Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"
sizinxeber.az xəbər saytı

Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"


Kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi və fermerlərin ehtimal olunan itkilərdən müdafiəsi baxımından aqrar sığorta mexanizmlərinin daha geniş tətbiqi vacibdir.

"Sizinxeber.az"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə fermerlərin suallarına cavab verərkən səsləndirdib.

Onun sözlərinə görə, kənd təsərrüfatı təbiət hadisələri və iqlim şəraitindən bilavasitə asılı olan bir sahədir və bu səbəbdən risklərin sığortalanması xüsusi əhəmiyyət daşıyır:

"Belə hesab etmək doğru deyil ki, istənilən təbii hadisə zamanı bütün zərərləri dövlət qarşılamalıdır. Bu sahədə müvafiq mexanizmlər fəaliyyət göstərir və fermerlər həmin mexanizmlərdən bəhrələnməlidirlər. Dövlət kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı dəstək tədbirləri görür, subsidiyalar ayırır, infrastruktur layihələri icra edir və fermerlərin fəaliyyət imkanlarının genişlənməsi üçün müvafiq şərait yaradır".

Bundan əlavə, Z. Nağdəliyev qeyd edib ki, fermerlər də öz təsərrüfatlarının dayanıqlığını möhkəmləndirmək məqsədilə aqrar sığorta alətlərindən istifadə etməli, risklərin idarə olunmasına məsuliyyətli yanaşmalıdırlar:

"Aqrar sığorta təbii fəlakətlər və digər gözlənilməz hallardan yaranan zərərlərin kompensasiya edilməsində mühüm rol oynayır və kənd təsərrüfatında davamlı inkişafın təmin olunmasına xidmət edir".

Oxşar xəbərlər

Azərbaycanda 169 min hektardan çox istifadəsiz torpaq yenidən əkin dövriyyəsinə cəlb edilib
Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
İcra başçısı: "Qubada aqrar məhsulları istehsalçılarına 27 milyon manatdan çox subsidiya verilib"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər