Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"


Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir mövcuddur.

"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.

Onun sözlərinə görə, qlobal dayanıqlı inkişaf gündəliyində 2030-cu ilə yaxınlaşdıqca, beynəlxalq birlik ambisiya ilə icra arasında getdikcə dərinləşən bir uçurumla üz-üzə qalır: "Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin hesabatlarına əsasən, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təxminən 17 %-i hazırda plan üzrə irəliləyir, 83 %-i isə ya ləng inkişaf edir, ya da durğunluq və geriləmə mərhələsindədir. Eyni zamanda, qlobal inkişaf çağırışları daha da kəskin xarakter alır. İqlimlə bağlı fəlakətlərin tezliyi və iqtisadi təsirləri artır, biomüxtəlifliyin itirilməsi isə ciddi narahatlıq doğurur. Qlobal miqyasda növlərin təxminən 10–12 %-i təhlükə altında qalmaqda davam edir. İnfrastruktur çatışmazlıqları, ərzaq təhlükəsizliyi, su qıtlığı, enerji keçidi xərcləri və artan sosial bərabərsizlik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün ciddi təzyiq yaradır".

"Bu fonda, maliyyələşdirmə məsələsi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında mərkəzi rol qazanıb. Mövcud qiymətləndirmələrə görə, qlobal maliyyə kəsiri illik təxminən 4 trilyon ABŞ dollarına yaxınlaşır. Xüsusilə dayanıqlı infrastruktur, təmiz enerji, iqlimə uyğunlaşma, su sistemləri, rəqəmsal transformasiya və dayanıqlı şəhərsalma kimi sahələrdə ciddi maliyyə boşluqları qalmaqdadır. Eyni zamanda, ənənəvi rəsmi inkişaf yardımı məhdudlaşır, bir çox orta gəlirli ölkələr isə güzəştli maliyyə resurslarına çıxışda çətinliklərlə üzləşirlər. Bu dəyişən qlobal mühit dayanıqlı inkişafın maliyyələşdirilməsi yanaşmasında fundamental transformasiyanı zəruri edir", - deyə nazir müavini əlavə edib.

Onun sözlərinə görə, artan qlobal maliyyə təzyiqləri də DİM-lərin maliyyələşdirilməsini daha da çətinləşdirir: "Artan borc həssaslığı, geosiyasi parçalanmalar, inflyasiya təzyiqləri və daralan fiskal məkan bir çox ölkənin DİM-in maliyyələşdirilməsi imkanlarını getdikcə daha da məhdudlaşdırır. Yoxsulluq, bərabərsizlik, işsizlik və əsas xidmətlərə qeyri-bərabər çıxış kimi sosial çağırışlar bir çox DİM üzrə irəliləyişi ləngitməyə davam edir. Eyni zamanda, iqlimə uyğunlaşma xərcləri və dekarbonizasiya tələbləri qlobal miqyasda milli büdcə proseslərinə əlavə təzyiq yaradır. Bu şəraitdə qarışıq maliyyələşmə, yaşıl maliyyə, İslam maliyyəsi, rəqəmsal maliyyə, dayanıqlı kapital bazarı alətləri və dövlət–özəl tərəfdaşlıqları kimi innovativ maliyyə mexanizmləri getdikcə daha vacib vasitələrə çevrilir".

Oxşar xəbərlər

Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
OECD: Son 3 ildə DİM-in maliyyələşdirilməsində 25 % azalma müşahidə olunur
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
AMB: Maliyyə ekosistemində "yaşıl inkişaf" hədəfləri genişləndirilir
Şahin Mahmudzadə: "ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası bu il tamamlanacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər