BMTM sədri: İslamofobiya yalnız fərdi nifrət və ya qorxunu ifadə etmir, həm də geosiyasi təhdiddir
sizinxeber.az xəbər saytı

BMTM sədri: İslamofobiya yalnız fərdi nifrət və ya qorxunu ifadə etmir, həm də geosiyasi təhdiddir


İslamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, bu yanaşmanın əsasında Edvard Saidin (Edward W. Said) “Orientalizm” (Şərqşünaslıq) əsəri dayanır:

“Edvard Said göstərirdi ki, Qərb Şərqi çox vaxt “geridə qalmış” və “təhlükəli” kimi təqdim edir. Bu yanaşma təkcə elm və mədəniyyətdə deyil, həm də siyasi və iqtisadi güc münasibətlərində özünü göstərir. Bu yanaşmanın məqsədi Şərqi anlamaq deyil, onu nəzarət altına almaqdır. Bu gün həmin təhriflər yalnız akademik müzakirələrdə deyil, gündəlik həyatımızda da özünü göstərir. Biz Avropa, Cənubi Asiyada və dünyanın bir çox ölkələrində islamofobiyanın getdikcə gücləndiyinin şahidi oluruq. Bu, Edvard Saidin ifadə etdiyi kimi, “Orientalizm”in müasir təzahürüdür, yəni Şərqə qarşı təhrif olunmuş yanaşmaların davamıdır. İslamofobiya yalnız fərdi nifrət və ya qorxunu ifadə etmir, həm də geosiyasi təhdiddir. Bu fenomen beynəlxalq münasibətlərdə gərginliklərə, münaqişələrə, hətta terrora səbəb olur və gələcəkdə də davam edə bilər”.

F.Şəfiyev vurğulayıb ki, radikal dini qruplar İslam mövzusunu mənimsəməyə çalışaraq müsəlman dünyasında birliyə deyil, daha çox parçalanmalara səbəb olurlar:

“Bu səbəbdən Azərbaycan kimi dünyəvi ölkələrin anitmüsəlman siyasətlərə qarşı mübarizədə mühüm rol oynaya biləcəyini hesab edirəm. Biz radikal qrupların İslamofobiya mövzusunu monopoliyaya almasına imkan verməməliyik. Bu amillər də zaman-zaman islamofobiyanın baş qaldırmasına səbəb olan problemlərdir. Qeyd etmək istəyirəm ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə araşdırmalar aparmaq, eləcə də həmin tədqiqatların nəticələrinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə paylaşılması üçün imkanlar yaradır. Ən önəmli məsələ İslamı təhrif edən radikal hərəkatlara qarşı mübarizə aparmaqdır. Bu radikallar İslamı öz siyasi məqsədləri üçün istifadə etməklə, həm müsəlmanların reputasiyasına zərər vurur, həm də İslamofobiyanın genişlənməsinə səbəb olurlar”.

BMTM sədri sonda bildirib ki, islamofobiya təkcə bir dini və ya mədəni qrupun problemi deyil, bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir:

“Biz bu təhdidlə mübarizə aparmalı, dünyada sülhü və qarşılıqlı anlaşmanı təmin etməliyik”.

Oxşar xəbərlər

Fərid Şəfiyev: İslamofobiya geosiyasi təhdiddir
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
QMİ sədri: Erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir
Mərkəz sədri: Son illər Hindistanda müsəlmanların əleyhinə çıxışlar artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər