Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 54-cü buraxılış mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov, Müdafiə Nazirliyinin Baş İdarə rəisləri, hərbi liseyin rəhbərliyi, pedaqoji heyəti, ictimaiyyət və media nümayəndələri, kursant valideynləri iştirak edib.
Öncə ümummilli lider Heydər Əliyev və torpaqlarımız uğrunda canını fəda edən şəhidlərin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov bildirib ki, 55 il əvvəl milli hərbi kadrların hazırlanmasının vacibliyini görən Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, bu təhsil ocağının əsasını qoyub: “Sovet rejiminin ən sərt dövründə cəsarətlə qəbul edilən bu qərar müstəqil Azərbaycanın güclü ordusunun formalaşdırılmasına xidmət edən ən mühüm dövlətçilik addımlarından biri olub. Bu məktəbin adı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qüdrəti və dövlətimizin əzəməti ilə yanaşı çəkilir”.
Rektorun sözlərinə görə, Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri böyük fədakarlıq göstərib, 200-dən çox məzun Vətən yolunda şəhidlik zirvəsinə ucalıb.
Onların qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, liseyin məzunları sırasından 11 nəfər Milli Qəhrəman, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
“Azərbaycan Ordusunun təhsil sisteminin inkişafı üçün göstərilən xüsusi diqqət və qayğıya görə, başda Ali Baş Komandanımız olmaqla, Müdafiə Nazirliyinin bütün rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - rektor əlavə edib.
General-mayor Gündüz Əbdülov qeyd edib ki, buraxılış mərasimində illər öncə özü ilə yanaşı bir neçə general iştirak edib. Onların arasında Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunlarının komandanı Ağamir Sultanov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini, Hava Döyüş komandiri Zaur Rüstəmov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov, Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi Vasif Xəlilov, eyni zamanda bir ilə yaxın onlarla xidmət edən Türkiyə Milli Müdafiə Universitetinin nümayəndəsi, Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinin dekanı, professor İbrahim Hətəm iştirak edir.
Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev kursantları məzun olmaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğur arzu edib.
Sonra hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Kursantlar adından çıxış edən kurs birincisi Teymur Əliyev hərbi liseydə əldə etdikləri bilik və bacarıqları növbəti təhsil müəssisələrində daha da inkişaf etdirəcəklərinə dair söz verib.
Hərbi liseyin rəmzi kötüyünə 2026-cı ilin xatirə lövhəsi vurulduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.
Daha sonra məzun kursantlar və valideynləri öz sevinc hisslərini media ilə bölüşüblər.
Kursant Həmidzadə Məhəmməd bildirib ki, əsası 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olur: “Bu həm sevincli, həm də kədərli hissdir. Uşaq vaxtından hərbiyə olan marağım məni bu liseyə qovuşdurdu. Beləliklə, Heydər Əliyev adına Hərbi İnstituta qəbul olaraq hərbi təhsilimi davam etdirəcəyəm. Mən inanıram ki, aldığım təhsillə gələcəkdə Azərbaycan Ordusunun savadlı və peşəkar zabitlərindən olacağam”.
Kursant Nihat Həbibli isə qeyd edib ki, məzun olan hər bir kursant gələcəkdə Azərbaycan Ordusunun sıralarında peşəkar, ləyaqətli və şərəfli zabit kimi xidmət edəcək: “Mən hərb peşəsini öz istəyimlə seçmişəm. Bu seçimimdə ailəmin, xüsusilə də Dövlət Sərhəd Xidmətində çalışan qardaşımın böyük rolu olub. Uşaq yaşlarından onun hərbi formasına, xidmətinə və məsuliyyətinə heyranlıqla baxmışam. Məhz buna görə hərbçi olmağı qarşıma məqsəd qoymuşam. Bu gün hərbi yolda addımlamaq və gələcəkdə Vətənə xidmət etmək mənim üçün böyük qürur və şərəfdir. İnanıram ki, qazandığımız bilik və təcrübə ilə ölkəmizə layiqincə xidmət edəcəyik. Yaşasın Azərbaycan!”
Hərbi liseyin rəisi Anar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, lisey Azərbaycan Ordusunda kadrların yetişdirilməsində xüsusi rol oynayır: “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsası 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin dediyi kimi, Ulu Öndər bütün çətinliklərə sinə gələrək Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı ki, Azərbaycanın müdafiəsində öz zabitləri dayansın. Bu gün biz fəxrlə buraxılış mərasimlərini keçiririk. Əminliklə bildirirəm ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları Azərbaycanın keşiyində məğrurcasına dayanır, milli kadrlar kimi yetişirlər”.
Onun sözlərinə görə, bu günə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20-dən çox zabit “general” ali rütbəsinə yüksəlib.
Eyni zamanda Vətən Müharibəsində hərbi liseydə xidmət edən 60 nəfər hərbi qulluqçu döyüş əməliyyatlarında iştirak edib, onlardan 1 nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, 3 nəfər hərbi qulluqçu yaralanıb, onlarla döyüşçü orden və medallarla təltif olunub.
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, eləcə də, Hərbi Liseyin məzunlarından 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vətən Müharibəsində göstərdiyi igidlik və şücaətlərə görə Hərbi Liseyin 100 nəfərdən çox məzunu orden və medallarla təltif olunub”, - Anar Mirzəyev əlavə edib.
Oxşar xəbərlər
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib - VİDEO
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə media-tur təşkil olunub - FOTO
Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının növbəti ildönümü qeyd olunub - VİDEO
Gürcüstan nümayəndə heyəti Bakıda hərbi təhsil müəssisələrində olub
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
