Qambiya paytaxtının meri: Bahalı stadionlar yox, çoxfunksiyalı idman meydançaları lazımdır
sizinxeber.az xəbər saytı

Qambiya paytaxtının meri: Bahalı stadionlar yox, çoxfunksiyalı idman meydançaları lazımdır


Beynəlxalq maliyyə institutları və inkişaf bankları hələ də idman infrastrukturunu şəhərlərin dayanıqlı inkişafı alətindən daha çox asudə vaxt sahəsi kimi nəzərdən keçirirlər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qambiyanın paytaxtı Banjul şəhərinin meri Rohi Malik Lou Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Banjulda idman artıq sadəcə asudə vaxt forması deyil, şəhər infrastrukturunun mühüm hissəsi kimi qəbul olunur.

Lou qeyd edib ki, şəhərə bahalı stadionlar və irimiqyaslı layihələr lazım deyil.

"Bizə şəhərimizin əhalisi sıx olan hər bir rayonunda çoxfunksiyalı idman meydançaları lazımdır. Bahalı stadionlar yox. Maliyyələşmə daxil olduqda, biz milyonlar gözləmirik. Bizə sadəcə beton meydança, günəş enerjisi ilə işləyən işıqlandırma, uşaqlar üçün basketbol səbətləri lazımdır", - o vurğulayıb.

Mer həmçinin uşaqların erkən yaşlarından idmana cəlb edilməsinin vacibliyinə diqqət çəkib və idman təfəkkürünün formalaşmasının uşaqlıqdan başlamalı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, idman infrastrukturunun yaradılması zamanı dayanıqlılıq məsələlərini və təmiz içməli suya çıxış da daxil olmaqla, əhalinin əsas ehtiyaclarını nəzərə almaq vacibdir.

Lou qeyd edib ki, idman obyektlərinə iqlim dayanıqlılığı, ictimai sağlamlıq və xüsusən də gənclər arasında cinayətkarlığın profilaktikası sisteminin bir hissəsi kimi baxılmalıdır. "Axşamlar meydançalarda oynayan gənclər küçələrdə problem axtarmırlar. Biz həmçinin qızların axşamlar qorxusuz oynaya biləcəyi təhlükəsiz və təmiz bir məkan görürük", - Lou bildirib.

O, həmçinin beynəlxalq maliyyə institutlarını vəsaitlərin bölüşdürülməsi yanaşmasına yenidən baxmağa və şəhər infrastrukturuna, o cümlədən rayon idman meydançalarına yatırılan investisiyalara daha çox diqqət yetirməyə çağırıb.

"Bizə rayon idman meydançaları üçün 1 milyon dollar verin - və biz gələcəkdə səhiyyə, polis və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında sizə 10 milyon qənaət edəcəyik. Kateqoriyalarınızı dəyişin. İdman meydançalarını yenidən təsnifatlaşdırın və onların əslində nə olduqlarını qəbul edin", - Rohi Malik Lou deyib.

Oxşar xəbərlər

UN-Habitat rəhbəri: Bakı mədəni irslə bağlı müzakirələr keçirmək üçün gözəl məkandır
Anar Bağırov: İdman obyektləri ictimai həyata inteqrasiya edilməlidir
OPEC Fondu mənzil məsələsini şəhər infrastrukturunun inkişafı gündəliyinə daxil etməyə çalışır
İsveçdə şəhərlərin inklüziv inkişafı üçün "HerCity Sweden" platforması yaradılır
Əfsanəvi beysbolçunun forması hərracda satılan ən bahalı idman xatirə əşyası olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər