gücləndirilməsində oynadığı rol xüsusi vurğulayıb.
İlham Əliyev qeyd edib ki, enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür: "Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar".
Ümumilikdə, müxtəlif ölkələrin liderlərinin müraciətləri "Bakı Enerji Həftəsi"nin artıq qlobal enerji dialoqunda mühüm platforma kimi qəbul edildiyini göstərir.
Enerji sahəsində əsas çağırış
Müasir dövrün əsas çağırışı enerji təhlükəsizliyi ilə "yaşıl keçid" arasında düzgün balansın qurulmasıdır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi siyasət beynəlxalq səviyyədə diqqətlə izlənən uğurlu modellərdən biri kimi qiymətləndirilir. Rəsmi Bakı bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə etməklə enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinin inkişafına investisiyalar cəlb edir.
Bu gün Yaxın Şərq regionunda münaqişələr, Hörmüz boğazı ətrafında cərəyan edən hadisələr fonunda enerji təhlükəsizliyi Avropa ölkələri daxil olmaqla, müxtəlif dövlətlər üçün həyati əhəmiyyət kəsb edir. "Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – "Bakı Enerji Həftəsi"ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq", - Azərbaycan dövlət başçısı vurğulayıb.
İlham Əliyev əlavə edib ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi artacaq: "Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək".
Enerji potensialı
Azərbaycanın enerji potensialı gələcək üçün də geniş imkanlar yaradır. "Azəri-Çıraq-Dərinsulu Günəşli" layihəsi çərçivəsində əlavə qaz hasilatı nəzərdə tutulur. Mövcud ehtiyatların ən azı növbəti 100 il ərzində həm daxili, həm də xarici tələbatı ödəməyə kifayət edəcəyi bildirilir.
Eyni zamanda, ölkə bərpaolunan enerji sahəsində də ciddi inkişaf mərhələsinə qədəm qoyub. Günəş və külək enerjisi layihələri nəticəsində 2025-ci ilin sonunadək 2 giqavat, 2032-ci ilin sonunadək isə 8 giqavat gücə çatmaq hədəflənir. Bu isə Azərbaycanın enerji keçidində paralel model tətbiq edən ölkələrdən biri olduğunu göstərir.
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi strateji layihələrlə daha da güclənib. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu coğrafiya getdikcə genişlənir. Ölkə eyni zamanda Xəzərin şərq sahillərindən Avropaya qədər uzanan enerji və nəqliyyat körpüsündə mühüm rol oynayır.
Azərbaycanın enerji siyasətində uğurun əsas sütunlarından biri də balanslaşdırılmış diplomatiyadır. Dünya okeanlarına çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan qonşu və tərəfdaş dövlətlərlə etimada əsaslanan əməkdaşlıq quraraq enerji resurslarını qlobal bazarlara çıxarmağa nail olub.
7,5 milyard dollarlıq anlaşmalar
Bakı Enerji Həftəsi bu il də yalnız enerji sənayesinin gələcəyinin müzakirə olunduğu beynəlxalq platforma kimi deyil, həm də iri həcmli investisiya qərarlarının qəbul edildiyi və yeni iqtisadi tərəfdaşlıqların formalaşdırıldığı mühüm əməkdaşlıq platforması kimi diqqət çəkib.
Tədbir çərçivəsində Azərbaycan tərəfindən müxtəlif ölkələrin aparıcı enerji, maliyyə, texnologiya və sənaye şirkətləri ilə ümumi dəyəri 7,5 milyard ABŞ dolları olan saziş və memorandumların imzalanması ölkənin beynəlxalq iqtisadi sistemdə artan rolunu bir daha nümayiş etdirib. Bu sənədlər təkcə yeni investisiyaların cəlb edilməsini deyil, eyni zamanda Azərbaycanın qlobal biznes dairələri üçün uzunmüddətli və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.
İmzalanan razılaşmaların diqqətçəkən cəhətlərindən biri onların yalnız ənənəvi enerji sektorunu deyil, investisiya, rəqəmsal texnologiyalar, süni intellekt, strateji xammal ehtiyatları, maliyyə xidmətləri və sənaye əməkdaşlığı kimi müxtəlif istiqamətləri əhatə etməsidir. Bu isə Azərbaycanın inkişaf modelinin yeni mərhələyə daxil olduğunu və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələr verdiyini göstərir.
Bakıda əldə olunan razılaşmalar arasında kritik minerallar və nadir torpaq elementləri sahəsində əməkdaşlıq xüsusi yer tutur. Son illərdə "yaşıl enerji" texnologiyalarının, elektromobillərin və yüksək texnologiyalı sənayenin sürətli inkişafı fonunda bu resurslar qlobal iqtisadiyyatın strateji komponentlərindən birinə çevrilib. Azərbaycanın bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlaması ölkənin gələcək iqtisadi inkişaf prioritetlərinin formalaşdığını göstərir.
Enerji sektorunda imzalanan sənədlər isə Azərbaycanın uzunmüddətli qaz strategiyasına beynəlxalq marağın davam etdiyini təsdiqləyir. "Abşeron" yatağının tammiqyaslı işlənməsi ilə bağlı əldə olunan razılaşmalar, yeni qaz layihələri üzrə əməkdaşlıq perspektivləri və TANAP ətrafında formalaşan maliyyə tərəfdaşlıqları göstərir ki, Azərbaycan yaxın onilliklər ərzində də regionun əsas enerji mərkəzlərindən biri olaraq qalacaq.
Xüsusilə diqqət çəkən məqamlardan biri dünyanın aparıcı maliyyə institutlarının və investisiya fondlarının Azərbaycan layihələrinə maraq göstərməsidir. Qlobal maliyyə bazarlarının aparıcı iştirakçılarının enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak etməsi ölkə iqtisadiyyatına beynəlxalq etimadın göstəricisi hesab olunur. Bu tendensiya Azərbaycanın makroiqtisadi sabitliyi, dayanıqlı maliyyə göstəriciləri və uzunmüddətli inkişaf perspektivləri ilə əlaqələndirilir.
"Bakı Enerji Həftəsi" çərçivəsində əldə olunan razılaşmaların digər mühüm istiqaməti rəqəmsal transformasiya və innovasiya sahələridir. Süni intellekt, bulud texnologiyaları, rəqəmsal həllər və insan kapitalının inkişafına yönəlmiş əməkdaşlıq sənədləri göstərir ki, Azərbaycan enerji sektorundan əldə etdiyi imkanları yüksək texnologiyalar iqtisadiyyatının formalaşdırılmasına yönəltmək niyyətindədir.
Beləliklə, "Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan sənədlər Azərbaycanın enerji sektorundakı ənənəvi üstünlüklərini yeni iqtisadi istiqamətlərlə birləşdirdiyini göstərir. Bu razılaşmalar ölkənin qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsi ilə yanaşı, onun beynəlxalq investisiya, innovasiya və texnologiya əməkdaşlığının mühüm iştirakçılarından birinə çevrildiyini də nümayiş etdirir.
Oxşar xəbərlər
Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir"
Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli enerji strategiyası Azərbaycan tarixinin parlaq səhifələrindəndir - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
