Pərviz Şahbazov: “Azərbaycan 2030-cu ilədək meqa layihələr həyata keçirəcək”
Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və "yaşıl elektrik enerjisi", "yaşıl qaz"ların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələrin icrasını hədəfləyir.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bir neçə saatdan sonra BP ilə "yaşıl enerji zonası" - Şərqi Zəngəzurda 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq: “Bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın karbonsuzlaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2 250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5 %-ə yüksəldəcək. Bu, yalnız 30 %-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir”.
P. Şahbazov bildirib ki, bu dövrdə əsas strateji hədəflərdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi"ni qurmaqdır: “Bu regional "yaşıl enerji dəhlizləri" bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin "yaşıl enerji"yə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq. Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək. İndi birlikdə addım atmağın və COP29-un qlobal enerji hədəflərini reallığa çevirməyin zamanıdır!”.
Oxşar xəbərlər
Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək
Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir"
Pərviz Şahbazov: "Qarabağ və Şərqi Zəngəzurda tələbatdan artıq elektrik enerjisi istehsal olunur"
Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək - EKSKLÜZİV
Pərviz Şahbazov: “BOEM üzrə layihələr emissiyaları illik 2,9 milyon tona qədər azalda bilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













