QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub


Azərbaycanın 2025–2026-cı illər ərzində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) İdarəçilər Şurasına sədrlik etməsi çərçivəsində bu ilin iyulun 1-də Bakıda təşkil olunacaq Bankın İllik Toplantısına hazırlıq prosesinin gedişatı nəzərdən keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu məsələ ilə əlaqədar maliyyə nazirinin birinci müavini Anar Kərimov QDTİB-nin prezidenti Serhat Köksalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş çərçivəsində Azərbaycan ilə QDTİB arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri, Bankın ölkəmizdəki fəaliyyəti və maliyyələşdirmə prioritetləri, eləcə də infrastruktur və dayanıqlı inkişaf layihələri ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.

A.Kərimov Azərbaycanın QDTİB ilə qurulmuş uzunmüddətli və nəticəyönlü tərəfdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, Bankın regionda iqtisadi əlaqələrin genişləndirilməsi, maliyyə resurslarına çıxış imkanlarının artırılması və özəl sektorun inkişafının stimullaşdırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Məlum olub ki, Azərbaycan təsisçi üzvlərdən biri olaraq Bankın institusional möhkəmliyinin gücləndirilməsinə və inkişaf təşəbbüslərinə davamlı dəstək verir.

Bununla yanaşı, A.Kərimov Bankın Bakıda baş tutacaq İllik Toplantısının üzv dövlətlər arasında maliyyə və iqtisadi dialoqun daha da güclənməsinə, regional əməkdaşlığın dərinləşdirilməsinə və çoxtərəfli tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib.

S.Köksal isə öz növbəsində Azərbaycanla əməkdaşlığın inkişaf tempini yüksək dəyərləndirərək, ölkəmizin Bankın fəaliyyətinə göstərdiyi töhfəni ayrıca vurğulayıb. O, özəl sektorun dəstəklənməsi, kiçik və orta sahibkarlığın maliyyə mənbələrinə çıxışının genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyası və yaşıl transformasiya istiqamətlərində birgə fəaliyyətin inkişaf etdirilməsinə maraq göstərdiklərini bildirib.

Görüş zamanı eyni zamanda Bankın kapitalının artırılması prosesi ilə bağlı həyata keçirilən tədbirlər barəsində fikir mübadiləsi aparılıb, Azərbaycanın bu prosesdə iştirakı və üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha təsdiqləyib.

Oxşar xəbərlər

Bu il QDTİB-nin illik toplantısı Bakıda keçiriləcək
QDTİB-nin Rəhbərlər Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək
Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
QDTİB-nin 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib
QDTİB Azərbaycanda BOEM sahəsinə investisiya imkanlarını nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər