Elnur Soltanov: ESCO modelinin və bu mədəniyyətin Azərbaycana gətirilməsi vacibdir
sizinxeber.az xəbər saytı

Elnur Soltanov: ESCO modelinin və bu mədəniyyətin Azərbaycana gətirilməsi vacibdir


Bizim üçün ESCO (Energy Service Company – Enerji Xidməti Şirkəti) modelinin və bu mədəniyyətin Azərbaycana gətirilməsi, ictimai maarifləndirmənin artırılması və bu sahədə fəaliyyət göstərən qurumların formalaşdırılması olduqca vacibdir.

"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi ila bağlı tədbirdə çıxış edərkən Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.

"Bugünkü görüşə gəlincə, qarşımda duran çıxış mətninə tam riayət etmək niyyətində deyiləm. Burada iştirak edən tərəfdaşlarımızı, müştəriləri və xidmət təminatçılarını dinləmək istəyirik. Bizim məqsədimiz açıq və səmimi dialoq aparmaq, bazarda nə baş verdiyini, hansı boşluqların mövcud olduğunu və həmin boşluqları necə doldura biləcəyimizi anlamaqdır.

Hesab edirəm ki, qanunvericilik baxımından vəziyyət qənaətbəxşdir. Müvafiq fondumuz mövcuddur və həmin fondun imkanlarından ESCO layihələrinin dəstəklənməsi üçün istifadə etmək olar", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda, maarifləndirmənin artırılması olduqca mühüm məsələdir və həyata keçirdiyimiz fəaliyyətlərin mühüm hissəsini təşkil edəcək

"Lakin mən xüsusilə istəyirəm ki, bu müzakirələr açıq və səmimi keçsin və nəticədə əldə olunan təkliflər əsasında prosesi sürətləndirə bilək, enerji səmərəliliyi və ESCO mexanizmlərini Azərbaycanda mümkün qədər tez tətbiq edə bilək.

Sizi əmin edə bilərəm ki, Energetika Nazirliyi bu istiqamətdə hər cür dəstək göstərməyə hazırdır. Konkret layihələr və fərdi hallar üzrə əməkdaşlığa açığıq və bu prosesin inkişafı üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə hazırıq", - nazir müavini bildirib.

O əlavə edib ki, müxtəlif səbəblərdən prosesə dövlət binalarından başlamaq müəyyən qədər çətin ola bilər. Buna görə də ilk mərhələdə dövlət şirkətləri, dövlət korporasiyaları, özəl şirkətlər və özəl müəssisələr üzərində fokuslanmaq daha səmərəli yanaşma ola bilər.

"Bir daha vurğulamaq istəyirəm ki, biz sizin təcrübənizi dinləməyə, əldə olunan dərsləri öyrənməyə və həmin təcrübəni konkret fəaliyyət planlarına çevirməyə böyük maraq göstəririk", - Elnur Soltanov yekunlaşdırıb.

Oxşar xəbərlər

Nazir müavini: Enerji səmərəliliyi istiqamətində böyük potensial mövcuddur
Bakı Enerji Forumunun ikinci günü işinə başlayıb
Elnur Soltanov: "Neft-qaz və bərpa olunan enerji sahəsində asan əldə edilən nəticələr qalmayıb"
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq
Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər