Ağdamda 2-ci yaşayış kompleksində müasir məhəllə formalaşdırılıb - FOTO
sizinxeber.az xəbər saytı

Ağdamda 2-ci yaşayış kompleksində müasir məhəllə formalaşdırılıb - FOTO


Ağdam şəhərində 2-ci yaşayış kompleksində müasir məhəllə formalaşdırılıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Təranə Quliyeva APA-ya bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhərinin yenidən qurulması istiqamətində mühüm layihələr icra olunur.

Onun sözlərinə görə, Ağdam şəhəri ərazisində reallaşdırılan iri yaşayış layihələrindən biri olan 2-ci yaşayış kompleksinin 2-ci fazasının təməli 2023-cü ildə qoyulub, tikinti işləri isə 2025-ci ildə yekunlaşıb. 2025-ci il dekabrın 25-də Ağdam şəhərinə ilk köç baş tutub.

Kompleksdə yaşayış mənzillərinin ümumi sahəsi 96 202,34 kvadratmetr təşkil edir. Burada 60 yaşayış və 6 qeyri-yaşayış binası inşa olunub, 11 məhəlləni əhatə edən layihə çərçivəsində ümumilikdə 1268 mənzil tikilib. Mənzillər 1, 2, 3 və 4 otaqlı olmaqla müxtəlif sahələr üzrə layihələndirilib.

İlkin mərhələdə 103 ailə, 403 nəfər doğma yurduna geri qayıdıb. Hazırda isə Ağdam şəhərində 701 ailə, 2567 nəfər məskunlaşıb.

Ağdam rayonu üzrə isə indiyədək 1836 ailə, 7209 sakin məskunlaşıb.

Bu proses “Böyük Qayıdış” proqramının mərhələli şəkildə davam etdirildiyini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəkildə dönüşünün təmin olunduğunu göstərir.

Qeyd edilib ki, layihələr “Ağıllı şəhər” konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Məqsəd yalnız yaşayış binalarının tikintisi deyil, həm də müasir şəhər infrastrukturunun yaradılması, sosial xidmətlərin əlçatanlığının təmin olunmasıdır. Ərazidə məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati bina fəaliyyət göstərir.

Bununla yanaşı, yol infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilib. 2-ci yaşayış məhəlləsində daxili yolların ümumi uzunluğu 4,65 kilometr təşkil edir.

Ekoloji balansın qorunması və karbon emissiyasının azaldılması məqsədilə ərazidə geniş yaşıllıq zolaqları salınıb. Kompleks üzrə ümumi yaşıllıq sahəsi 3,3 hektarı əhatə edir.

Oxşar xəbərlər

Jurnalistlər Ağdamda tikilən yaşayış kompleksində olublar - FOTO
Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 2951 nəfər köçürüləcək
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
Ağdamda 2-ci yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilin sonuna kimi reallaşacaq - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər