"Zirə"nin 80 yaşlı rəqibinin portreti – Şusterin çalışdırdığı, zəngin tarixə malik "Torpedo" – TANITMA
sizinxeber.az xəbər saytı

"Zirə"nin 80 yaşlı rəqibinin portreti – Şusterin çalışdırdığı, zəngin tarixə malik "Torpedo" – TANITMA


"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Torpedo" Gürcüstanın köklü klublarından biridir.

"Report"un məlumatına görə, Kutaisi təmsilçisi ölkə futbolunda uzun və zəngin tarixə malik, müxtəlif dövrlərdə həm daxili, həm də regional turnirlərdə uğurlar qazanmış komandadır.

"Torpedo" 1946-cı ildə yaradılıb və SSRİ dövründən etibarən Gürcüstan futbolunun tanınmış klublarından biri kimi formalaşıb. Klub həmin illərdə SSRİ I Liqasında (səviyyəcə ikinci liqa) da uğurlu çıxışlar edib və 1960, 1961-ci illərdə turnirin qalibi adını qazanıb. Gürcüstan müstəqillik əldə etdikdən sonra isə "Torpedo" ölkə çempionatının iddialı komandalarından biri olub.

Kutaisi təmsilçisinin ən uğurlu dövrü 2000-ci ilin əvvəllərinə təsadüf edir. Klub 1999/2000, 2000/2001 və 2001/2002 mövsümlərində Gürcüstan çempionu olub. Komandanın dördüncü qızıl mükafatı isə 2017-ci ildə qeydə alınıb. "Torpedo" 1998/1999, 2000/2001 mövsümlərində, 2016, 2018 və 2022-ci ildə isə ölkə kubokuna, 2018, 2019 və 2024-cü illərdə Superkubokuna sahib çıxıb.

"Torpedo" ev oyunlarını Kutaisi şəhərində yerləşən, veteran futbolçu Ramaz Şengeliyanın adını daşıyan stadionda keçirir. Arena 11 700 azarkeş tutumuna malikdir.

Komandanın hazırkı prezidenti David Kereselidzedir. Baş məşqçi postunda isə almaniyalı mütəxəssis Dirk Şuster çalışır. Təcrübəli məşqçi Almaniya futbolunda xüsusilə "Darmştadt" klubu ilə qazandığı uğurlarla tanınır.

Komanda hazırda davam edən Gürcüstan çempionatında 26 xalla beşinci pillədə qərarlaşıb. Kutaisi təmsilçisi lider "Rustavi"dən cəmi 6 xal az toplayıb. Klubun heyətində Serbiya, Xorvatiya, Braziliya, Almaniya, Fransa və Ukraynadan olan legionerlər çıxış edir.

Xatırladaq ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq. "Zirə" ilk matçını evdə keçirəcək.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq
2744 nəfərlik şəhərin futbol möcüzəsi – "Qarabağ"ın 2025-ci ildə tarix yazan rəqibi - TANITMA
Azərbaycan klublarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq
UEFA Konfrans Liqası: "Zirə"nin I təsnifat mərhələsindəki potensial rəqibləri azalıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər