Səfir: Çin Azərbaycanla münasibətlərin gələcək inkişafına daha böyük töhfələr verməyə hazırdır - MÜSAHİBƏ
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Meyin Sizinxeber.az İnformasiya Agentliyinə müsahibəsi
Azərbaycanı WUF13-ün uğurla keçirilməsi münasibətilə təbrik edirəm
– Çin Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumunu (WUF13) necə qiymətləndirir? Çin nümayəndə heyəti WUF13 çərçivəsində hansı təşəbbüs və konkret layihələrlə çıxış edib?
– Azərbaycanı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Məlum olduğu kimi, bu forum ilk dəfə Cənubi Qafqaz regionunda təşkil olunub. Budəfəki forum bir sıra tarixi rekordlar müəyyənləşdirərək, keçirildiyi bütün dövr ərzində ən genişmiqyaslı və iştirakçı səviyyəsinə görə ən yüksək göstəricilərə malik forum olub. Bu uğurlar Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın artan dövlət gücünü və beynəlxalq nüfuzunu tam şəkildə əks etdirdi.
Çin tərəfi Azərbaycanda keçirilən foruma böyük önəm verərək, Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Dövlət Şurasının Baş nazir müavini Can Quoçini forum çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək üçün göndərdi. Can Quoçin sammitdə çıxışı zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinin forumun keçirilməsi münasibətilə Azərbaycan tərəfinə xoş arzularını çatdırdı və bildirdi ki, Çin bütün tərəflərlə birlikdə dörd əsas qlobal təşəbbüsün həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır. O, şəhərlərdə rahat və təhlükəsiz yaşayış, ağıllı və dəqiq şəhər idarəçiliyinin səviyyəsinin yüksəldilməsinə, şəhərlərarası dialoq və mübadilələrin genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və mədəni əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb ki, birlikdə daha gözəl şəhərlər qurulsun.

Forum çərçivəsində Şanxay, Fuçjou və Şaosin şəhərlərinin sərgilərindən ibarət olan Çin pavilyonu Çinin mənzil təminatı, şəhər və kənd tikintisi, eləcə də yaşayış məntəqələri sahəsində beynəlxalq əməkdaşlıq üzrə nailiyyətlərini nümayiş etdirib, bu da bütün tərəflərin xüsusi diqqətini cəlb edib. BMT Baş katibinin müavini və UN-Habitatın icraçı direktoru Anaklaudiya Rossbax forum zamanı “Sinxua” agentliyinə müsahibə verərək, Çinin “Yeni Şəhərsalma Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə verdiyi mühüm töhfəni yüksək qiymətləndirib. O qeyd edib ki, Çinin “yaşıl”, inklüziv və “ağıllı şəhər”lərin inkişafı sahəsindəki təcrübəsi digər ölkələr, xüsusilə də Qlobal Cənub ölkələri üçün nümunə ola bilər.
– Prezident İlham Əliyev WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək üçün Azərbaycana gəlmiş Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi Can Qoçin ilə də görüşdü. Bu görüşün nəticələri barədə məlumat verməyinizi istərdik.
– Prezident İlham Əliyev BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun Liderlər Sammitində iştirak etmək üçün Azərbaycana gəlmiş Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurası Baş nazirinin müavini Can Quoçinin səfərinə böyük önəm verib və onunla məzmunlu ikitərəfli görüş keçirib. Tərəflər müxtəlif sahələrdə Azərbaycan–Çin əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Can Qoçin Çin–Azərbaycan münasibətlərinin inkişafındakı müsbət dinamikanı yüksək qiymətləndirərək bildirib ki, iki dövlət başçısının strateji rəhbərliyi altında ikitərəfli münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev isə Çin Xalq Respublikasının Sədrinin onu Çinin əbədi dostu adlandırmasını yüksək qiymətləndirdiyini bildirib. Prezident qeyd edib ki, Azərbaycan Çinlə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Tərəflər ticarət-iqtisadi əlaqələrin genişlənməsindən məmnunluqlarını ifadə edib, nəqliyyat, tranzit, logistika və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Prezident İlham Əliyev vurğulayıb ki, vaxtilə separatizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan separatizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. O qeyd edib ki, Azərbaycan Çin Xalq Respublikasının Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, həm də həmin seçkiləri pisləyən bəyanatla çıxış edən yeganə dövlət olub. Bu kontekstdə Prezident İlham Əliyev Azərbaycanın daim “vahid Çin” siyasətini dəstəklədiyini xüsusi vurğulayıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin qeyd etdiyi kimi, “bir-birinin fundamental maraqlarına toxunan məsələlərdə qətiyyətli qarşılıqlı dəstək Çin–Azərbaycan münasibətlərinin yaxşı ənənəsi və ölkələrimiz arasında strateji tərəfdaşlığın ayrılmaz hissəsidir”. Prezident İlham Əliyev dəfələrlə Çin hökumətinin milli birliyin bərpasına yönəlmiş səylərini dəstəklədiyini açıq şəkildə bəyan edib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də dəfələrlə rəsmi bəyanatlarla çıxış edərək "vahid Çin" prinsipinə sadiqliyini təsdiqləyib və qondarma “Tayvan müstəqilliyi”ni dəstəkləyən separatçı qüvvələri pisləyib. Çin tərəfi bu mövqeyi yüksək qiymətləndirir və bundan sonra da Azərbaycanın dövlət suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına, eləcə də ölkənin milli şəraitinə uyğun inkişaf yolunun davam etdirilməsinə dəstək göstərəcək.
Məhz iki dövlət başçısının strateji rəhbərliyi sayəsində Çin–Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, yüksək keyfiyyətli və hərtərəfli inkişafın yeni mərhələsinə qədəm qoyub. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaları rəhbər tutmağa, qarşılıqlı dəstək və dostluq ənənələrini inkişaf etdirməyə, modernləşmə prosesinin yaratdığı geniş imkanlardan birgə istifadə etməyə və Çin–Azərbaycan münasibətlərinin gələcək inkişafına daha böyük töhfələr verməyə hazırdır.

Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib
– Çin Azərbaycanla siyasi və iqtisadi münasibətlərin inkişafı üçün gələcəkdə hansı addımları atmağı planlaşdırır? Çin şirkətləri yaxın vaxtlarda Azərbaycanda hansı iri layihələri həyata keçirməyi planlaşdırır?
– Çin və Azərbaycanın iqtisadi strukturlarının bir-birini tamamlaması və əməkdaşlıq baxışlarının üst-üstə düşməsi kimi unikal üstünlüklər hesabına hər iki tərəf “Bir kəmər, bir yol” təşəbbüsünün birgə keyfiyyətlə həyata keçirilməsini əsas xətt kimi qəbul edərək hərtərəfli praktik əməkdaşlığı dərinləşdirir. Bu, Çinin yüksək keyfiyyətli istehsal potensialının Azərbaycanın inkişaf tələbatları ilə uzlaşdırılmasına imkan verib.
2025-ci ildə Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 30,2 faiz çoxdur. Bununla da üçüncü il ardıcıl olaraq tarixi maksimum göstərici yenilənib. Xüsusilə qeyd etmək lazımdır ki, cari ilin yanvar–mart aylarında ikitərəfli ticarət dövriyyəsi 1,104 milyard ABŞ dolları təşkil edib və Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib.
İkitərəfli ticarət yalnız həcmin sürətli artımı ilə deyil, həm də praktik əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsi ilə xarakterizə olunur. Çin şirkətləri Cənubi Qafqaz regionunda məhz Azərbaycanda günəş və külək enerjisi, avtomobil istehsalı, informasiya-kommunikasiya texnologiyaları, o cümlədən tikinti materialları istehsalı kimi sahələrdə böyük layihələr həyata keçirirlər.
Bu ilin yanvarın 8-də mən Çin şirkəti tərəfindən həyata keçirilən Xızı–Abşeron külək elektrik stansiyası layihəsinin istismara verilməsi mərasimində iştirak etdim. Tədbirdə Prezident İlham Əliyev də iştirak edirdi. Bu layihə Cənubi Qafqaz regionunda külək enerjisi sahəsində böyük layihədir. Gözlənilir ki, layihə 300 mindən artıq ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək, karbon qazı emissiyalarını 400 min ton azaldacaq və Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Azərbaycan məhsulları Çində istehlakçılar arasında böyük rəğbət qazanır
Çin müəssisələri həmçinin Ələt Azad İqtisadi Zonasında tamamilə öz vəsaitləri hesabına günəş panelləri istehsalı zavodu tikməyi planlaşdırırlar. Bu layihə Azərbaycanın emal sənayesinin inkişafı və yüksək keyfiyyətli məşğulluğun təmin olunması üçün geniş imkanlar yaradacaq.
Prezident İlham Əliyevin ilin əvvəlində verdiyi müsahibədə qeyd etdiyi kimi, Çinlə praktik əməkdaşlığın inkişafı Azərbaycan tərəfinin strateji seçimidir. Çin şirkətlərinin peşəkarlığı, layihələrin yüksək keyfiyyətlə və operativ şəkildə həyata keçirilməsi bu seçimin düzgünlüyünü təsdiqləyir.
Eyni zamanda, Azərbaycan tərəfi Çinin altı şəhərində Ticarət evləri açıb və “Azərbaycanda istehsal olunub” markası altında təqdim olunan yüksək keyfiyyətli məhsullar getdikcə daha geniş şəkildə Çin bazarına çıxaraq istehlakçılar arasında böyük rəğbət qazanır.
Perspektivlərdən danışsaq, Çin və Azərbaycan arasında praktik əməkdaşlığın gələcək inkişafı və daha yüksək səviyyəyə yüksəlməsi üçün böyük potensial və geniş imkanlar mövcuddur. Pekin Bakı ilə yüksək texnologiyalı istehsal, süni intellekt, informasiya sənayesi, infrastruktur və digər sahələrdə dünya miqyasında qabaqcıl üstünlüklərini bölüşməyə hazırdır və Çin bazarında Azərbaycandan daha çox yüksək keyfiyyətli məhsul görməyi gözləyir.
Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əlaqələndirici və istiqamətləndirici rolunu daha da gücləndirməyə və ikitərəfli praktik əməkdaşlığın yüksək keyfiyyətli inkişafına dəstək verməyə hazırdır.

Azərbaycanda getdikcə daha çox gənc Çin dilini öyrənməyə başlayır
– Ötən dövrü nəzərə alaraq, Çin və Azərbaycan arasında vizasız rejimin tətbiqinin nəticələrini necə qiymətləndirirsiniz?
– Ötən ilin aprel ayında Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki dövlət başçısının iştirakı ilə Çin Xalq Respublikası və Azərbaycan Respublikası hökumətləri arasında qarşılıqlı viza tələblərinin ləğvi haqqında Saziş imzalanıb.
Prezident İlham Əliyev Çin KİV-ə müsahibəsində qeyd edib: “Əgər hər il xaricə səfər edən 150 milyon Çin vətəndaşının cəmi 1 faizi Azərbaycana gəlsə, bu, ölkəmiz üçün kifayət edər. Həqiqətən də bu, Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir. Onlar sadəcə bilet alaraq Çinə səfər edə bilərlər”.
Vizasız rejim sayəsində iki ölkə arasında turist səfərlərinin sayı davamlı olaraq artır. Azərbaycan ənənə ilə müasirliyi, Şərq və Qərb mədəniyyətlərini birləşdirən özünəməxsus cazibəsi ilə getdikcə daha çox çinli turist cəlb edir. İçərişəhər, Qobustan qayaüstü rəsmləri, Heydər Əliyev Mərkəzi və digər məkanlar Çin turistləri üçün yeni populyar istiqamətlərə çevrilib.
2025-ci ildə 60 mindən çox Çin vətəndaşı Azərbaycana səfər edib ki, bu da rekord göstəricidir.
Qarşılıqlı vizasız rejim, həmçinin, iki ölkə xalqları arasında humanitar əlaqələrin və qarşılıqlı anlaşmanın güclənməsinə əhəmiyyətli dərəcədə töhfə verir. Azərbaycanın bir çox tanınmış internet bloqerləri vizasız rejimdən istifadə edərək Çinə səfər ediblər. Onlar “Instagram” və digər sosial şəbəkələrdə Çin şəhərlərinin müasir simasını və ölkənin gözəl, görməli yerlərini əks etdirən foto və videolar paylaşıblar.
Eyni zamanda, bəzi azərbaycanlı bloqerlər Çində sosial şəbəkələrdən istifadə qaydaları, bank kartlarının tətbiqi və digər praktiki məsələlərlə bağlı təlimat xarakterli materiallar hazırlayaraq təhsil almaq və ya səyahət etmək istəyən insanlara əvvəlcədən hazırlaşmaq imkanı yaradıblar.
Azərbaycanda bir çox insanlar Çin mətbəxi ilə daha yaxından tanış olmağa başlayıblar. Pekin ördəyi, Çin samovarı hoqo, ramen və qızardılmış düşbərə kimi yeməklər böyük populyarlıq qazanıb. Azərbaycanda getdikcə daha çox gənc Çin dilini öyrənməyə başlayır və bir çox gənc Çin mahnılarını uğurla ifa edir, Çin üslubunda səhnə nömrələri təqdim edir.
Gələcəkdə də səfirliyimiz Çini tanımaq, anlamaq və Çin dilini öyrənmək istəyən hər kəs üçün dəstək və əlverişli şərait yaratmağa davam edəcək. Biz həmçinin Azərbaycandan daha çox dostumuzu Çinə səfər etməyə, müasir Çinin dinamik inkişafını, zəngin və çoxəsrlik mədəni irsini yaxından hiss etməyə dəvət edirik.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji əhəmiyyəti davamlı olaraq artır
– Ənənəvi nəqliyyat marşrutlarının daşımaların təhlükəsizliyini və etibarlılığını tam təmin edə bilmədiyi bir şəraitdə Orta Dəhlizin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan tərəfinin onun qurulması və fəaliyyəti istiqamətində rolunu və səylərini necə dəyərləndirirsiniz?
– Çində Orta Dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınır. Bu marşrut dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatını birləşdirən multimodal daşımalar sisteminə əsaslanır. O, Çinlə Avropanı birləşdirən ən qısa ticarət və nəqliyyat marşrutlarından biridir və yüklərin Çindən Avropaya çatdırılma müddətini demək olar ki, iki dəfə azaltmağa, logistika xərclərini isə əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verir.
Regionda gərginliyin artdığı bir dövrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji əhəmiyyəti davamlı olaraq artır və beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir.
2023-cü ilin oktyabr ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Beynəlxalq Əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində yüksək keyfiyyətli birgə tikintinin dəstəklənməsi üçün səkkiz addım elan edib. Bu addımlardan birincisi “Çin–Avropa” konteyner qatarlarının yüksək keyfiyyətli inkişafının sürətləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qurulmasına qoşulmaq olub.
Bu təşəbbüs Azərbaycan tərəfinin inkişaf strategiyası ilə tam uyğunluq təşkil edir və onun fəal dəstəyini qazanır. Çin və Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə fəaliyyəti yalnız iqtisadi əməkdaşlıqda qarşılıqlı faydalı nəticələr əldə etməyə xidmət etmir, həm də qədim İpək Yolundan qaynaqlanan mədəni yaxınlığın praktik təzahürüdür.
Hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətli şəkildə birgə həyata keçirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi iki ölkə arasında praktik əməkdaşlığın yeni mühüm istiqamətlərindən və inkişaf nöqtələrindən birinə çevrilib.
2024-cü ildən başlayaraq Çinin Sian, Nankin, Çuntsin, Urumçi, Lyanyunqan və İu şəhərləri Transxəzər marşrutu üzrə “Çin–Avropa” yük qatarlarını yola salıb. Hazırda orta hesabla hər gün birdən çox belə qatar hərəkət edir.
2025-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi yeni rekord həddə – 4,7 milyon tona çatıb. Cari ilin birinci rübündə yalnız Sian şəhərindən Transxəzər marşrutu üzrə ümumilikdə 85 “Çin–Avropa” yük qatarı yola salınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 150 faiz çoxdur.
Çin artıq bu marşrut üzrə daşınan yüklərin əsas mənbəyinə çevrilib ki, bu da onun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırır.
Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə iki dövlət başçısının əldə etdiyi razılaşmaların strateji rəhbərliyi altında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə qurulması ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha dərin şəkildə əlaqələndirilməsi və inteqrasiyasına, istehsal və logistika zəncirlərinin təhlükəsizliyi və sabitliyinin təmin edilməsinə, həmçinin marşrut boyunca yerləşən ölkələrin xalqlarına daha çox fayda gətirilməsinə hazırdır.
İranla həmsərhəd olan Azərbaycan gərginliyinin azaldılmasına çağırış edib, mövqelərimiz böyük dərəcədə üst-üstə düşür
– Yaxın Şərqdəki vəziyyətlə bağlı Çinin mövqeyi nədən ibarətdir? Çin Azərbaycanın həyata keçirdiyi humanitar və diplomatik səyləri necə qiymətləndirir?
– Çin hər zaman dünya miqyasında sülh və sabitliyi dəstəkləyən ədalətli qüvvə olaraq qalır. İranda müharibə başladıqdan sonra Çin Xalq Respublikasının Sədri Si Cinpin Yaxın Şərqdə sülhün və sabitliyin təşviq edilməsinə dair dörd bənddən ibarət təklif irəli sürüb.
Bu təklifdə dinc yanaşı yaşamaq prinsipinə, dövlət suverenliyi prinsipinə, beynəlxalq hüququn aliliyinə və inkişafla təhlükəsizliyin vahid şəkildə təmin olunmasına xüsusi önəm verilir. Çin həmçinin Pakistanla birlikdə Fars körfəzi və Yaxın Şərq regionunda sülh və sabitliyin bərpasına yönəlmiş beş bəndlik təşəbbüs irəli sürüb.
Bu addımlar Çinin münaqişələrin dayandırılması, dialoqun təşviqi, fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ardıcıl mövqeyini və fəal səylərini tam şəkildə əks etdirir. Eyni zamanda, bunlar Yaxın Şərq və Körfəz regionunun münaqişələrdən çıxaraq sabitliyə nail olması üçün Çinin təqdim etdiyi yanaşmadır.
İranla həmsərhəd ölkə olan Azərbaycan hər zaman beynəlxalq hüquqa, bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarı olub, gərginliyinin azaldılmasına xidmət edən diplomatik və siyasi vasitələrə çağırış edib. Bu, Çinin diqqətini çəkib.
Çin və Azərbaycanın sülhün təşviqi və danışıqlar yolu ilə həll istiqamətindəki mövqeləri böyük dərəcədə üst-üstə düşür.
Bundan əlavə, Azərbaycan aktiv olaraq İran ərazisindən müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi zamanı tranzit kanalları təqdim edir, gömrük rəsmiləşdirilməsi üçün əlverişli şərait yaradır. Bu, Azərbaycanın məsuliyyətli yanaşmasını bir daha nümayiş etdirir.
Azərbaycan hökumətinin dəstəyi sayəsində 700-dən çox Çin vətəndaşı İran ərazisindən Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub. Bu fakt Çin və Azərbaycan arasında yüksək səviyyəli siyasi etimadın növbəti göstəricisidir. Çin göstərilən yardıma görə Azərbaycana minnətdarlığını bildirir.
Dinc yanaşı yaşamaq Çin və ABŞ münasibətlərinin ən böyük ortaq məxrəcidir
– Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın Çinə dövlət səfəri beynəlxalq ictimaiyyətin geniş diqqətini cəlb edib. Çin tərəfi “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri”ni necə qiymətləndirir?
– Bu yaxınlarda Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çinə dövlət səfəri edib. İki ölkənin liderləri Çin–ABŞ münasibətlərinə, eləcə də dünya miqyasında sülh və inkişaf məsələlərinə dair ən mühüm mövzular ətrafında açıq, dərin, konstruktiv və strateji fikir mübadiləsi aparıblar. Tərəflər iki böyük dövlət arasında birgəyaşayış üçün düzgün yolu fəal şəkildə axtardı və bir sıra mühüm razılaşmalara nail oldu.
Dövlət başçıları ikitərəfli münasibətləri “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri” kimi xarakterizə ediblər. Bu yanaşma növbəti üç il ərzində və daha uzun perspektivdə Çin–ABŞ münasibətlərinin inkişafına strateji istiqamət verəcək. Həmin yanaşma həm iki ölkənin xalqları, həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
“Konstruktiv strateji sabitlik” ilk növbədə əməkdaşlığa əsaslanan müsbət sabitlik deməkdir. Bu model çərçivəsində qarşılıqlı əlaqələr və əməkdaşlıq vasitəsilə Çin–ABŞ münasibətlərinin dayanıqlılığı davamlı şəkildə möhkəmləndirilir.
Bu anlayış həm də sağlam sabitliyi ifadə edir. Yəni tərəflər rəqabəti məqbul çərçivədə saxlayır, bir tərəfin qazancının digər tərəfin itkisi kimi qiymətləndiriləcəyi sıfır məbləğli oyun yanaşmasından imtina edir.
Bununla yanaşı, konstruktiv strateji sabitlik idarə olunan fikir ayrılıqları şəraitində davamlı sabitliyi nəzərdə tutur. Hər iki tərəf öz siyasətlərində ardıcıllığı qoruyur, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirir və daim bir-birinə doğru addımlar atır.
Eyni zamanda, bu anlayış sülhə əsaslanan uzunmüddətli sabitlik deməkdir. Belə bir model münaqişəni, qarşıdurmanı və xüsusilə müharibəni istisna edir.
Dinc yanaşı yaşamaq Çin və ABŞ münasibətlərinin ən böyük ortaq məxrəcidir. İki ölkə arasında münaqişə və qarşıdurmanın nəticələri hər iki tərəf üçün qəbuledilməz olardı.
Bu baxımdan Çin və ABŞ arasında imzalanmış üç birgə kommünikenin müddəalarına riayət olunması, bir-birinin ictimai quruluşuna və inkişaf yoluna hörmət göstərilməsi, qarşı tərəfin fundamental maraqları və əsas narahatlıqlarının nəzərə alınması, eləcə də inkişaf hüququna hörmət edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bir sözlə, “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri” sadəcə bir şüar deyil. Bu, hər iki tərəfin qətiyyətlə sadiq qalmalı olduğu məqsəd və birgə fəaliyyət tələb edən strateji istiqamətdir.
Sədr Si Cinpinin qeyd etdiyi kimi, Çin–ABŞ münasibətləri iki ölkədə yaşayan 1,7 milyarddan çox insanın rifahına birbaşa təsir göstərir və dünya üzrə 8 milyarddan artıq insanın maraqları ilə bağlıdır.
Çin tərəfi ABŞ tərəfi ilə birlikdə dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların lazımi şəkildə həyata keçirilməsinə, konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətlərinin formalaşdırılmasına, ikitərəfli münasibətlərin daha geniş baxış və uzunmüddətli perspektiv əsasında inkişaf etdirilməsinə hazırdır.
Çin həmçinin yeni dövrdə böyük dövlətlər arasında qarşılıqlı fəaliyyətin düzgün modelinin müəyyənləşdirilməsi, iki ölkə xalqlarına daha çox fayda verilməsi və bütün dünyada sülh və inkişaf işinə daha böyük töhfə göstərilməsi istiqamətində ABŞ ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu bildirir.
Oxşar xəbərlər
Komitə sədri: WUF13 dayanıqlı inkişafa ortaq öhdəliyi əks etdirən bir platformaya çevrilib
Euronews WUF13-ün nəticələri ilə bağlı xüsusi reportaj hazırlayıb - VİDEO
Anar Quliyev: 27 dövlət və hökumət başçısının iştirakı WUF13 üçün tarixi mərhələ kimi qiymətləndirilir
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
