Avropanın yeni təhlükəsizlik doktrinası: Öz gücünə söykənən Aİ - ŞƏRH
ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər uzun illər ərzində qlobal siyasətin əsas dayaqlarından biri hesab olunub. Ortaq demokratik dəyərlər, təhlükəsizlik maraqları və iqtisadi əməkdaşlıq tərəfləri strateji tərəfdaş kimi birləşdirsə də, son illərdə bir sıra məsələlər üzrə yaranan fikir ayrılıqları yeni gərginlik elementləri formalaşdırıb. Xüsusilə Ukrayna müharibəsi, ticarət siyasəti, müdafiə xərcləri, enerji təhlükəsizliyi və geosiyasi prioritetlər sahəsində müşahidə olunan fərqli yanaşmalar Vaşinqtonla Brüssel arasında münasibətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradır. Aİ uzun müddət beynəlxalq münasibətlərdə "yumşaq güc" siyasəti vasitəsilə təsir göstərməyə çalışsa da, son illərdə geosiyasi rəqabətin sərtləşməsi və hərbi amilin ön plana çıxması bu yanaşmanın effektivliyini azaldıb.
Aİ-nin məhdudlaşan imkanları
Ukrayna müharibəsi Aİ-nin mövcud imkanlarının məhdudluğunu nümayiş etdirən əsas nümunələrdən biridir. Təşkilat Kiyevə böyük maliyyə və humanitar yardım göstərsə də, münaqişənin həlli istiqamətində aparılan danışıqlarda həlledici rol oynaya bilməyib. Müharibənin gedişinə təsir edən əsas qərarlar daha çox ABŞ, Rusiya və digər böyük güclər arasında formalaşır. Aİ isə proseslərin maliyyələşdirilməsində mühüm rol oynasa da, siyasi istiqamətin müəyyənləşdirilməsində ikinci planda qalır. Bu vəziyyətin əsas səbəblərindən biri Aİ daxilində vahid xarici siyasət mexanizminin tam formalaşmamasıdır. Birliyə üzv ölkələrin təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərində fərqli maraqlara malik olmaları ümumi qərarların qəbulunu çətinləşdirir. Nəticədə Aİ çox vaxt sürətli və çevik qərarlar qəbul etməkdə çətinlik çəkir. Halbuki qlobal böhranlar çevik reaksiya və operativ fəaliyyət tələb edir.
Eləcə də, Yaxın Şərqdə baş verən hadisələr də ABŞ və Avropa arasında mövqe fərqlərinin yaranmasına səbəb olur. Birlik regionda sülhün və sabitliyin tərəfdarı kimi çıxış etsə də, əsas geosiyasi proseslərə təsir göstərə biləcək real rıçaqlara malik deyil. ABŞ-nin Qrenlandiyaya artan marağı və adanı öz nəzarətinə keçirmək niyyəti də Vaşinqton ilə Avropa İttifaqı arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Nəticə etibarilə, ABŞ-nin Qrenlandiyanı öz nəzarətinə keçirmək niyyəti yalnız regional məsələ deyil, həm də transatlantik münasibətlərin gələcəyinə təsir göstərən mühüm geosiyasi problemə çevrilib.
Aİ Təhlükəsizlik Şurası - Avropanın strateji muxtariyyət axtarışında yeni mərhələ
Aİ də mövcud durumdan çıxmaq üçün yeni ideya ilə çıxış edir, özünün müdafiə və təhlükəsizlik siyasətinə yenidən baxır. Məsələn, bu kontekstdə gündəmə "Aİ Təhlükəsizlik Şurası" ideyası gətirilib. Təşəbbüsün tarixçəsi ötən əsrin 80-ci illərinə gedib çıxır. Belə bir dar formatın təşəkkül tapması 27 üzv ölkənin birbaşa iştirakı ilə konsensus əsasında qərarların qəbulu zərurətini aradan qaldıra və veto hüququna son qoymağa imkan vermiş olar. İdeya Avropanın strateji muxtariyyətini artırmaq, qərar qəbuletmə prosesini sürətləndirmək və qitənin təhlükəsizlik maraqlarını daha effektiv şəkildə müdafiə etmək məqsədi daşıyır. Tərəfdarları bu təşəbbüsü Avropanın qlobal aktor kimi rolunun gücləndirilməsi üçün vacib addım hesab etsələr də, onun həyata keçirilməsi ilə bağlı siyasi, hüquqi və institusional suallar hələ də açıq qalır. Hazırda Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri əsasən üzv dövlətlərin konsensusuna əsaslanır. Bu isə bir çox hallarda qərarların qəbulunu ləngidir və ittifaqın beynəlxalq böhranlara operativ reaksiya verməsini çətinləşdirir.
Xüsusilə Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr və miqrasiya böhranı göstərdi ki, Aİ daha çevik və təsirli qərarvermə mexanizmlərinə ehtiyac duyur. Məhz bu səbəbdən bəzi Avropa liderləri ittifaq daxilində daimi fəaliyyət göstərən və təhlükəsizlik məsələlərinə operativ yanaşan xüsusi qurumun – "Aİ Təhlükəsizlik Şurası"nın yaradılmasını təklif edirlər. Belə bir strukturun məqsədi təhlükəsizlik və müdafiə sahəsində strateji qərarların daha sürətli qəbul edilməsini təmin etməkdir. İdeya Avropanın uzun müddətdir müzakirə olunan "strateji muxtariyyət" konsepsiyası ilə sıx bağlıdır və Avropanın təhlükəsizlik məsələlərində ABŞ-dan və NATO-dan tam asılı olmadan fəaliyyət göstərə bilməsini nəzərdə tutur.
Kallas-Lyeyen qarşıdurması - Aİ-də səlahiyyət savaşı
Aİ-ABŞ ziddiyyətləri fonunda diqqət çəkən məsələlərdən biri də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında müşahidə olunan fikir ayrılıqları və səlahiyyət mübarizəsidir. Bu qarşıdurma təkcə iki siyasətçi arasındakı şəxsi rəqabət deyil, həm də Aİ-nin gələcək xarici siyasət modelinin necə formalaşacağı ilə bağlı daha geniş institusional mübahisənin təzahürü kimi qiymətləndirilir. Məsələn, Kallas müsahibələrindən birində bildirib ki, onunla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasındakı fikir ayrılıqları AK-nın iki qurumu arasındakı münasibətlərə aiddir və onların şəxsi münasibətlərinə toxunmur. "Mənə gəlincə, Lyayenə yaxşı münasibət bəsləyirəm. KİV isə hər şeyi qadınlar arasında mübahisə kimi təqdim etmək istəyir. Əslində mənim rəhbərlik etdiyim qurum əvvəldən Avropa Komissiyasının xoşuna gəlmirdi. Bu daha çox idarələrarası bir şeydir. Mən sübut etməyə çalışıram ki, əgər biz nəyisə birlikdə edirik, hamı qazanır. Ki, Avropa o zaman daha güclüdür", - o deyib.
Onun sözlərinə görə, bu daha çox AK-nın artıq təməl sazişlərinə daxil edilmiş bir münaqişədir. Qərb KİV-lərinin xəbər verdiyi kimi, son vaxtlar fon der Lyayen və Kallas arasında mübahisə kəskinləşib. Xüsusilə, Kallasın sələfi, Aİ-nin diplomatik xidmətinin keçmiş rəhbəri Frederika Mogerininin dələduzluq işi üzrə istintaq çərçivəsində saxlanılması barədə xəbərlər nümunə gətirilir.
Həmçinin bildirilirdi ki, Kallas fon der Lyayenin əsas opponentlərindən birinin Brüsselə qayıtmasına nail olmaq istəyib, lakin bunu edə bilməyib.
"Politico" nəşri Avropa hakimiyyət orqanlarındakı mənbələrə istinadən qeyd edib ki, mübahisədə Kallasa tabe olan diplomatik idarənin əməkdaşları fon der Lyayenin tərəfini tutur.
Aİ-nin mövcud institusional strukturuna əsasən, xarici siyasətin koordinasiyası və diplomatik fəaliyyətlərin həyata keçirilməsi əsasən Ali Nümayəndənin səlahiyyətlərinə daxildir. Lakin son illərdə Lyayen beynəlxalq böhranlar, Ukrayna müharibəsi, Yaxın Şərq hadisələri və ABŞ-la münasibətlər kimi məsələlərdə daha fəal mövqe nümayiş etdirərək xarici siyasətdə əsas fiqura çevrilməyə çalışıb. Bu isə bəzi Avropa paytaxtlarında və diplomatik dairələrdə narahatlıq yaradıb. Xüsusilə İran böhranı və Yaxın Şərqdə baş verən hadisələr zamanı fon der Lyeyenin verdiyi bəyanatlar və apardığı diplomatik təmaslar Kallasın səlahiyyət sahəsinə müdaxilə kimi qiymətləndirilib. Bir sıra ekspertlər hesab edir ki, komissiya rəhbəri getdikcə Aİ-nin xarici siyasət aparatını öz nəzarəti altına almağa çalışır.
Kaya Kallas isə Avropanın daha müstəqil və prinsipial xarici siyasət yürütməsinin tərəfdarı kimi çıxış edir. O, ABŞ-Aİ münasibətlərində baş verən dəyişikliklərin müvəqqəti deyil, struktur xarakter daşıdığını vurğulayaraq Avropanın təhlükəsizlik və müdafiə sahəsində daha çox məsuliyyət götürməsinin vacibliyini bildirib.
Kallasın diplomatik yanaşması daha çox Aİ üzv dövlətlərinin razılığına və mövcud müqavilələr çərçivəsində fəaliyyətə üstünlük verir. Bu isə fon der Leyenin daha mərkəzləşdirilmiş və çevik qərar qəbuletmə modelinə dair baxışları ilə tam üst-üstə düşmür.
Üzv dövlətlər arasında fikir ayrılıqları
Aİ daxilində müxtəlif məsələlər və son təşəbbüslə bağlı ziddiyyətlər var. Təşəbbüslər heç də bütün üzv dövlətlər tərəfindən eyni dərəcədə dəstəklənmir. Bir sıra ölkələr belə bir strukturun böyük dövlətlərin təsir imkanlarını artıracağından və kiçik üzvlərin qərar qəbuletmə prosesində rolunu azaldacağından ehtiyat edirlər. Aİ daxilində fikir ayrılıqları son illərdə daha da dərinləşib və bu, xüsusilə xarici siyasət, təhlükəsizlik, enerji və miqrasiya məsələlərində özünü göstərir. Aİ-nin Ukraynaya dəstək siyasəti üzv dövlətlər arasında ciddi fikir ayrılıqları yaradıb. Xüsusilə Ukraynaya maliyyə yardımı, Rusiyaya qarşı sanksiyalar və Kiyevin Aİ-yə üzvlük prosesi ilə bağlı qərarları veto edib və ya gecikdirib. Aİ rəhbərliyi bunun təşkilatın vahid xarici siyasətinə mənfi təsir göstərdiyini bildirib. Almaniya və Fransa kimi ölkələr xarici siyasətdə yekdillik prinsipinin ləğv edilərək ixtisaslı səs çoxluğu sisteminə keçilməsini dəstəkləyirlər. Buna qarşılıq Macarıstan, Slovakiya və bəzi digər ölkələr milli suverenliyin qorunması üçün veto hüququnun saxlanılmasını tələb edirlər.
2024-cü ildə qəbul edilən yeni Miqrasiya Paktı Polşa, Macarıstan və Slovakiyanın etirazı ilə qarşılanıb. Slovakiyanın Baş naziri Robert Fico ölkəsinin Aİ-nin yeni miqrasiya qaydalarını tətbiq etməyəcəyini bəyan edib. Bu məsələ Şərqi və Qərbi Avropa ölkələri arasında fikir ayrılıqlarını daha da artırıb. Rusiyadan enerji idxalının mərhələli şəkildə dayandırılması planı da üzv dövlətləri iki düşərgəyə bölüb. Macarıstan və Slovakiya iqtisadi maraqlarını əsas gətirərək bu qərarlara qarşı çıxır, digər üzvlər isə Rusiyadan enerji asılılığının azaldılmasını strateji zərurət hesab edirlər. Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin üzvlüyü ilə bağlı da vahid mövqe yoxdur. Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq yeni üzvlər üçün əlavə nəzarət mexanizmləri və müəyyən müddət ərzində veto hüququnun məhdudlaşdırılmasını təklif ediblər. Bu isə genişlənmə prosesinin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub. Aİ daxilindəki fikir ayrılıqları qurumun qərar qəbuletmə mexanizminin əsas problemlərindən biri olaraq qalır. Xarici siyasət, miqrasiya, enerji təhlükəsizliyi və genişlənmə kimi strateji məsələlərdə milli maraqlar çox vaxt ümumi Avropa mövqeyinin formalaşdırılmasını çətinləşdirir. Bu səbəbdən Aİ-də veto hüququnun gələcəyi və qərarların qəbul edilmə mexanizminin islahatı hazırda ən aktual siyasi müzakirələrdən biridir.
Bir sıra müşahidəçilər hesab edir ki, Brüsseldə xarici siyasətin kim tərəfindən idarə olunması ilə bağlı qeyri-müəyyənlik Aİ-nin qlobal nüfuzuna mənfi təsir göstərir. Kallas–Lyayen qarşıdurması isə Avropa İttifaqında sadəcə iki yüksək vəzifəli siyasətçi arasındakı fikir ayrılığı deyil. Bu mübarizə Aİ-nin gələcəkdə necə idarə olunacağı, xarici siyasətin hansı institutun rəhbərliyi altında formalaşacağı və Avropanın qlobal güc kimi çıxış edib-etməyəcəyi ilə bağlı fundamental sualları gündəmə gətirir. Qarşıdakı dövrdə bu rəqabətin hansı istiqamətdə inkişaf edəcəyi Avropa İttifaqının geosiyasi roluna və beynəlxalq nüfuzuna birbaşa təsir göstərəcək.
Nəticə etibarilə, qeyd edə bilərik ki, Aİ mürəkkəb dövrünü yaşayır. ABŞ-la ziddiyyətləri artır, beynəlxalq münaqişələrin həllindən kənarda qalır. Bu vəziyyətdən çıxmaq üçün ortaya yeni təşəbbüslər, ideya ortaya atılır. Bütün bunlar "Köhnə dünyanı" vəziyyətdən çıxar biləcəkmi? Bunu zaman göstərəcək.
Oxşar xəbərlər
Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır
Laçın şəhərindəki üçtərəfli Zirvə görüşü birliyimizin sarsılmaz olmasının göstəricisidir ŞƏRH
Azərbaycanın qələbəsi dünyada hazırkı müharibələrdən fərqli olaraq strateji planlaşdırmanın nümunəsidir - RƏY
Pakistanlı politoloq: Bakı və İslamabad müdafiə sahəsində əməkdaşlığı genişləndirə bilər
Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
