
Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur

Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur
Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, islamofobiya mövzusunda keçirilən konfraslara maraq ildən-ilə artır:
"Bu, islamofobiya ilə bağlı baş tutan sayca üçüncü konfrandır Ümumiyyətlə, islamofobiya bizim üçün təkcə nəzəri yox həm də praktiki problemdir".
F.Şəfiyev qeyd edib ki, islamofobiyanın növləri çoxdur və Azərbaycan da belə hallarla üzləşib:
"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dini savaş olmasa da, bu çərçivədə çox sayda qəbiristanlıqlar, məscidlər dəfələrlə məhv edilib".
BMTM rəhbəri əlavə edib ki, əsas məqsəd konfransda müvafiq sənədin qəbulundan daha çox burada olan siyasətçiləri, xarici ekspert və media nümayəndələrini bir araya gətirib islamofobiyaya qarşı praktiki addımlar atmaqdır.