Orta Dəhliz üzrə ticarət həcmini üçqat artırmaq üçün 10 prioritet layihə açıqlanıb
sizinxeber.az xəbər saytı

Orta Dəhliz üzrə ticarət həcmini üçqat artırmaq üçün 10 prioritet layihə açıqlanıb


Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) üzrə ticarət həcmini üçqat artırmaq üçün strateji əhəmiyyətli regionlarda 10 ilkin infrastruktur və logistika dəyişikliyi həyata keçirilməlidir.

Bu barədə "Report" "Elevate Crossroads" analitik və konsaltinq platformasına istinadən xəbər verir.

Mərkəzi Asiyada prioritet vəzifələrdən biri Almatı ətrafından keçən dəmir yolu xəttinin tikintisidir. Hazırda bütün yük qatarları ölkənin ən böyük şəhərinin mərkəzi hissəsindən keçir. Yeni dəmir yolu xəttinin tikintisi şəhərin nəqliyyat qovşağına düşən yükü əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin qatarların hərəkət sürətini artırmağa imkan verəcək.

Bundan əlavə, Özbəkistan və Qazaxıstan arasında yeni dəmir yolu marşrutunun açılması yükgöndərənlərə birbaşa istiqamətlərdən istifadə etmək imkanı verərək, onları sərhəd keçidlərində uzunmüddətli yubanmalardan xilas edəcək. Hazırda sərhədi keçmə proseduru xeyli vaxt aparır. Ekoloji amil xüsusi diqqətə layiqdir: iqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin su səviyyəsi aşağı düşməkdə davam edir, bu da limanların fəaliyyətinə mənfi təsir göstərir. Bununla əlaqədar olaraq, Aktau limanının yükaşırma səmərəliliyini artırmaq üçün avadanlıqlarının yenilənməsinə və yanalma qurğularının potensialının artırılmasına kəskin ehtiyacı var.

Qara dəniz regionunda əsas problem çatdırılma müddətlərinin artmasına səbəb olan hərəkət heyətinin, ilk növbədə isə Gürcüstanda lokomotivlərin çatışmazlığı olaraq qalmaqda davam edir. Yeni vaqonların və dartı hərəkət heyətinin alınması bütün dəhlizin buraxılış qabiliyyətini və ümumi iş səmərəliliyini prinsipial şəkildə artırmağa qadirdir. Paralel olaraq, yerli stansiyanın eyni vaxtda genişləndirilməsi ilə Axalkalaki-Türkiyə sərhəd sahəsində dəmir yolu infrastrukturunun modernləşdirilməsini həyata keçirmək lazımdır.

Dəniz limanlarında da genişmiqyaslı işlər tələb olunur: belə ki, Gürcüstanın Poti limanı artıq 2023-cü ildə öz buraxılış imkanlarını tükədib. Onun dəniz yükləri üçün yükaşırma güclərinin artırılması və limanı ölkənin daxili rayonları ilə birləşdirən dəmir yolu şəbəkəsinin inkişafı daha çox sayda konteyner gəmisinə xidmət göstərməyə və konteynerlərin tranzit vaxtını azaltmağa imkan verəcək. Mütəxəssislər Orta Dəhlizin dəmir yolu infrastrukturunda təxirəsalınmaz həll tələb edən ən kritik məhdudiyyətli yer olaraq Sivas-Qars-Gürcüstanla sərhəd sahəsini hesab edirlər ki, onun da modernləşdirilməsini ən qısa müddətdə həyata keçirmək vacibdir.

İstanbul ərazisində logistik sıxlıqların qarşısını almaq üçün Üçüncü körpü vasitəsilə Bosfor boğazı üzərindən yüksək buraxılış qabiliyyətli yerüstü dəmir yolu xəttinin tikintisi nəzərdə tutulur. Avropa istiqamətində Rumıniya və Bolqarıstanın liman və dəmir yolu infrastrukturuna irimiqyaslı investisiyaların qoyulması zəruridir ki, bu da həmin dövlətlərin Mərkəzi Avropa ilə daxili və transsərhəd nəqliyyat əlaqələrini möhkəmləndirməyə imkan verəcək.

Nəhayət, Orta Dəhliz boyu onuncu ən mühüm tədbir ticarət şəraitinin kompleks şəkildə yaxşılaşdırılması olmalıdır: sərhəd prosedurlarının idarə edilməsinin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və bütün proseslərin rəqəmsal transformasiyasının sürətləndirilməsi.

Xatırladaq ki, TBNM Qazaxıstan ərazisi, Xəzər dənizi akvatoriyası, Azərbaycan və Gürcüstandan keçməklə Çini Avropa dövlətləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutudur. Assosiasiya lazımi informasiya dəstəyini həyata keçirir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin formalaşmasına və coğrafi baxımdan birbaşa TBNM marşrutu boyu yerləşməyənlər də daxil olmaqla, müxtəlif ölkələrdən olan iştirakçılar üçün maksimum səmərəliliyin əldə edilməsinə kömək edir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin statistikasına görə, bu marşrut üzrə yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib, 2027-ci ilə qədər isə onun daha 10 % artacağı gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti illik 10 milyon ton həddinə çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar açacaq.

Qeyd etmək lazımdır ki, TBNM vasitəsilə yükdaşımalar üzrə 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.

Oxşar xəbərlər

Qazaxıstan 2025-ci ildə Orta Dəhliz çərçivəsində tranzit potensialını gücləndirəcək
Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq"
Hesabat: Zəngəzur marşrutu Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışını asanlaşdıracaq
Qazaxıstan Prezidenti: "Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq"
ADY sözcüsü: "BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin imkanlarını artıracaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər