SLB və SOCAR Green Kəlbəcərdə geotermal enerji potensialını qiymətləndirir
sizinxeber.az xəbər saytı

SLB və SOCAR Green Kəlbəcərdə geotermal enerji potensialını qiymətləndirir


SLB və SOCAR Green Kəlbəcər rayonunda geotermal enerji potensialının qiymətləndirilməsi üzrə əməkdaşlıq edir.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında SLB-nin Coğrafiyalar üzrə İcraçı Vitse-Prezidenti Steve Gassen deyib.

Onun sözlərinə görə, tərəflər hazırda Kəlbəcər bölgəsində geotermal resursların potensialını araşdırırlar.

S.Gassen bildirib ki, layihə çərçivəsində yeraltı ehtiyatların öyrənilməsi, texniki-iqtisadi təhlillər və yataqların işlənməsi üçün konseptual layihələndirmə işləri həyata keçirilir.

“Hazırda SOCAR Green ilə birlikdə Kəlbəcər regionunda geotermal potensialın qiymətləndirilməsi üzərində işləyirik. Kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələlərini keçmişik və bu yataqların işlənməsi üçün tam layihə portfelinin hazırlanmasına başlayırıq”, – deyə o bildirib.

SLB rəsmisinin sözlərinə görə, geotermal enerji neft-qaz sənayesində formalaşmış geoloji tədqiqatlar, quyu mühəndisliyi və qazma sahəsindəki təcrübədən istifadə etməyə imkan verir.

O qeyd edib ki, enerji keçidi prosesində əsas vəzifələrdən biri neft-qaz hasilatının karbon izinin azaldılmasıdır. Bu məqsədlə karbonun tutulması və saxlanılması (CCS), karbon qazının təkrar istifadəsi, metan emissiyalarının azaldılması və digər texnologiyalar mühüm rol oynayır.

S.Gassen vurğulayıb ki, enerji sektorunda toplanmış texnoloji və insan kapitalı potensialı aşağı karbonlu enerji mənbələrinin inkişafını sürətləndirə bilər.

Oxşar xəbərlər

SLB: Süni intellekt “Bahar” yatağının inkişaf potensialını üzə çıxara bilər
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
Bakı Enerji Forumunun ikinci günü işinə başlayıb
“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət-özəl tərəfdaşlığını tələb edir
bp-nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər