İlham Bayramov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır
sizinxeber.az xəbər saytı

İlham Bayramov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır


2025-ci il ərzində Naxçıvan iqtisadi zonasında cari təmir planı çərçivəsində 741 subartezian quyusu, 471 nasos aqreqatları və 632 min kubmetr həcmində suvarma kanalı və 178 min kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.

APA xəbər verir ki, bunu ADSEA sədrinin müavini İlham Bayramov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə deyib.

Qeyd olunub ki, bu tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır: Lakin su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə məhdudlaşmır. Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılmışdır. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu çərçivədə mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması da əsas prioritetlər sırasındadır.

Bununla yanaşı, qeyd etmək istərdim ki, su xidmətlərinə əlçatanlığın təkmilləşdirilməsi və su istifadəçilərinin məmnunluğunun artırılması məqsədilə Agentlik tərəfindən rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsi və elektron xidmətlərin tətbiqi genişləndirilir. Vətəndaş və fermer müraciətlərinin operativ qəbulu, yönləndirilməsi və icrasına nəzarət üçün 955 Çağrı Mərkəzi fəaliyyət göstərir. Bu mexanizm suvarma suyu ilə bağlı müraciətlərin, qəza və nasazlıq məlumatlarının, su təminatı və xidmət keyfiyyəti üzrə təkliflərin daha çevik idarə olunmasına imkan yaradır.

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliklərinə daha davamlı model əsasında inkişaf etdirilməsidir. Hazırkı mərhələdə əsas hədəfimiz su və torpaq resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır. Aqrar sektorun gələcək inkişafı mövcud su və torpaq ehtiyatlarından daha yüksək səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir".

Oxşar xəbərlər

Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək
ADSEA: Naxçıvanın iqlimi su ehtiyatlarından daha səmərəli istifadəni aktual məsələyə çevirir
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
ADSEA: "Naxçıvanda 41 min hektar əkin sahəsinin su təminatı gücləndiriləcək"
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər