Nazir müavini: "Hədəf rayonlarda məhsuldarlığı 50 sentnerə çatdırmaq nəzərdə tutulur"
Hədəf rayonlarda məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur.
"Sizinxeber.az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, Proqramın ən mühüm istiqamətlərindən biri buğda və pambıq istehsalının artırılması, həmçinin məhsuldarlığın yüksəldilməsidir: "Bu sahədə yanaşma artıq daha hədəfli şəkildə formalaşdırılır. Rayonlar mövcud potensialına, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır".
Nazir müavini əlavə edib ki, buğda istehsalı üzrə 22 rayon, pambıq istehsalı üzrə isə 15 rayon hədəf rayon kimi müəyyənləşdirilib: "Həmin rayonlar ölkədə istehsal olunan taxılın və pambığın böyük hissəsini təmin edir. Eyni zamanda, bu ərazilərdə suvarılan sahələrin payı, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Mil-Muğan iqtisadi rayonuna daxil olan bütün rayonlar da bu 22 və 15 hədəf rayonun siyahısına daxildir. Hədəf rayonlarda buğda və pambıq üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə, dəmyə rayonlarında isə taxıl üzrə məhsuldarlığın 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra buğda üzrə məhsuldarlıq hədəfi hər hektardan 50 sentner müəyyən edilib. Bu hədəflərə nail olmaq üçün bir sıra əsas tədbirlərin həyata keçirilməsi planlaşdırılır. İlk növbədə, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. Eyni zamanda, kənd təsərrüfatı texnikası ilə təminat yaxşılaşdırılacaq və lazer hamarlama texnologiyalarının tətbiqi daha da genişləndiriləcək".
Onun sözlərinə görə, buğda istehsalında subsidiyalar və müasir aqrotexniki yanaşmalar gücləndiriləcək: "Buğda istehsalının inkişafı istiqamətində dövlət dəstəyi daha da gücləndiriləcək. Aqrotexniki qulluq işlərinə nəzarət artırılacaq, zəruri meliorativ tədbirlər həyata keçiriləcək və məhsuldarlığın yüksəldilməsi üçün kompleks yanaşma tətbiq olunacaq. Bu sahədə xüsusi əhəmiyyət daşıyan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Birillik əkinlərin istehsalı məqsədilə banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 %-i keçməyən hissəsinin dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulur. Bu mexanizm fermerlərin maliyyə yükünü azaltmağa, əkin işlərinin vaxtında həyata keçirilməsinə və istehsal dövriyyəsinə daha əlverişli maliyyə resurslarının cəlb edilməsinə xidmət edir".
"Digər mühüm dəstək aləti lazer hamarlama texnologiyasının tətbiqinin stimullaşdırılmasıdır. Lazer hamarlama aparılmış sahələrdə istehsal olunan buğdanın dəyirmanlara təhvil verilən hər tonuna görə həm fermerə, həm də dəyirman müəssisələrinə əlavə məhsul subsidiyasının verilməsi nəzərdə tutulur. Bu yanaşma fermerləri müasir texnologiyalardan istifadəyə təşviq etməklə yanaşı, istehsalçı ilə emal müəssisələri arasında əməkdaşlığın güclənməsinə də şərait yaradır. Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya mexanizmləri kifayət etmir. Keyfiyyətli toxum seçimi, torpaq analizlərinin aparılması, səpinin optimal müddətdə həyata keçirilməsi, gübrələmə normalarının torpağın faktiki tərkibinə uyğun müəyyənləşdirilməsi, suvarmanın vaxtında təşkili, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin operativ görülməsi yüksək məhsuldarlığın əsas şərtləridir", - deyə nazir müavini qeyd edib.
O, xatırladıb ki, 2030-cu ilə qədər müasir suvarma sahələri 300 min hektara çatdırılacaq: "Proqramda müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, sudan səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən olunub. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda ölkədə müasir suvarma sistemləri quraşdırılmış sahələrin həcmi 130 min hektar təşkil edir. 2030-cu ilədək bu göstəricinin 300 min hektara çatdırılması planlaşdırılır. Bunun 88,1 min hektarının 22 hədəf rayonda, 12 min hektarının isə 8 perspektiv rayonda yaradılması nəzərdə tutulur".
"Müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı dövlət dəstəyi mexanizmləri də konkret müəyyən edilib. Bu sistemlərin fermerlərə güzəştli şərtlərlə təqdim olunması, qalıq dəyərinin isə güzəştli kreditlər hesabına maliyyələşdirilməsi planlaşdırılır. Məqsəd fermerlərin ilkin maliyyə yükünü azaltmaq, güzəşt müddətlərini artırmaq və investisiya imkanlarını genişləndirməkdir. Bununla yanaşı, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələrinə görə fermerlərə əlavə subsidiya verilir. Hazırda bu dəstəyin məbləği hər hektara görə 60 manat təşkil edir. Sözügedən mexanizm fermerlərin daha qənaətli və səmərəli suvarma texnologiyalarına keçidini stimullaşdırır.
Müasir suvarma sistemlərinin tətbiqi üç əsas nəticə verir. Birincisi, su resurslarından daha səmərəli istifadə təmin olunur. İkincisi, kənd təsərrüfatı məhsullarının məhsuldarlığı artır. Üçüncüsü isə ümumi istehsal həcmi yüksəlir. Bu nəticələr həm fermerlərin gəlirlərinin artmasına, həm də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə birbaşa təsir göstərir. Mühüm istiqamətlərdən biri də kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılmasıdır. Məhsuldarlığın artırılması üçün müasir texnikanın mövcudluğu əsas şərtlərdən hesab olunur. Vaxtında səpinin aparılması, aqrotexniki qulluq işlərinin görülməsi və məhsulun itkisiz yığılması birbaşa texniki təminatdan və onun səmərəli idarə olunmasından asılıdır", - deyə İ.Qədimova vurğulayıb.
Oxşar xəbərlər
Seymur Səfərli: "Xaçmaz və Şabran buğda istehsalının inkişafı üzrə hədəf rayonlar siyahısına daxil edilib"
İlhamə Qədimova: Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil
Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"
Seymur Səfərli: "Aqrar sığortanın əhatə dairəsi artır"
İlhamə Qədimova: "Dövlət Proqramı dayanıqlı aqrar sektor formalaşdırmağı nəzərdə tutur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
