Bakıda 8-ci DİM Dialoqu təşkil olunub
Bakı şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının ilk günündə çoxsaylı maraqlı tərəflərin iştirakı ilə keçirilən yüksəksəviyyəli dialoqda dayanıqlı inkişafın innovativ maliyyələşdirilməsi yolları nəzərdən keçirilib.
Sizinxeber.az xəbər verir ki, sözügedən yüksəksəviyyəli tədbir İİB Qrupu, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının müştərək təşkilatçılığı ilə “8-ci DİM Dialoqu: dayanıqlı inkişaf naminə innovativ maliyyələşdirmə – yardım və ənənəvi rəsmi inkişaf yardımından (ODA) kənar perspektivlər” başlığı altında baş tutub.
Müzakirələrin əsas istiqamətləri İslam maliyyəsi, birbaşa xarici investisiyalar, qarışıq maliyyələşdirmə, kapital bazarı alətləri və rəqəmsal maliyyə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılmasına yönəlmiş innovativ maliyyələşdirməni stimullaşdıran siyasət və qabaqcıl təcrübələri əhatə edib.
Dialoq zamanı Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri Zati-aliləri cənab İsmayıl Nabe dayanıqlı inkişafın maliyyələşdirilməsi prosesində başlıca çağırışın kapital qıtlığı deyil, mövcud resursların geniş miqyasda səfərbər edilməsi, strukturlaşdırılması, risklərin azaldılması və dayanıqlı inkişaf hədəflərinə yönəldilməsi üzrə birgə bacarıqların formalaşdırılması olduğunu xüsusilə vurğulayıb. O, transformativ nəticələrə nail olmaq üçün nə dövlət maliyyəsinin, nə də özəl kapitalın təkbaşına yetərli olmadığını, onların sinerjili şəkildə istifadəsinin isə həlledici əhəmiyyət daşıdığını qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi Dr. Mahmud Mohieldin inkişafın maliyyələşdirilməsində insan ləyaqəti amilinin mərkəzi rolunu ön plana çəkib. O bildirib ki, yoxsulluqla mübarizənin kifayət qədər aparılmaması və ləyaqətli həyat tərzi üçün lazımi imkanların yaradılmaması yekun nəticədə dayanıqlı inkişafın fundamental qayəsinə zərbə vurur.
Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi səlahiyyətlərini icra edən Nasar Həyat öz çıxışında özəl kapitalın cəlb olunması, daxili resursların səfərbərliyinin gücləndirilməsi və innovativ maliyyə alətlərindən istifadə dairəsinin genişləndirilməsi vasitəsilə DİM-lərin maliyyələşdirilməsi kəsirinin bağlanması istiqamətində kollektiv səylərin vacibliyini diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, DİM Dialoqu Azərbaycanda həyata keçirilən milli səyləri daha əhatəli regional və qlobal müzakirələrlə əlaqələndirmək, o cümlədən bu mühüm məsələ ətrafında təcrübə mübadiləsini təşviq etmək üçün son dərəcə əlverişli fürsət yaradır.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov inkişaf prioritetlərinin reallaşdırılmasında dövlət-özəl tərəfdaşlığının artan rolunu xüsusilə vurğulayıb. O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı mexanizmləri infrastrukturun modernləşdirilməsinə, sənaye inkişafına, nəqliyyat əlaqəliliyinin gücləndirilməsinə, bərpa olunan enerji təşəbbüslərinə və iqtisadiyyatın şaxələndirilməsinə artan miqyasda dəstək verməklə yanaşı, əlavə investisiyaların səfərbər olunmasında, səmərəliliyin və innovasiyaların gücləndirilməsində, eləcə də uzunmüddətli dayanıqlı inkişafın təşviqində getdikcə daha mühüm rol oynayır.
Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Sektorunun Dayanıqlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov kapitalın prioritet sahələrə yönəldilməsində dayanıqlı maliyyə çərçivələrinin, xüsusilə də yaşıl taksonomiyaların strateji rolu barədə çıxış edib. O, bu cür çərçivələrin həm dövlət, həm də özəl sektor subyektlərinə dekarbonizasiya səylərini sürətləndirməyə imkan yaratdığını xüsusi diqqətə çatdırıb və tənzimləyici mexanizmlərin bərpa olunan enerji, enerji səmərəliliyi və digər dayanıqlı sektorlara yönəlmiş real investisiyalara çevrilməsi istiqamətində artan dinamikanı qeyd edib.
Tədbirdə həmçinin İslam İnkişaf Bankına (İİB) üzv dövlətlərin, beynəlxalq maliyyə institutlarının və inkişaf sahəsindəki aparıcı tərəflərin nümayəndələri, eləcə də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
İştirakçılar Rəsmi İnkişaf Yardımının (ODA) azalması, borc yüklərinin artması və qlobal miqyasda DİM-lərin maliyyələşdirilməsində yaranmış kəskin kəsir fonunda dayanıqlı investisiyaların geniş həcmdə səfərbər edilməsinin təxirəsalınmaz zərurətini vurğulayıb, eyni zamanda İİB Qrupuna üzv dövlətlər arasında regional inteqrasiyanın və Cənub-Cənub əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bəyan ediblər.
Sözügedən dialoq regional inteqrasiyanı və dayanıqlı inkişafı dəstəkləyən praktik maliyyə həllərinin irəli sürülməsində İİB Qrupunun strateji tərəfdaş rolunu daha da möhkəmləndirib.
Müzakirələr nəticəsində əldə olunan mühüm mülahizə və tövsiyələr üzv dövlətlər arasında bilik mübadiləsinin və tərəfdaşlığın davamlılığını təmin etmək məqsədilə hazırlanacaq siyasət xülasəsində öz əksini tapacaq.
Oxşar xəbərlər
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"
İslam İnkişaf Bankı innovativ maliyyələşmə üçün əsas prioritetləri açıqlayıb
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
"Technip" SOCAR ilə Azərbaycanda plastikdən bioyağ istehsalı üzrə "yaşıl layihə" hazırlayır
-
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
FBI Ağ Evə dron hücumunun qarşısını alıb
