Şəki-Zaqatalada iki yeni su anbarı 44 min ha torpağın su təminatını yaxşılaşdıracaq
sizinxeber.az xəbər saytı

Şəki-Zaqatalada iki yeni su anbarı 44 min ha torpağın su təminatını yaxşılaşdıracaq


Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən Əlicançay və Yengicə su anbarı layihələri ümumilikdə 44 min hektara yaxın torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, regionun su təminatının köklü şəkildə yaxşılaşdırılması məqsədilə irimiqyaslı layihələrin icrasına başlanılıb.

Xəyyam Məmmədov bildirib ki, bu layihələrdən biri Əlicançay su anbarının tikintisidir. Su anbarının həcmi 108 milyon kubmetr təşkil edəcək. Layihə çərçivəsində uzunluğu 134 kilometr, saniyədə 12 kubmetr suötürmə qabiliyyətinə malik əsas kanal da inşa olunacaq.

"Layihənin həyata keçirilməsi nəticəsində Şəki və Qax rayonlarında ümumilikdə 34 min hektara yaxın torpaq sahəsi etibarlı suvarma suyu ilə təmin ediləcək", - deyə o qeyd edib.

Agentlik rəsmisinin sözlərinə görə, layihə çərçivəsində Şəki rayonunun 12, Oğuz rayonunun isə 16 yaşayış məntəqəsində yaşayan 49 mindən çox insanın dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı da yaxşılaşacaq.

Xəyyam Məmmədov əlavə edib ki, region üçün mühüm əhəmiyyət daşıyan digər layihə Qəbələ rayonunda inşa olunan Yengicə su anbarıdır. Layihə çərçivəsində 17,5 milyon kubmetr həcmində su anbarı və 24,5 kilometrlik əsas kanal tikilir.

Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra Qəbələ rayonunda 10 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq. Bunun 3 388 hektarı mövcud suvarılan sahələrin, 6 612 hektarı isə yeni suvarılan torpaqların payına düşəcək.

Xəyyam Məmmədov qeyd edib ki, layihə xüsusilə Yenikənd, Zalam, Kiçik Əmili, Böyük Əmili, Bilix və Məlikli kəndlərində aqrar istehsalın genişlənməsinə və yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına imkan verəcək.

Oxşar xəbərlər

ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Nazir müavini: Şəki-Zaqatalanın aqrar potensialının reallaşması üçün suvarma sistemi həlledici rol oynayır
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər