Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
sizinxeber.az xəbər saytı

Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib


Xarici ölkələrdə klinik ordinatura keçmiş Azərbaycan vətəndaşlarının diplom və ixtisaslarının tanınması sahəsində daha aydın, şəffaf və hüquqi baxımdan sabit mexanizmlərə ehtiyac var.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
“Dünən Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunu uğurla tamamlamış, iki azyaşlı övladı olan 30 yaşlı bir həkim xanımın və ananın mənə rəsmi müraciəti ilə bağlı yaşanan bir hadisə, təkcə fərdi bir problem deyil, daha geniş bir sistem məsələsini bir daha gündəmə gətirdi. Bu gənc mütəxəssis artıq bir ilə yaxındır müxtəlif instansiyalara müraciət etməsinə baxmayaraq, ölkəyə qayıtdıqdan sonra ixtisasının tanınması və peşə fəaliyyətinə başlaması istiqamətində konkret nəticə əldə edə bilməyib. Rusiya Federasiyasında nüfuzlu elmi-tədqiqat institutunda klinik ordinatura (rezidentura) təhsilini uğurla başa vurmasına baxmayaraq, onun qarşısında hələ də hüquqi və inzibati qeyri-müəyyənliklər qalmaqdadır. Bu mənzərə göstərir ki, söhbət təkcə bir şəxsin sənəd və ya diplom prosedurundan getmir. Söhbət, xaricdə yüksək ixtisaslı təhsil almış, ölkəyə xidmət etmək istəyən mütəxəssislərin sistemə inteqrasiyasındakı gecikmələrdən, prosedur qeyri-müəyyənliklərindən və vahid yanaşmanın olmamasından gedir. Mövcud vəziyyət onu göstərir ki, xarici ölkələrdə klinik ordinatura keçmiş Azərbaycan vətəndaşlarının diplom və ixtisaslarının tanınması sahəsində daha aydın, şəffaf və hüquqi baxımdan sabit mexanizmlərə ehtiyac var. Əks halda, bir tərəfdən ölkədə həkim çatışmazlığından danışdığımız halda, digər tərəfdən hazır, ixtisaslı kadrların sistemə inteqrasiyasını çətinləşdirən bir mühit formalaşır. Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin mütəxəssislərindən ibarət komissiya olmasına baxmayaraq, məsələnin həllinin bəzən qeyri müəyyən qalması ciddi problemlər yaradır. Təbii ki, dövlət tərəfindən bu prosesdə sui-istifadə hallarının qarşısının alınması və keyfiyyət standartlarının qorunması vacibdir. Lakin bu, qeyri-müəyyənlik və uzunmüddətli gözləntilər hesabına deyil, ölçülə bilən, şəffaf və hüquqi cəhətdən dəqiq müəyyən edilmiş qaydalarla həyata keçirilməlidir. Bu hadisə eyni zamanda bir daha xatırladır ki, idarəetmədə ən vacib məsələ təkcə normativ aktların mövcudluğu deyil, onların insan talelərinə necə təsir etməsidir. Çünki hər bir sənədin arxasında bir həyat, bir ailə və bir gələcək dayanır. Bu məsələ hamımızı düşündürməlidir”, - deyə Rəşad Mahmudov qeyd edib.

Oxşar xəbərlər

Rəşad Mahmudov: Yoxlamaların olmaması saxta tibb müəssisələrinin artmasına səbəb olur
“Danışır təcrübə” layihəsinin qonağı millət vəkili Rəşad Mahmudov olub
Deputat: Xaricdəki bəzi ixtisasların ölkəmizdə tanınmaması təhsil, əmək bazarı və iqtisadiyyatın inkişafını əngəlləyir
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını toplaya bilməyib
Rəşad Mahmudov: Sertifikasiyadan kəsilən həkimlərin fəaliyyətinin tamamilə dayandırılması düzgün deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər