Nazir müavini: "İntensiv və super intensiv bağlar üzrə yeni inkişaf mərhələsi başlayır"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "İntensiv və super intensiv bağlar üzrə yeni inkişaf mərhələsi başlayır"


İntensiv və super intensiv bağlar üzrə yeni inkişaf mərhələsi başlayır.

"Report"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, Dövlət Proqramının mühüm istiqamətlərindən biri də intensiv bağçılığın genişləndirilməsidir: "İntensiv və super intensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən hesab olunur. Bu bağlarda bir hektardan daha yüksək məhsul əldə etmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini yüksəltmək və ixrac imkanlarını genişləndirmək mümkündür. 2030-cu ilədək intensiv bağların əhatə dairəsinin genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflər sırasındadır. Bu məqsədlə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu dəstək xüsusi əhəmiyyət daşıyır, çünki intensiv bağların salınması ilkin mərhələdə daha böyük maliyyə vəsaiti tələb edir".

İ. Qədimova bildirib ki, bununla yanaşı, intensiv və super intensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi də dəstəklənəcək: "Suvarma sistemlərinin düzgün qurulmaması bağların məhsuldarlığına və uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərə bilər. Buna görə də bağçılığın inkişafı ilə suvarma siyasətinin paralel həyata keçirilməsi vacibdir. Bağçılıqda aqrotexniki qulluq işləri üçün nəzərdə tutulan subsidiyanın bir hissəsinin avans qaydasında əvvəlcədən ödənilməsi də mühüm dəstək mexanizmlərindən biri olacaq. Çünki budama, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, suvarma və digər aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi məhsuldarlığa birbaşa təsir edir. Fermerlərin mövsümün əvvəlində maliyyə imkanlarına malik olması bu işlərin keyfiyyətli və vaxtında icrasına şərait yaradacaq".

Oxşar xəbərlər

İlhamə Qədimova: "Yeni Dövlət Proqramı" aqrar sektorda dönüş mərhələsidir"
Natiq Əmirov: "2030-cu ilə qədər aqrar sahədə dayanıqlı inkişaf təmin olunacaq"
İlhamə Qədimova: "Dövlət Proqramı dayanıqlı aqrar sektor formalaşdırmağı nəzərdə tutur"
İlhamə Qədimova: "2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
İlhamə Qədimova: "Dövlət Proqramı çərçivəsində kombayn parkı yenilənəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər