Dmitro Qamankov: "Ekoloji enerji layihələri yalnız kompleks şəkildə sığortalanmalıdır"
sizinxeber.az xəbər saytı

Dmitro Qamankov: "Ekoloji enerji layihələri yalnız kompleks şəkildə sığortalanmalıdır"


Yaşıl enerji dəhlizlərinin uğuru yalnız hökumətlərin, mühəndislərin və investorların səylərindən asılı olmayacaq, bu layihələrin həyata keçirilməsində risklərin düzgün qiymətləndirilməsi və idarə olunması da həlledici rol oynayacaq.

"Report" xəbər verir ki, bunu "VIG Re" şirkətinin Mərkəzi və Şərqi Avropa (CEE) və beynəlxalq bazarlar üzrə baş anderrayteri Dmitro Qamankov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, gələcəyin yaşıl enerji dəhlizləri risklərin müəyyən edilməsi, strukturlaşdırılması, qiymətləndirilməsi və ötürülməsi əsasında qurulacaq:

"Sığorta və təkrarsığorta şirkətləri bu layihələrdə sadəcə passiv müşahidəçi olmayacaq. Onlar layihələrin niyə və necə investisiya üçün cəlbedici, eləcə də banklar tərəfindən maliyyələşdirilə bilən olduğunu izah edən əsas tərəflərdən birinə çevriləcəklər".

D.Qamankov bildirib ki, "yaşıl enerji dəhlizi" anlayışı adətən bərpa olunan enerji mənbələri, ötürücü infrastruktur və transsərhəd əməkdaşlıqla əlaqələndirilsə də, sığorta sektoru bu layihələrə daha geniş rakursdan baxır.

"Sığortaçılar kimi biz yalnız enerji istehsalı obyektlərini deyil, həm də onların qarşılıqlı əlaqələrini, asılılıqları, dəyər konsentrasiyasını və müxtəlif ölkələrdəki tənzimləmə mexanizmlərini görürük. Bir neçə yurisdiksiyanı əhatə edən müqavilə dəyişiklikləri və hüquqi çərçivələr vahid dəyər zəncirində çoxsaylı risklər yarada bilər. Buna görə də belə layihələr hissə-hissə deyil, bütöv sistem kimi qiymətləndirilməlidir", - o vurğulayıb.

Onun sözlərinə görə, müasir enerji bağlantısı layihələrində əsas risk mənbəyi çox vaxt elektrik enerjisini istehsal edən obyektlər deyil, ölkələrin enerji sistemlərini birləşdirən interkonnektorlar və kabel infrastrukturudur.

"Dəhliz sadəcə bir aktiv deyil, bütöv bir sistemdir. Bu səbəbdən ona ayrı-ayrı aktivlərin toplusu kimi yox, müstəqil risk ekosistemi kimi yanaşmaq lazımdır", - deyə o qeyd edib.

D.Gamankov hesab edir ki, sığorta və təkrarsığorta şirkətləri layihələrə müqavilə strukturları formalaşdıqdan sonra deyil, ilkin mərhələdən cəlb olunmalıdır. Bununla yanaşı, layihədə iştirak edən tərəflərin məsuliyyət bölgüsü, hüquq və öhdəlikləri əvvəlcədən aydın müəyyənləşdirilməlidir.

O bildirib ki, potensial itkilərin araşdırılması sonrakı mərhələyə saxlanılmamalı, biznes fasilələri və təmir proseslərinin logistikası əvvəlcədən modelləşdirilməlidir.

"Tələblərin idarə olunmasına hazırlıq layihənin başlanğıcından onun ayrılmaz hissəsi olmalıdır. İtkinin hansı tərəfin məsuliyyətinə aid edilməsinin müəyyənləşdirilməsi ilə bağlı qeyri-müəyyənliklər də öncədən aradan qaldırılmalıdır. Bu, yaşıl enerji dəhlizlərinin maliyyə dayanıqlığı və investisiya cəlbediciliyi baxımından vacib amildir", - deyə o əlavə edib.

Ekspertin fikrincə, enerji keçidi sürətləndikcə və ölkələrarası enerji inteqrasiyası dərinləşdikcə, sığorta sektoru yalnız riskləri kompensasiya edən mexanizm deyil, həm də iri infrastruktur layihələrinin həyata keçirilməsini mümkün edən strateji tərəfdaş rolunu oynayacaq.

Oxşar xəbərlər

Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
Mikayıl Cabbarov: "Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salırıq"
Orxan Zeynalov: "Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq"
Əfqan İsayev: "SGC təcrübəsinin BOEM layihələrinə tətbiqi nəzərəçarpacaq nəticələr verəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər