Somali nümayəndəsi: Altı ayı quraqlıq olur, ilin qalan ayları isə daşqınlarla üz-üzəyik
sizinxeber.az xəbər saytı

Somali nümayəndəsi: Altı ayı quraqlıq olur, ilin qalan ayları isə daşqınlarla üz-üzəyik


"İlin altı ayı quraqlıq mövsümü olur, digər altı ayı isə daşqınlarla üz-üzə qalırıq".

APA xəbər verir ki, bunu Somalinin Nayrobidəki UN-Habitat və UNEP yanındakı Daimi Nümayəndəliyində səfirin baş məsləhətçisi Buşra Ahmed Abdi WUF13 çərçivəsində kütləvi və vətəndaş cəmiyyəti təşkilatlarının “İqlim böhranı qarşısında adekvat mənzil, torpaq və əsas xidmətlər üçün icma rəhbərliyi ilə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu, hər il təkrarlanır və yalnız Somalidə deyil, Keniyada və digər bölgələrdə də baş verir: “Buna görə də iqlimə uyğunlaşma və dayanıqlılıq yanaşmalarının nəzərə alınması bu ərazilər üçün çox böyük əhəmiyyət daşıyır. Digər mühüm məsələ isə yerli təşəbbüslərin və icma təşkilatlarının urban inkişaf prosesində rolunun tanınmasıdır. Bir çox şəhərlərdə icmalar artıq özləri yaşayış sahələrinin mərhələli şəkildə yaxşılaşdırılması, məskunlaşma ərazilərinin xəritələndirilməsi və əsas xidmətlərin təşkili istiqamətində fəaliyyət göstərirlər. Bu yanaşmalar çox vaxt daha dayanıqlı olur, çünki onlar mövcud sosial strukturlara və yerli prioritetlərə əsaslanır, onları əvəz etməyə çalışmır”.

O bildirib ki, icma xəritələndirməsi, yerli siyahıyaalma və mərhələli mülkiyyət yanaşmaları şəhərlərə daha effektiv planlaşdırma aparmağa və aşağı gəlirli icmalar üçün yaşayış təhlükəsizliyini artırmağa kömək edə bilər: “Bu yanaşmalar xüsusilə sürətlə böyüyən şəhər ərazilərində çox vacibdir.

Eyni zamanda, iqlimə uyğunlaşma maliyyəsinin yerli yaşayış infrastrukturu təşəbbüsləri ilə əlaqələndirilməsində böyük potensial var. Hazırda maliyyə sistemləri parçalanmış vəziyyətdədir. Ayrıca özəl fondlar, ayrıca mənzil fondları və müxtəlif dövlət maliyyə mexanizmləri mövcuddur. Bunların bir-biri ilə əlaqələndirilməsi və inteqrasiya olunmuş şəkildə işləməsi dövlət xidmətlərinin göstərilməsini daha da gücləndirə bilər”.

O hesab edir ki, yerli məlumat sistemlərinə və icmalar tərəfindən yaradılan informasiyalara daha çox investisiya qoyulmalıdır: “Bir çox Afrika şəhərlərində infrastruktur çatışmazlıqları, həssaslıq səviyyələri və yaşayış şəraiti barədə ən dəqiq məlumatlara məhz icmalar sahib olur.

Bu yerli bilik sistemlərinin gücləndirilməsi planlaşdırmanı, resursların düzgün istiqamətləndirilməsini və uzunmüddətli şəhər dayanıqlılığını yaxşılaşdıra bilər.

Başa düşürəm ki, bunlar bir qədər arzu kimi səslənir və xüsusilə hökumət strukturlarında həyata keçirilməsi çətin görünə bilər. Amma hər dəfə bir addım, bir təşkilat və bir sistem üzrə irəliləmək lazımdır”.

Oxşar xəbərlər

Somali nümayəndəsi: İlin altı ayı quraqlıq mövsümü olur, digər altı ayı isə daşqınlarla üz-üzə qalırıq
Buşra Ahmed Abdi: Afrikadakı quraqlıq, məcburi köçkünlük şəhərsalma sisteminə təsir göstərir
Aygün Əliyeva: Şəhərlər betonla deyil, ortaq məsuliyyətlə qurulur
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
UN-Habitat: Mənzil böhranının həlli üçün parlamentlərin rolu həlledicidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər