İlhamə Qədimova: "Dövlət Proqramı dayanıqlı aqrar sektor formalaşdırmağı nəzərdə tutur"
sizinxeber.az xəbər saytı

İlhamə Qədimova: "Dövlət Proqramı dayanıqlı aqrar sektor formalaşdırmağı nəzərdə tutur"


"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı dayanıqlı və yüksək dəyər yaradan aqrar sektorun formalaşdırılmasını nəzərdə tutur.

"Sizinxeber.az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramı çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

"Dövlət Proqramının əsas fəlsəfəsi aydındır - daha məhsuldar, daha dayanıqlı, daha rəqabətqabiliyyətli, daha yüksək əlavə dəyər yaradan aqrar sektorun formalaşdırılması. Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir. Burada məqsəd yalnız əkin sahələrinin genişləndirilməsi deyil, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə edilməsidir. Proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd ümumi yanaşma ilə kifayətlənmir, konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır", - deyə o qeyd edib.

İ.Qədimovanın sözlərinə görə, Dövlət Proqramında bir sıra fundamental istiqamətlər xüsusi olaraq müəyyənləşdirilib: "Bunlara intensiv bağçılığın genişləndirilməsi, buğda və pambıq üzrə məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, aqroparkların və istixana təsərrüfatlarının inkişafı, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, eləcə də intensiv heyvandarlıq təsərrüfatlarının sayının artırılması daxildir".

Nazir müavini əlavə edib ki, Dövlət Proqramı aqrar sahədə institusional islahatları və rəqəmsallaşmanı sürətləndirir: "Dövlət Proqramı yalnız istehsal istiqamətlərini deyil, eyni zamanda dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma proqramın əsas dayaqları sırasında yer alır. "Aqrar sahə haqqında", "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanun layihələrinin hazırlanması ilə sahəvi qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarının güzəştlə əldə olunması mexanizmlərinə dəyişikliklər edilməsi nəzərdə tutulur".

"Eyni zamanda, aqrar süni intellekt sisteminin genişləndirilməsi və EKTİS-in data yönümlü alt sistemlərinin inkişaf etdirilməsi aqrar sahənin daha çevik, səmərəli və məlumat əsaslı idarə olunmasına xidmət edəcək. Bu gün aqrar siyasət artıq yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Qərarlar məlumatlara, elektron sistemlərə, xəritələrə, peyk müşahidələrinə, torpaq və su balansına, eləcə də real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Buna görə də rəqəmsallaşma həm fermerlər, həm də dövlət üçün mühüm idarəetmə alətinə çevrilir", - deyə İ.Qədimova vurğulayıb.

Oxşar xəbərlər

Natiq Əmirov: "2030-cu ilə qədər aqrar sahədə dayanıqlı inkişaf təmin olunacaq"
Seymur Səfərli: "Məhsuldarlığın artırılması aqrar siyasətin əsas hədəfidir"
Prezidentin köməkçisi: "Aqrar sahədə yeni mərhələ yüksək məhsuldarlığa hesablanıb"
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər